Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və NAYORA-nın təşkilatçılığı ilə “Xocalı soyqırımı: gənclər və gənclər təşkilatlarının faciənin tanıdılmasında rolu” mövzusunda konfrans keçirilib.
“İki sahil” xəbər verir ki, konfransın təşkilində əsas məqsəd Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli və qəddarcasına törədilmiş Xocalı faciəsinin həqiqətlərinin, erməni zorakılıqlarının gənclər təşkilatlarının rəhbər və nümayəndələrinin diqqətinə çatdırmaq, həmçinin gənclərin və gənclər təşkilatlarının təbliğat fəaliyyətlərində rolunun daha da artırmaq olmuşdur. Konfrans öz işinə Xocalı qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra isə Xocalı həqiqətlərini qum sənəti ilə əks etdirən videoçarx nümayiş etdirilib.
Açılış nitqi ilə çıxış edən NAYORA-nın sədri Azər Əliyev soyqırımın dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında dövlətimiz tərəfindən aparılan məqsədyönlü işlərdən, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıtdıqdan sonra bu qanlı faciəyə ilk dəfə olaraq hüquqi-siyasi qiymətin verilməsi və 1994-cü ildə Ümummilli Liderin təşəbbüsü ilə Azərbaycan parlamentinin 26 fevralı “Xocalı soyqırımı günü” kimi qəbul etməsindən söz açıb. Çıxışda o da vurğulanıb ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlamış "Xocalıya ədalət" beynəlxalq kampaniyası bu istiqamətdə çox uğurlu iş aparır.
Konfransın davamında Milli Məclisin deputatları Musa Qasımlı və Ceyhun Məmmədovun iştirakı ilə müzakirə sessiyası keçirilib. Konfrans iştirakçılarının ünvanladıqları sualların cavablandırılması və qarşılıqlı fikir mübadilələri ilə sessiya yekunlaşıb.
70-dən çox gənclər təşkilatının rəhbər və nümayəndələrinin iştirak etdiyi konfransda Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar Azərbaycanın aparıcı gənclər təşkilatları adından dünya ictimaiyyətinə, nüfuzlu beynəlxalq təşkilatlara və tərəfdaş qurumlara bəyanat ünvanlanıb.
25 fevral tarixində Xocalı soyqırımı qurbanlarının ruhuna ehtiramını bildirmək, eyni zamanda Azərbaycan gəncliyinin birliyini, qətiyyətini nümayiş etdirmək məqsədi ilə NAYORA-ya üzv olan təşkilat nümayəndələrinin “Ana harayı” abidəsinə yürüşü baş tutub.