25 fevral 2023 21:12
603

Tbilisidə “Xocalı uşaqların gözü ilə” adlı sərgi təşkil olunub

Fevralın 25-də Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Mərkəzinin qalereyasında "Xocalı uşaqların gözü ilə” adlı rəsm sərgisi açılıb.

“İki sahil” xəbər verir ki, sərgi Azərbaycanın Gürcüstandakı səfirliyinin və M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşıb.

Qeyd edək ki, Azərbaycan səfirliyinin təşəbbüsü ilə Gürcüstanın Azərbaycandilli məktəblərinin şagirdləri arasında Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş rəsm müsabiqəsi keçirilib. Sərgidə müsabiqədə iştirak edən şagirdlərin əl işləri nümayiş etdirilib.

Səfir Faiq Quliyev açılış mərasimində bildirib ki, müsabiqədə paytaxt Tbilisi ilə yanaşı Marneuli, Qardabani, Bolnisi və Damnisi rayonlarının məktəblərinin şagirdləri iştirak ediblər. Məqsəd Xocalı soyqırımına uşaqların gözü ilə baxmaq, onların düşüncələrini öyrənməkdir. Sərgidə nümayiş etdirilən 100-ə yaxın əl işinə baxdıqda uşaqların da Xocalı faciəsini ürək ağrısı ilə yaşadıqları aydın görünür.

Səfir onlara yaradıcılıqda və təhsildə uğurlar, xoşbəxt gələcək arzulayıb.

Tanınmış rəssam, münsiflər heyətinin üzvü Əli İsayev çıxışında uşaqların yaradıcılıq potensialından danışıb, onların əməyini yüksək qiymətləndirib.

Marneuli rayonunun Böyük Muğanlı kənd məktəbinin direktoru Musa Yusifli müsabiqənin və sərginin təşkilinə görə səfirliyə və muzey rəhbərliyinə təşəkkür edib. Onun sözlərinə görə, bu cür tədbirlər uşaqlarda vətənpərvərlik hissinin artırılmasında, tariximizi öyrənməkdə mühüm rol oynayır.

Muzeyin direktoru, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Leyla Əliyeva da uşaqları təbrik edib, onlara yaradıcılıq uğurlar arzulayıb.

Böyük Muğanlı kənd məktəbinin 8-ci sinif şagirdi Zümrüd Quliyeva Xocalıya həsr etdiyi şeiri söyləyib.

Sonra sərginin açılışı olub və sərgidə iştirak edən uşaqlara sertifikatlar təqdim edilib.