![]() |
Əhməd Qurbanoğlu |
[email protected] |
Günün nəbzi
Artıq katolikosun subaylıq andını pozduğu günün eyş-işrəti irin-qan olub pilə-pilə burnundan gəlməkdədir
Belə görünür ki, Ermənistanın baş naziri Nikol Paşinyanın 7 iyun 2026-cı il parlament seçkilərinə düz bir il qalmış II Qareginə qarşı açdığı savaşla başlanan və artıq kulminasiya nöqtəsinə yaxınlaşmaqda olan hakimiyyət-kilsə qarşıdurması bütün ermənilərin katolikosunun kürəyinin yerə vurulması ilə nəticələnəcək. Bunu baş nazirin ötən cümə axşamı günü Ermənistan parlamentindəki ənənəvi çıxışı zamanı Erməni Apostol Kilsəsinin rəhbərinə qarşı irəli sürdüyü yeni, necə deyərlər, öldürücü ittihamlar bir daha sübut edir. Bu barədə bir az sonra....
Bəs bütün ermənilərin katolikosu II Qaregin kimdir və rəsmi İrəvan-Eçmiədzin münaqişəsinin kökləri haralara gedib çıxır? Əsl adı Ktriç Nersisyan olan II Qaregin bütün ermənilərin 132-ci katolikosudur. O, 1999-cu il oktyabr ayının 27-dən Erməni Apostol Kilsəsinə rəhbərlik edir. Gəlin, əvvəllcə onu xatırladaq ki, məhz 132-ci baş keşişin şeytan yuvası Üçkilsədəki (Eçmiədzin) “ali kürsü”də “oç elədiyi” və Ermənistanın çox da uzun olmayan dövlətçilik tarixinə ən qara səhifə kimi düşən həmin gündə, yəni 27 oktyabr 1999-cu il tarixində parlamentin hökumət üzvlərinin iştirakı ilə keçirilən növbəti iclası zamanı bir qrup silahlı şəxs zala soxularaq spiker Karen Dəmirçiyanı (o, Sovet dövründə Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olmuşdu), baş nazir Vazgen Sarkisyanı və daha 6 nəfəri - sədrin müavinləri Yuri Baxışyanı və Ruben Mirzoyanı, deputatlar Armenak Armenakyanı, Mikael Kotanyanı, Henrix Abrahamyanı və hökumət üzvü Leonard Petrosyanı güllələyərək qanlarına qəltan etmişdi. Bu dəhşətli olayda II Qareginin iştirakı olub-olmaması barədə hələlik qəti fikir söyləmək çətin olsa da onun qan üzərində kilsə rəhbərliyinə gəldiyini demək mümkündür.
Zənnimizcə, belə bir ehtimal irəli sürmək üçün təkcə II Qareginin Rus Pvoslav Kilsəsinin Moskva İlahiyyat Akademiyasının aspiranturasını bitirməsi, həmçinin din xadimi olan qardaşı, arxiyepiskop Ezrasın (Mkrtıç Nersisyan) hazırda Erməni Apostol Kilsəsinin Rusiya Yeparxiyasının rəhbəri olması bu ailənin o vaxtdan bu vaxta İrəvandakı məlum parlament qırğınında əlinin olması iddia edilən Rusiyanın xüsusi xidmət orqanlarına bağlılığı faktları kifayət edər. Məhz bu səbəbdən hakimiyyətə gəldiyi ilk günlərdən indiyədək Nkol Paşinyanın devrilməsi planının daim gündəmdə olduğu bir vaxtda II Qaregin və onun çevrəsindəkilərin baş nazir tərəfindən hədəf seçilməsi təbii sayıla bilər. Çünki Paşinyan üçün hakimiyyət Ermənistanın gələcəyindən daha çox özünün, ailəsinin terrordan xilas planıdır. Məhz bütün bu səbəblərdən dəfələrlə ölümlə hədələnən Nikol artıq bir ilə yaxındır ki, onun uzun müddət iqtidarda qalması yolunda əsas maneəyə çevrilmiş Erməni Apostol Kilsəsinin indiki rəhbərliyini, konkret II Qarageni Eçmiədzindən uzaqlaşdırmaq üçün hər bir adekvat və qeyri-adekvat addımlar atmaqla məşğuldur. Şübhəsiz, baş nazirin II Qaregenin subaylıq andını pozması iddiasını irəli sürməsi və bu faktı sübut etməyə hazır olması ilə başlanan savaşın zaman getdikcə daha da şiddətlənərək bu gün geriyə dönməz proses halına çatmasını şərtləndirən amilləri təkrarlamağa ehtiyac yoxdur. Zatən, hörmətli oxucularımız daim real faktlara və təkzibolunmaz dəlillərə söykənərək rəqibi baş keşişi küncə sıxışdıran Nikol Paşinyanın artıq məqsədinə yetişməyin bir addımlığında olduğunu yaxşı bilirilər.
