26 fevral 2023 20:20
443

Xocalı soyqırımının ildönümü Sofiyada anılıb

Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar bu soyqırımın qurbanlarını anmaq və həqiqətlər barədə Bolqarıstan ictimaiyyətini məlumatlandırmaq məqsədilə Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı səfirliyi tərəfindən bir sıra tədbirlər həyata keçirilib.

Səfirlikdən "İki sahil"ə verilən məlumata görə, Bolqarıstanın paytaxtı Sofiya şəhərinin mərkəzi məscidində Xocalı soyqırımı qurbanlarının xatirəsinə dualar oxunmuş, cümə namazı qılınıb, ehsan verilib. Bolqarıstan Baş Müftiliyi ilə birgə təşkil edilmiş tədbirdə Bolqarıstanın Baş Müsftisi oxuduğu Xocalı qətliamı kimi müsibətlərin təkrarlanmaması üçün insanların günah əməllərdən çəkinməsinin önəmini vurğulayıb.

Bununla yanaşı fevralın 26-də Xocalı soyqırımı ilə bağlı Bolqarıstan mətbuatında geniş məlumatlar yayılıb. Məlumatlarda bir vaxtlar çiçəklənən və 7000 nəfərlik əhaliyə malik Xocalı şəhərinin erməni işğalçılar tərəfindən bir gecədə qəddarlıqla məhv edildiyi, 613 nəfərin vəhşicəsinə qətlə yetirildiyi, 5379 nəfərin zorla didərgin salındığı, 1275 nəfərin əsir götürüldüyü barədə həqiqətlər bolqar oxucuların diqqətinə çatdırılıb. Etnik zəmində törədilmiş bu cinayətin Ermənistan tərəfindən həyata keçirilməsinin faktlarla sübuta yetirildiyi qeyd edilib.

Dünyanın 18 ölkəsi və bir sıra beynəlxalq təşkilatlar tərəfindən Xocalı soyqırımını kəskin şəkildə pisləyən qətnamə və bəyanatlar qəbul etdiyi, Avropa İnsan Hüquqları Məhkəməsinin 2010-cu il 22 aprel tarixli qərarında Xocalıya hücumda iştirak edənlərin davranışını müharibə cinayətləri və ya insanlıq əleyhinə cinayətlərə bərabər tutulan hərəkətlər kimi qiymətləndirdiyi qeyd edilib.

Fevral ayının 26-da Bolqarıstanda yaşayan soydaşlarımız və yerli ictimaiyyat nümayəndələri ilə səfirliyin inzibati binasında görüş keçirilib. Xocalı soyqırımı qurbanlarının xatirəsini anmaq məqsədilə keçirilmiş tədbirdə səfir Hüseyn Hüseynov çıxış edərək bu faciə, onun səbəb və acı nəticələri, eləcə də onun beynəlxalq səviyyədə tanıdılması məqsədilə aparılmış fəaliyyət barədə məlumat verib, bu xüsusda hər bir Azərbaycanlının fəal olmasının vacib olduğunu qeyd etmişdir. Tədbirdə daha sonra Heydər Əliyev Fodnunun dəstəyi ilə çəkilmiş “Xocalıya ədalət” filmi nümayiş etdirilmiş, Xocalı faciəsini əks etdirən şəkillərdən ibarət sərgiyə baxılıb.