Haaqada Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
“İki sahil” xəbər verir ki, Hollandiya-Azərbaycan Türk Kültür dərnəyinin təşkilatçılığı və Azərbaycanın Niderlanddakı səfirliyinin dəstəyi ilə keçirilən tədbirdə Xocalı qurbanlarının xatirəsi yad edilib. Azərbaycan səfiri Rəhman Mustafayev, səfirliyin əməkdaşları, Türkiyənin bu ölkədəki səfiri Selçuk Ünal, Cənubi Hollandiya regionu üzrə Xristian Demokrat Çağırışı partiyasının şura üzvü Maykl Roksyer, bu ölkədə yaşayan Azərbaycan və türk icma üzvləri Xocalı abidəsini ziyarət ediblər.
Azərbaycan və Türkiyə səfirləri Xocalı abidəsi önünə əklillər qoyublar. Mərasim iştirakçıları erməni silahlıları tərəfindən mülki əhalinin amansızcasına qətlə yetirilməsindən söz açaraq, onun insanlığa qarşı cinayət olduğunu bildiriblər.
Anım mərasimi çıxışlarla davam edib. Hollandiya-Azərbaycan Türk Kültür dərnəyinin rəhbəri İlhan Aşkın Xocalı qətliamı haqqında danışıb.
Səfir Rəhman Mustafayev Xocalıya ədalət naminə bütün səylərin səfərbər olmasının vacibliyini vurğulayıb. O, soyqırımı törədənlərin ədalət məhkəməsi qarşısına çıxacağına əmin olduğunu söyləyib. Səfir Selçuk Ünal türk xalqının hər zaman Azərbaycanın yanında olduğunu, xalqımızın kədərini, sevincini bölüşdüklərini vurğulayıb.
Cənubi Hollandiya regionu üzrə Xristian Demokrat Çağırışı partiyasının şura üzvü Maykl Roksyer isə çıxışında Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilməsinin vacibliyini diqqətə çatdırıb.
Tədbirdə Xocalı şəhidlərinin ruhuna dualar oxunub.