Tariximizin ən qanlı faciələrindən biri olan Xocalı soyqırımından 31 il ötür. Dəhşətli qətliamın ildönümü ilə bağlı fevralın 26-da Bakının Xətai rayonundakı Xocalı soyqırımı abidəsi ziyarət olunur. Səhər saatlarından başlayaraq minlərlə insan abidənin önünə gül düzərək faciə qurbanlarının xatirəsini yad edirlər.
“İki sahil” xəbər verir ki, onların arasında strateji əhəmiyyətli obyektlərin mühafizəsini həyata keçirən özəl mühafizə xidməti olan “Security Operation Services” (SOS) MMC-nin kollektivi də var. Xocalı soyqırımı abidəsini ziyarət edən "Security Operation Services” MMC-nin kollektivi faciə qurbanlarının əziz xatirəsini dərin ehtiramla yad ediblər. Bu faciəni heç vaxt unutmayacaqlarını söyləyən kollektiv erməni faşistlərini lənətləyərək, dəhşətli soyqırımını törədənlərin ədalət məhkəməsi qarşısında cavab verməsini tələb edirlər.
Qeyd edək ki, budəfəki anım mərasimində kədərlə yanaşı, qürur hissləri də yaşanır. Rəşadətli Ordumuz Qarabağı düşməndən azad edib, ölkəmizin ərazi bütövlüyü bərpa olunub, şəhidlərimizin, eləcə də Xocalı qətliamı qurbanlarının qanı yerdə qalmayıb.