Qayıdaq əsas məsələyə. Bir az da dəqiqləşdirməli olsaq, artıq Eçmiədizinlə vidalaşmaq ərəfəsində olan fırıldaqçı katolikosun ətrafında cərəyan edən son olaylara. Ondan başlayaq ki, baş nazir Nikol Paşinyan noyabrın 27-də Erməni Apostol Kilsəsinin bir qrup yepiskopunu qəbul edib. Bununla bağlı özünün “Facebook” səhifəsində video paylaşan Paşinyan yepiskoplarla söhbəti “vacib görüş” adlandırıb.
Baş nazir görüşdə iştirak edən yüksək vəzifəli din xadimlərinə müraciətində bildirib: “Bu gün açıq şəkildə ifadə etdiyiniz prinsipial mövqeyə görə sizə təşəkkür etmək istəyirəm. Düşünürəm ki, şəxsi nümayəndəniz vasitəsilə bəyanatınızda qaldırdığınız mövzu çox vacib ümumi gündəmə aiddir. Mən bu barədə uzun müddətdir düşünürəm və aşağıdakı nəticəyə gəlirəm: biz dəyərlərə əsaslanan dövlət və cəmiyyət haqqında çox danışırıq. Bu, bizim məqsədimiz və vəzifəmizdir. İstənilən dövlət hüquqi məntiqə və bu da öz növbəsində müəyyən bir dəyərlər sisteminə əsaslanır. Dəyərlər sistemi olmayan dövlət ola bilməz. Mənəvi dəyərlərin rolu, əslində, dövlətin dəyərlərə əsaslanan təbiətini əsasən müəyyən edir. Bu, dövlətimizin gələcək inkişafı və taleyi üçün böyük əhəmiyyət kəsb edən bir məsələdir, mövqeyin ifadəsidir. Mən sizin bəyanatınızla bu nöqteyi-nəzərdən tanış oldum və belə bir narahatlığın ifadəsini gördüm. Dəvəti qəbul etdiyiniz və belə bir söhbətə və müzakirəyə hazır olduğunuz üçün təşəkkür edirəm”.
Bu məsələdə diqqəti cəlb edən digər vacib məqam ondan ibarətdir ki, ki, elə həmin gün Paşinyanın ailəsinə məxsus media orqanı yepiskopların katolikosdan müqəddəs Eçmiədzin ana taxt-tacının dəftərxanasının rəhbəri, arxiyepiskop Arşak Xaçatryanın vəzifəsindən uzaqlaşdırmasını və onun səlahiyyətlərini dondurmasını tələb etdiyi bəyanat yayımlanıb. Paşinyan da məhz görüşdə xatırlatdığı bu bəyanatı nəzərdə tutur.
Nikol Paşinyan katolikosun vəzifədən getməsi ilə bağlı tələbini görüşdən sonra jurnalistlərə açıqlamasında bir daha təkrarlayıb: “Ktriç Nersisyanın islahat prosesində iştirak etmək üçün bütün imkanları tükətmişdir, o, sadəcə müqəddəs Eçmiədzinin ana taxtını azad etməlidir.” Bu məqamda kiçik bir haşiyə çıxıb qeyd edək ki, indiyədək baş keşişi bircə dəfə də olsun Qaregin adlandırmayan Nikol onu bütün ermənilərin katolikosu statusunun daşıyıcısı kimi deyil, “müqəddəs Eçmiədzinin ana taxtını” zəbt etmiş sıradan bir terrorçu kimi tanıyıb qiymətləndirir. “O, sadəcə müqəddəs Eçmiədzinin ana taxtını azad etməlidir” tələbi də məhz bu qiymətləndirmədən qaynaqlanır. Baş nazir jurnalistlərə açıqlamasında daha sonra deyib ki, Erməni Apostol Kilsəsinin istənilən davamçısı ana taxtın azad edilməsi prosesində iştirak edə bilər. “Biz mütləq islahat yolu ilə getməliyik, bu yol olmadan heç bir məsələ həll oluna bilməz. Mən hər kəsin bu yolu tutmaq istəyini alqışlayıram”. Paşinyan, həmçinin katolikosun dürüstlük yoxlamasından və ya etibarlılıq testindən keçməli olduğunu bəyan edib.
Bəs, baş nazir kilsədə islahatlar aparılmalı olduğunu deyəndə nələri nəzərdə tutur? Ermənistan mətbuatının yazdığına görə, Paşinyan bütün ermənilərin katolikosunu postundan uzaqlaşdırmaq üçün koordinasiya qrupu yaratmaq niyyətindədir. Artıq bəlli olub ki, qrupun ilk 10 üzvünü baş nazirin özü seçəcək. Meyarlara uyğun gələnlər isə bunlar olacaq: İsa Məsihə bütün varlığı ilə inananlar; həyatlarında ən azı bir dəfə Müqəddəs Kitabı əvvəldən-axıra qədər oxuyanlar; son 5 ildə ən azı bir dəfə oruc tutanlar, hər gün dua edənlər. N.Paşinyanın fikrincə, “ruhun gözləri” bu kriteriyalara cavab verib-vermədiyini anlamağa kömək etməlidir.
Baş nazirin noyabrın 27-də bir qrup yepiskopla görüşündən dərhal sonra cərəyan edən olaylar artıq bu “ialahat”ların həyata keçirilməsinin, yəni, II Qaregenin vəzifəsındən uzaqlaşdırılmasının qaçılmaz, daha dəqiq ifadə etməli olsaq, qarşısıalınmaz proses olduğunu sübut edir. Məsələ burasındadır ki, II Qareginin hələlik aparıcı sima olduğu Eçmiədzin ana taxtının noyabrın 28-nə təyin olunan və baş nazirin bir gün əvvəl bir qrup yepiskopla görüşünə cavab tədbiri kimi nəzərdə tutulan Ali Ruhani Şurasının iclası baş tutmayıb. Bununla bağlı kilsənin yaydığı bəyanatda bildirilib ki, arxiyepiskoplar Navasard Kçoyanın, Abram Mkrtçyanın, Vazgen Mirzoxanyanın, yepiskoplar Vrtanes Abramyanın və Gevork Saroyanın iştirak etməmələri səbəbindən iclası keçirmək mümkün olmayıb. Bəyanatda daha sonra deyilir: “Bununla belə, toplantıda iştirak edən üzvlər 27 noyabr tarixində 9 yepiskop tərəfindən imzalanmış bəyanata şəxsi qaydada münasibət bildiriblər. Qeyd olunub ki, həmin bəyanat arxiyepiskop Arşak Xaçatryanla bağlı yaradılmış komissiyanın fəaliyyətini tam şəkildə təhrif edir. Komissiya, əslində, heç bir iclas çağırmayıb və hətta arxiyepiskop Arşaka görüş imkanı da təqdim etməyib. Komissiya üzvlərinin bütün ermənilərin katolikosuna təqdim etdikləri rəy isə lazımi qaydada rəsmiləşdirilməyib”.
