KÖŞƏ

Vəli İlyasov

Adın nədir: Daşdəmir...

04 mart 2023 00:12
1426

Və yaxud dəlisov ermənilər necə ağıllandılar?

Nəhayət, Azərbaycan torpaqlarında otuz beş il gərgin davam edən mübarizə məntiqli sonluğuna çatmaqdadır. Qarabağı Azərbaycandan qoparmağa çalışan, bundan ötrü hər vasitəyə əl atan və bu yolda heç nədən çəkinməyən ermənilər axırda Müzəffər Azərbaycan Ordusunun qaşısında əllərinin arxasını yerə qoydular. Aldıqları "dərsdən" lazımi nəticə çıxaran haylar haqsız olduqlarını isə ən yüksək səviyyədə etiraf etməli olublar. Bu gecikmiş etiraf artıq erməni nəşrlərində də öz əksini tapmaqdadır.

"Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağın Azərbaycanın tərkibində gələcəyi ilə bağlı danışıqlar aparır."

Bu fikri martın 2-də müxalifətçi deputat, Ermənistan Respublika Partiyasının üzvü Hayk Mamikonyan deyib. Deputatın sözlərinə görə, bu barədə ona yüksək səviyyəli avropalı siyasətçi məlumat verib. “Onun adını açıqlamayacam. Bunu o, erməni deputatlarla görüşlərin birində düz mənim gözlərimin içinə baxaraq bildirdi. Həmin siyasətçi mənə Nikol Paşinyanın Dağlıq Qarabağın “öz müqəddəratını təyin etməsi” məsələsindən çoxdan vaz keçdiyini və danışıqlar prosesinin bütün məntiqinin Qarabağın Azərbaycanın tərkib hissəsi olması üzərində qurulduğunu söylədi”, - deyə müxalifətçi deputat bildirib.

Mamikonyanın sözlərinə görə, adını hələlik açıqlamadığı bu siyasətçinin proseslərə müəyyən təsiri var və kifayət qədər ciddi mübarizə yolu keçib: “Əgər kimsə mənim sözlərimi təkzib etməyə çalışsa, mən konkret adlar çəkməyə məcbur olacağam”.

Ermənistandakı revanşistlər və daşnaklar Hayk Mamikonyandan xeyli əvvəl baş nazir Paşinyanın hərəkətlərini aqressivliklə pisləyərək onu satqınlıqda, Qarabağın itirilməsində günahlandırırdılar. II Qarabağ müharibəsindəki biabırçı məğlubiyyəti heç cür qəbul edə bilməyən qisasçı əhval-ruhiyyəli həmin qüvvələr erməniləri revanşa çağırsalar da ancaq ağzı möhkəmcə əzilmiş toplum onların arxasınca getmədi. Çünki ağlı başında olanlar bilirdilər ki, ordusunun 30 faiz canlı qüvvəsini, zirehli texnikasının 85 faizini itirən Ermənistan Azərbaycan Ordusunun qarşısına çıxacaq gücdə deyil. 44 günlük müharibədə məğlub olmuş ölkənin başçısına yenidən etimad göstərilməsi onu sübut etdi ki, sadə ermənilər yeni müharibə istəmirlər. Ona görə də hətta məğlub olmuş komandan Nikol Paşinyana yenidən səs verdilər.

Paşinyan başa düşdü ki, gec də olsa haqq yoluna qayıtmaq lazımdır. Odur ki, əvvəllər özünə yaxın dairələrdə “Dağlıq Qarabağ Azərbaycana məxsusdur” fikrini sonralar uca səslə hər kəsə bildirdi. O, hər vəchlə araqarışdıran davakar qüvvələrə anlatmağa çalışdı ki, əgər üçüncü müharibə başlasa Ermənistan öz dövlətçiliyini də itirə bilər. Onda bütün ermənilər ata-babaları kimi dünyada sərgərdan yaşamalı olarlar. Necə ki, yüz illər boyu yaşayıblar. Ancaq görünür, XXI əsrdə bəzi ermənilər anlamağa başlayıblar ki, qonşunun torpağına göz dikmək olmaz, onlarla insan kimi davranmaq, normal münasibətlər saxlamaq lazımdır.

ABŞ-da Qlendeyl dairəsindəki mağazalardan birində bir qrup gənc Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəis müavini və Baş Qərargahın Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi, Hökumət Aparatının rəhbəri Araik Arutyunyana hücum ediblər. Onlar onu “satqın”, “soysuz”, "türk tulası" adlandıraraq təhqir ediblər. Bu, ona dəlalət edir ki, ABŞ-da qınına çəkilmiş diaspor üzvləri də revanşist əhval-ruhiyyədədirlər. Onlar erməni toplumunu öz sərsəm iddialarına qurban verməkdən hələ də əl çəkmək istəmirlər. Artıq erməni cəmiyyətində “yağın yağ, ayranın ayranlıq” olduğu əl içi kimi görünür. Ancaq zaman gələcək, onlar da ağıllanacaqlar. El məsəlində deyildiyi kimi, "Adın nədir: Daşdəmir, yumşalısan, yumşalı." Azərbaycan və Türkiyə ilə normal münasibətlər bərqərar olunandan sonra həmin dəlilik edənlər nə qədər ciddi səhvə yol verdiklərini anlayacaqlar. Ən azı, hazırda Türkiyədə qorxusuz, təpkisiz milyonlar qazanan ermənilər öz soydaşlarını ağıllandıracaqlar. Artıq Qarabağın sadə erməniləri ilə azərbaycanlıların görüşü, fikir mübadiləsi, gərginliyin aradan qaldırılması ilə bağlı addımların atılması çoxdan gözlənilən sülhə əlverişli şərait yaradır. Buna qarşı çıxanların çabalaması isə tamamilə mənasız və axmaqlıqdır.

Vəli İlyasov, "İki sahil"