26 fevral 2023 00:24
1623

Əbədi olaraq qan yaddaşımızda qalacaq tarixin ən acı və kədərli gecəsi

Xocalıda yaşananlar dünyanın üz qarasıdır 

Dəhşətli Xocalı gecəsini artıq üçüncü ildir Qalib Xalq olaraq qeyd edirik. Amma həmin gecə - 26 fevral 1992-ci il təqvimin və tarixin ən acı, ən kədərli gecəsi kimi əbədi olaraq qan yaddaşımızda qalacaq! Biz həmin gecəni, həmin gecənin insanlığa sığmayan yaralarını unuda bilmərik, unutmayacağıq və unutdurmayacağıq! Həmin gecə Azərbaycanda, gözəl Xocalıda yer üzünün üz qarası yaşandı, tarixin silinməz qara səhifəsi yazıldı. 

Ağrılı-acılı Xocalı faciəsindən 31 il ötür.  O gecə bütün yollar bağlandı və Xocalıda dünyanın görmədiyi vəhşiliklə insanlar qətlə yetirildilər. Bu soyqırımı XX əsrin ən dəhşətli faciələrindən biri kimi tarixə keçdi. Dinc, silahsız yüzlərlə xocalılı qadın, kişi, yaşlı, cavan, körpə uşaq həlak oldu. Minlərlə insan yaralandı, xəsarət aldı, şikəst oldu, əsir düşdü.
Mənfur ermənilər Xocalı soyqırımını törətməklə Azərbaycan xalqının gözünü qorxutmaq istəsələr də, buna nail ola bilmədilər. Bu faciə hər birimizi dərindən yaraladı, amma milli iradəmizi, azadlıq eşqimizi, işğalla barışmaz mövqeyimizi sarsıda bilmədi.
2020-ci il sentyabr ayının 27-dən başlayaraq 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu öz gücünü göstərdi. İşğal altında olan torpaqlarımız Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti, şanlı Azərbaycan Ordusunun rəşadəti sayəsində azadlığa qovuşdu. Azərbaycanın işğal olunmuş torpaqları, Qarabağımız böyük şücaətlə düşməndən azad edildi. Ordumuz Azərbaycanın zəfər tarixini xalqımızın yaddaşına qızıl hərflərlə yazdı.
44 günlük Vətən müharibəsindən sonra xalqımızın illərdir həllini həsrətlə gözlədiyi Qarabağ problemi, nəhayət, öz həllini tapdı və torpaqlarımız öz əzəli sahiblərinə qayıtdı.
Xocalıda soyqırımına məruz qalanların qisası döyüş meydanında alındı, günahsız soydaşlarımızın qanı yerdə qalmadı. Bununla da şəhidlərin yaxınlarının, eləcə də bütün Azərbaycan xalqının ürəyinə su səpildi. Vətənimizin mərd oğulları döyüş meydanında Xocalı cəlladlarını məhv etdilər, faşist xislətli ermənilərə heç zaman yadlarından çıxarmayacaqları dərs verdilər. Şəhidlərimizin uzun illər boyunca Xocalıda narahat gəzən ruhları artıq şaddır. Lakin Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin də dediyi kimi, biz heç nəyi unutmadıq və unutmayacağıq. Biz informasiya silahımızı heç bir zaman yerə qoymamalıyıq, həqiqətimizi var gücümüzlə hər bir dünya insanına çatdırmalı, ədalətimizi tələb etməliyik. Əslində, bu, tək Azərbaycan xalqının haqqı deyil, həm də sülhsevər bəşəriyyətin haqqıdır. Yer üzündə bir daha Xocalı soyqırımı kimi dəhşətli qətliamlar olmamalıdır. Vətəndaşlar, insanlar milli, dini mənsubiyyətinə, irqlərinə görə qətlə yetirilməməlidir. Məhz buna görə də dünyanın Xocalı soyqırımına qiymət verməsi, Xocalı soyqırımını törədənlərin cinayət məsuliyyətinə cəlb edilməsi lazımdır və vacibdir.
Ermənistan tərəfindən törədilmiş Xocalı soyqırımı insan hüquqları və beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulmasıdır.
XX əsr dünya tarixinin ən qəddar soyqırımı aktı olan Xocalı soyqırımı haqqında tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində bünövrəsini ümummilli lider Heydər Əliyevin qoyduğu siyasi kurs bu gün də uğurla davam etdirilir. Xocalı faciəsinin Azərbaycan xalqının qan yaddaşı olduğunu dəfələrlə bəyan etmiş ulu öndər Heydər Əliyev hadisələrə beynəlxalq aləmdə əsl siyasi qiymətin verilməsinin zəruriliyini vurğulayıb, bu məsələnin dünya ictimaiyyətinə çatdırılması üçün xüsusi səy göstərib. “Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu Türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi”,- deyən Prezident İlham Əliyevin birbaşa səyi nəticəsində bu gün dünyanın bir sıra dövlətləri Xocalı qətliamını əsl soyqırımı kimi tanıyır və qəbul edir. Xocalı soyqırımını indiyədək dünyanın 16 ölkəsi və ABŞ-ın 24 ştatı, İslam Əməkdaşlıq Təşkilatının 57 ölkəsi tam və ya parlament səviyyəsində qətliam kimi tanıyıb və pisləyib. Hazırda bu proses Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində davamlı olaraq addımlar atılır. Təbii ki, bu çətin bir prosesdir. Bunu qısa müddət ərzində bütün dünyaya yaymağın özü də çətin və mürəkkəb işdir.

