Fevralın 26-da Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə müsəlman din xadimləri və Azərbaycanda fəaliyyət göstərən pravoslav, katolik, yəhudi dini konfessiyalarının rəhbərləri XX əsrdə bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı faciənin 31-ci ildönümü ilə əlaqədar Xocalı soyqırımı abidəsini ziyarət ediblər.
“İki sahil” xəbər verir ki, dini konfessiya rəhbərləri faciə qurbanlarının xatirəsini ehtiramla yad edib, Bakının Xətai rayonunda ucaldılmış abidənin önünə güllər düzüblər.
Qeyd edək ki, Xocalı soyqırımından 31 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan edib. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirilib, 1275 dinc sakin əsir götürülüb, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.