30 mart 2023 22:38
294

Azərbaycan əsgəri, addım-addım irəli!

NÖVBƏTİ DAYANACAĞIN YER XANIN KƏNDİ OLACAĞINA ƏMİNİK

2023-cü il martın 25-də Qarabağımızın başkəndi sayılan Xankəndiyə doğru daha böyük bir addım atmış olduq. Belə ki, Azərbaycan Silahlı Qüvvələri Laçın yolunun şimalındakı torpaq yollarından qeyri-qanuni fəaliyyətlər üçün istifadənin, eləcə də Ermənistan tərəfindən silah-sursat daşımaqla vəziyyətin gərginləşməsinin və potensial təxribatların törədilməsinin qarşısının alınması məqsədilə lokal zəruri nəzarət tədbirləri həyata keçirərək, Sarıbaba dağının 2,9 km şimal-şərq istiqamətində irəliləmiş, ən vacib yüksəklikdə müşahidə məntəqəsi yaratmışdır. Bir sözlə, müzəffər ordumuz Şuşadan enərək şimalda Kosalar, şərqdə Turşsuya qədər bütün alternativ yolları nəzarətə ala bildi. Məsələnin diqqəti cəlb edən tərəfi ötənilki “Fərrux” əməliyyatındakı kimi bu əməliyyatlarda da heç bir itki olmamasıdır. Torpaq yollar Ordumuz tərəfindən tam nəzarətə götürülüb. Hətta qarşı tərəfin də heç bir qanunsuz yaraqlısının belə qanı tökülməyib. Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyildiyi kimi, proses azsaylı qüvvə tərəfindən həyata keçirilib. Düşmən qazdığı səngərləri və açdığı yolları bir güllə belə atmağa cəsarət etmədən tərk edib.

Təbii ki, bu addım gözlənilən idi. Çünki ekofəallarımızın separatçı tör-töküntülərinin yerləşdiyi ərazilərdə törətdikləri ekoloji cinayətləri durdurmaq üçün Laçın-Xankəndi yolundakı dinc aksiyaya başlatdığı ilk gündən həmin yolla Hayastandan silah, eləcə də canlı qüvvələrin daşınmasının qarşısı alınmışdı. Mülki əhaliyə isə hansısa mal və məhsulların gətirilməsi, yaxud da onların gediş-gəlişi üçün heç bir qadağa yox idi. Amma Ermənistan “huylu huyundan vaz keçmədiyi” kimi “həyat yolu” adlandırdıqları Xankəndi-Xəlfəli-Turşsu yolu ilə Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasını intensivləşdirdi. Hətta son günlər bu marşrutdan şimalda keçən Xankəndi-Kosalar-Mirzələr-Turşsu yollarında ermənilər tərəfindən dəfələrlə qeyri-qanuni yol tikinti işlərinin aparılması müvafiq müşahidə vasitələri ilə qeydə alınmışdı.

Azərbaycan tərəfi Rusiya sülhməramlı qüvvələrinin komandanlığına real faktlarla, videosübutlarla çoxsaylı müraciətlər etsə də və bu xüsusda aparılmış müzakirələrə baxmayaraq, silah-sursat və digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması üçün bu günədək heç bir tədbir görülməmişdir.