Heydər Əliyev Fondu, şəxsən onun rəhbəri Mehriban xanım Əliyeva və Leyla xanım Əliyeva tərəfindən başladılan “Xocalıya ədalət!” beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası da bu siyasi kursun həyata keçirilməsində uzaqgörənliklə düşünülmüş uğurlu bir strategiyadır. “Xocalıya ədalət!” bu gün bəşəriyyəti terror nəticəsində zülm və işgəncələrdən əziyyət çəkən milyonlarla insanın taleyi uğrunda mübarizəyə çağıran mənəvi bir cəbhədir. “Xocalıya ədalət!” çağırışı beynəlxalq terrora qarşı mübarizədə humanizm dəyərləri üzərində köklənmiş güclü və yeni strateji modeldir. Faciənin mənəvi və siyasi-hüquqi tanınmasına yönəlmiş bu kampaniya dünyanın bir çox ölkələrində uğurla həyata keçirilir. Artıq Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatların qərarlarında, qətnamələrində əksini tapır. Bu gün “Xocalıya ədalət!” dünyanı gəzir, beynəlxalq kürsülərdən insanları haqsızlığa, zülmə və zülmkarlığa, terrorçuluğa qarşı mübarizəyə səsləyir. Məqsəd Xocalı faciəsinin əsl mahiyyətini, cinayətkarları və onların havadarlarını dünyaya bəyan etmək, ikili standart mövqeyində dayanmış ayrı-ayrı dövlətləri, bəzi beynəlxalq təşkilatları haqqın səsinə səs verməyə dəvət etməkdir. Həmçinin beynəlxalq qurumların bu faciə ilə əlaqədar və eləcə də insan hüquqları və azadlıqları haqqında qəbul edilmiş qərarlarına, müraciətlərinə hörmətlə yanaşmağa çağırmaq, həm beynəlxalq hüquq normaları çərçivəsində, həm də əxlaqlı, saf siyasi yanaşma yolu ilə Xocalı faciəsinə hüquqi və siyasi qiymət vermək istəyidir. Dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar, ümumbəşəri qanunlar Xocalı faciəsi kimi soyqırımları pisləyir, yolverilməz olduğunu bildirirlər. Heç bir cinayət, xüsusilə də insanlığa qarşı törədilmiş cinayət cəzasız qalmamalıdır və qalmayacaq. Əminik ki, Xocalıda dinc əhalinin qırğınına səbəb olmuş, bu əməllərin törədilməsində iştirak etmiş, eləcə də onlarla əlbir olan, onlara kömək və havadarlıq edənlərin hər biri fərdi qaydada ədalət məhkəməsinə çıxarılacaqlar. 

Jalə Əliyeva,
Millət vəkili