25 mart 2023 01:37
342

AVRO-2024: Azərbaycan millisi seçmə mərhələnin ilk oyununda məğlub olub

Futbol üzrə Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində ilk oyununu keçirib. 

“İki sahil” xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu kollektiv səfərdə Avstriyanın qonağı olub. 

Linz şəhərindəki “Raiffeisen Arena”da oynanılan qarşılaşma meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə bitib. 

Görüşdə hesab 28-ci dəqiqədə açılıb. Avstriya seçməsinin kapitanı Marsel Sabitzer fərqlənib. Bundan bir dəqiqə sonra Mixael Qreqoritş fərqi iki topa çatdırıb. İlk hissə bu hesabla başa çatıb. 

50-ci dəqiqədə kapitan Marsel Sabitzer özünün ikinci, komandasının üçüncü qoluna imza atıb. 64-cü dəqiqədə Emin Mahmudov fərqi azaltsa da, beş dəqiqə sonra Kristof Baumqartner 4-cü qolu Azərbaycan yığmasının qapısından keçirib. 

F qrupunun digər matçında Belçika səfərdə İsveçi üç cavabsız qolla üstələyib. Azərbaycan millisi martın 27-də İsveçin qonağı olacaq.