26 mart 2023 14:38
597

Azərbaycanlılara qarşı soyqırımına ilk siyasi və hüquqi qiyməti Ümummilli Lider verib –  Qubada konfrans

Ermənilərin 1918-ci ilin martında havadarlarının köməyi ilə azərbaycanlılara qarşı törətdikləri soyqırımının miqyası böyükdür. Sıralarında çox sayda erməni millətçilərinin cəmləşdiyi Bakı kommunası 1918-ci ilin martında “əks-inqilabçılara qarşı mübarizə” şüarı altında Bakı quberniyasında azərbaycanlıların tamamilə məhv edilməsi kimi cinayətkar plan həyata keçirməyə cəhd edib. Erməni quldur dəstələri təkcə Bakıda deyil, Şamaxıda, Qubada, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və digər yerlərdə dinc əhaliyə qarşı soyqırımı törədiblər. Beş ay ərzində 50 mindən çox azərbaycanlı erməni faşizminin qurbanı olub.

“İki sahil” xəbər verir ki, bu barədə Quba Soyqırımı Memorial Kompleksində təşkil olunan “Ulu Öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixli “Azərbaycanlıların soyqırımı haqqında” fərmanın tarixi əhəmiyyəti” adlı konfransda bildirilib.

Konfrans Quba Soyqırımı Memorial Kompleksi, Azərbaycan Pedaqoji Universitetinin Quba filialı, S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyası və Quba Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyinin birgə təşkilatçılığı ilə 2023-cü ilin “Heydər Əliyev Ili” və 1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş soyqırımının 105-ci ildönümü ilə əlaqədar keçirilib.

Tədbirdən əvvəl soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidə ziyarət edilib, iştirakçılar kompleksin muzey bölməsi ilə tanış olublar.

Konfransda Ümummilli Lider Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda mübarizədə şəhidlik zirvəsinə ucalan Vətən övladlarının və soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Quba Soyqırımı Memorial Kompleksinin direktoru, tarix üzrə fəlsəfə doktoru Rəxşəndə Bayramova Ulu Öndər Heydər Əliyevin Azərbaycanın inkişafında, ölkəmizlə bağlı tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında misilsiz xidmətlərindən söz açıb.

Bildirilib ki, 31 Mart soyqırımına siyasi və hüquqi qiymət ilk dəfə məhz xalqımızın Ümummilli Lideri, dahi şəxsiyyət, müdrik dövlət xadimi Heydər Əliyev tərəfindən verilib. Ulu Öndər 1998-ci il martın 26-da “Azərbaycanlıların soyqırımı haqqında” müvafiq Fərman imzalayıb, beləliklə, 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Bununla yanaşı, Prezident İlham Əliyev 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Sərəncam imzalayıb. Sərəncamdan irəli gələrək genişmiqyaslı tədbirlər keçirilib.

Tədbirdə Azərbaycan Pedaqoji Universitetinin Quba filialının direktoru Yusif Aliyev, S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının direktoru İlqar Orucov, Quba Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyinin direktoru Kamran Əliyev və arxeoloq Qəhrəman Ağayev tarixən erməni qəsbkarları tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımlar haqqında məruzələrlə çıxış ediblər.

Ümumilikdə otuza yaxın məruzənin dinlənildiyi konfransın sonunda iştirakçılara sertifikatlar təqdim olunub.