26 fevral 2023 17:03
392

Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Fevralın 26-da Bakı vaxtı ilə saat 17:00-da Azərbaycanın bütün ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

“İki sahil” xəbər verir ki, həmin anda paytaxtın küçələrində nəqliyyat vasitələrinin hərəkəti dayandırıldı. Ölkəmizin şəhər və rayonlarında, kənd və qəsəbələrində, xaricdəki diplomatik nümayəndəliklərdə Azərbaycanın dövlət bayraqları endirildi.

Azərbaycan paytaxtının minlərlə sakini fevralın 26-da Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edərək şəhidlərin xatirəsini ehtiramla anıb, onun önünə əklillər qoyub, qərənfillər düzüblər. COVID-19 pandemiyası ilə əlaqədar karantin rejiminin tələbləri nəzərə alınmaqla respublikamızın şəhər və rayonlarında, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, idarə və təşkilatlarda, məscidlərdə, kilsələrdə, sinaqoqlarda və xarici ölkələrdə Xocalı soyqırımı qurbanlarının anım mərasimləri, aksiyalar, yürüşlər, fləşmoblar, mədəniyyət tədbirləri keçirilib.

Xocalılıların müvəqqəti məskunlaşdıqları şəhər və rayonlarda soyqırımı şahidləri, həlak olmuş şəxslərin ailə üzvləri ilə görüşlər təşkil edilib. Şuşa və Ağdam məscidlərində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb.