21 mart 2023 19:20
467

Son üç ildə Novruzu Zəfər ruhunda qeyd edirik

Müşfiq Məmmədli
Milli Məclisin deputatı

 

Ölkəmizdə yazın gəlişini simvolizə edən Novruz xüsusi təntənə ilə qeyd edilir. Tarixi qədim dövrlərə bağlı olan bu bayram son üç ildə isə daha yüksək şəkildə keçirilir. Torpaqlarımızın azad olunmasından sonra hər il ölkə rəhbəri cənab İlham Əliyev xalqa dədə-baba yurdumuzdan müraciət edir.

Ulu Öndər Heydər Əliyevin “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm.” istəyini reallaşdıran prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi. 

Dövlətimiz müstəqillik əldə etdikdən sonra öz milli mənəvi dəyərlərinə sahib çıxmaq və onu qorumaq üçün mühüm addımlar atmışdır. Bu yöndə Birinci  vitse-prezident Mehriban xanım Əliyevanın əməyi danılmazdır. Məhz onun böyük səyi nəticəsində Novruz bayramı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib.

Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun mədəniyyətlə, incəsənətlə bağlı layihələri Azərbaycanın mənəvi, tarixi, mədəni irsinin qorunması işində əvəzolunmaz rol oynamışdır. 2007-ci il Novruz bayramı ərəfəsində Mehriban xanımın təşəbbüsü ilə başlanan “Hərəyə bir ağac əkək” kampaniyası bu gün də davam etdirilir.