Belə-belə işlər. Göründüyü kimi, Nikol Paşinyanın bir an belə səngiməyən qətiyyətli həmlələri qarşısında müvazinətini itirib sürətlə dalana dirənməkdə olan katalikos (artıq onu eks-katolikos da adlandırmaq olar) II Qareginin Eçmiədzini tərk etməsi an məsələsidir. Onun 25 ildən çox müddətdə zəbt etdiyi katolikos kürsüsündən ayrıldıqdan sonrakı taleyinə gəlincə, çox güman ki, 74 illik həyatı və fəaliyyəti qara-qura işlərlə zəngin olan, ayağından başına qədər çirkaba batmış baş keşişin yaxın gələcəkdə lövbər salacağı yeni ünvan həbsxana olacaq. Bunu baş nazirin dekabrın 4-də Ermənistan parlamentində yazının əvvəlində qeyd etdiyimiz ənənəvi çıxışından aşağıdakı seçmələr bir daha sübut edir:
“Mənə, mənə tabe olan bir katolikos lazım deyil. Mənə “baş leytenant” rütbəli yad bir xüsusi xidmət orqanı əməkdaşına tabe olmayan katolikos lazımdır.
Siz kompromatlardan danışanda Ktriç Nersisyan və onun qardaşı-elə diri kompromatlardırlar. Ktriç Nersisyanın qardaşı KQB agentidir, bundan böyük kompromat istəyirsiniz?
Mən saatlarla və günlərlə Ktriç Nersisyanla danışmışam. Birlikdə ABŞ-a uçduq və 12 saat yan-yana oturduq. Və mən onu başa düşə bilmirdim: necə ola bilər ki, günlərlə, saatlarla bir ruhani ilə ünsiyyətdə olursan, amma o, bir dəfə də olsun mənəvi mövzuya toxunmur? Pul, beton, təkərlər, qazanc gətirən biznes mövzusu yox, mənəvi mövzu! Faciə də elə bundadır!
Sizə reallıq maraqlı deyil. Kilsənin kiçik bir üst təbəqəsi milyonerdir, amma keşişlərin əhəmiyyətli hissəsi səfalət həddində yaşayr. Sizə reallıq maraqlı deyil: guya “çörəkli yerlərə” tanışlıqla pastorlar təyin olunur, bəyənilməyənlər isə heç kimin getmədiyi uzaq yerlərə səfalət çəkməyə göndərilir.
Ktriç Nersisyan getməlidir, onun başqa seçimi yoxdur. Biz sarsıntısız yolla gedəcəyik, amma o, getməlidir. Hətta yad xüsusi xidmət orqanlarının baş leytenantları və general-polkovnikləri də ona kömək edə bilməyəcəklər!”
Bax, belə! Göründüyü kimi, aydın səmada ildırım çaxması effekti doğuran çıxışında “yad ölkə”, “yad xüsusi xidmət orqanı”, “baş leytenantlar”, “general-polkovniklər” və digər üstüörtülü ifadələrdən geninə-boluna istifadə edən Paşinyan heç bir ad çəkmir, dəqiq ünvan göstərmir. Amma ad çəkməsə də, dəqiq ünvan göstərməsə də baş nazirin Rusiyaya, onun xüsusi xidmət orqanlarına ehyam vurması gün kimi aydındır. Elə çıxışındakı “KQB agenti” ifadəsi buna əyani sübutdur. Bu gedişlə katolikosun revanş götürmək üçün nəzərdə tutduğu son addımı-10-12 dekabr tarixlərində erməni kilsəsi ilə bağlı yepiskopların iclasını keçirmək cəhdi çətin ki, baş tutsun. Əgər baş tutsa belə bunun heç bir nəticəsi olmayacaq. Çünki artıq baş keşişin posteçmiədzin dövrü üçün “fatihə”si verilib. Qalır bircə bu “fatihə”ni oxuyub katolikosu layiq olduğu ünvana göndərmək...