“Bugün Xocalıya ədalət onu törədənlərin cəzalandırılmasıdır”.
“İki sahil” xəbər verir ki, bunu Rusiya Siyasi tədqiqatlar İnstitunun direktoru, tanınmış politoloq Sergey Markov Moskvada Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzində Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş tədbirdə deyib.
S.Markov əlavə edib: “Əminəm ki, Xocalıya ədalət, həm də Qarabağdan, Xocalıdan evlərindən qaçqın düşənlərin öz doğma yurdlarına qayıtması, Azərbaycanın bu ərazilərdə tam dövlət hakimiyyətini bərpa etməsidir. O ki qaldı, Xocalı faciəsinə hüquqi qiymətin verilməsinə, bu qiymət ilk növbədə Azərbaycan tərəfindən verilib. Bu, ən vacibidir. O ki qaldı beynəlxalq təşkilatlara, bilirsiz ki, dünyada erməni lobbisi çox güclüdür və onlar çox çalışırlar ki, bu faciəyə hüquqi qiymət verilməsin. Bizim ölkəmizdə də erməni diasporunun təsiri güclüdür. Hesab edirəm ki, Rusiya da bu faciəyə hüquqi qiymət verməlidir və bu, soyqırımı cinayəti kimi xarakterizə edilməlidir. Ona görə ki, Xocalıda baş verənlər əvvəlcədən hazırlanmış, çox yaxşı təşkil edilmiş cinayət, dinc əhalinin açıq-aydın siyasi məqsədlərlə kütləvi qətlə yetirilməsidir. Bütün bunlar soyqırımı cinayətinin elementləridir".