Bununla yanaşı, 5 mart tarixində Xankəndi-Xəlfəli-Turşsu yolunda, habelə 20 mart tarixində Zəngilan rayonu istiqamətində Hayastan törətdiyi təxribatlar nəticəsində Azərbaycan hərbçilərinin şəhid olması və yaralanması Ermənistanın vəziyyəti qəsdən gərginləşdirmək niyyətini açıq nümayiş etdirirdi. Düşmən tərəfinin sözügedən hərbi təxribatlarının Ermənistan rəhbərliyinin, xüsusilə Ermənistan prezidenti, baş naziri və xarici işlər naziri tərəfindən Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı davam edən bəyanatları kimi son günlərdəki təcavüzkar ritorikası ilə müşayiət olunması bu ölkənin Azərbaycana qarşı ərazi iddialarından hələ də əl çəkmədiyini söyləməyə əsas verirdi. Ona görə də istər cənab Prezident İlham Əliyev, istərsə də Xarici İşlər və Müdafiə nazirlikləri məlum bəyanatları ilə həm Ermənistan rəhbərliyini, həm də beynəlxalq ictimaiyyəti xəbərdar edirdi ki, Azərbaycanın səbri tükənməz deyil və ölkəmizə, xalqımıza və ərazi bütövlüyümüzə real təhlükə yaradacaq istənilən təxribata sarsıdıcı cavab veriləcək. Bütün bunları görməzdən gəlməsi azmış kimi Rusiya sülhməramlı kontingentinin rəhbərliyi Azərbaycan Silahlı Qüvvələrinin bölməsinin Azərbaycan Prezidentinin, Ermənistanın Baş nazirinin və Rusiya Prezidentinin 10 noyabr tarixli Bəyanatının 1-ci bəndini pozaraq, Şuşa rayonu ərazisində qoşunların təmas xəttini keçərək şərti adlandırılan 2054,0 (Sarıbaba dağından 2,9 km şimal-şərq) hündürlüyü zəbt edərək postun mühəndis avadanlığı ilə hərəkətə başladığını əsas gətirərək əvvəlki mövqelərə qayıtmalarını tələb edir. Bu məqamda "oğru elə bağırdı, doğrunun bağrı yarıldı" məsəli necə də yerinə düşür. Öz suveren ərazimizdə kiminsə diktəsi ilə irəli getməmişiksə, kimlərinsə tələbi ilə geri çəkiləsi də deyilik. Bu məramı heç də sülh yaratmaq olmayanlardan soruşan lazımdır ki, iqtibas gətirdiyiniz sözügedən Bəyanatın 1-2 bəndi istisna olmaqla, qalan bəndlərin qeyd-şərtsiz yerinə yetirilməsi üçün üzərinizə götürdüyünüz hansı öhdəlikləri yerinə yetirdiniz? Sizin missiyanız 25 min erməni vətəndaşlarımızın yaşadığı ərazilərdə barışıq yaratmaqdırsa, 44 günlük Vətən müharibəsindən ötən 2,5 il müddətində niyə sülhə doğru bir addım atılmayıb? Görünən odur ki, sizin istəyiniz bu xalqlar arasında heç zaman sülh olmaması, sizlərin də bu ərazilərdə həmişəlik qalmağınız və Qafqaz xalqlarını da həmişə təhdid altında saxlamaqdır. Ancaq yanılırsınız. Çünki nə indiki Azərbaycan xalqı, nə də onun lideri ötən əsrin 90-cı illərin əvvəllərindəki kimi zəif deyil. Xalq, millət, toplum olaraq ən ali və ümummilli məqsədlərimizə doğru addım-addım irəliləyirik və nail oluruq. Bu xüsusda növbəti hədəfimiz Azərbaycanın suveren ərazilərində qeyri-qanuni fəaliyyətin birdəfəlik qarşısının alınması üçün Laçın yolunun son nöqtəsində Azərbaycanla Ermənistan arasında sərhəd-keçid və nəzarət məntəqəsinin yaradılması olacaq. Bunun da tezliklə baş verəcəyinə şübhəniz olmasın.

Onsuz da Ermənistan tərəfinin bütün təxribatçı addımları işğalçı dövlətin sülh prosesini məqsədyönlü şəkildə pozmaq niyyətini, eləcə də bölgədə sülh və sabitliyin təmin edilməsində maraqlı olmadığını açıq-aydın göstərir. Bu ölkədən müsbət bir şey gözləməyə dəyməz. Ona görə ki, bu saxta dövlətin, saxta millətin bütöv mahiyyəti, məzmunu terrorizm üzərində qurulub. Belə olmasaydı elə bu günlərdə futbol üzrə Avropa çempionatının seçmə mərhələsinin qrup oyunu çərçivəsində erməni azarkeşlər tərəfindən futbol meydançasında 1920-ci ildə Fətəli Xan Xoyski də daxil olmaqla 7 nəfər tanınmış türk diplomatı və dövlət xadimlərini arxadan vuraraq vəhşicəsinə qətlə yetirmiş ən qəddar terror təşkilatı olan “NEMESİS”in (Yunan Allahının adıdır və mənası yunanca "QİSAS" deməkdir) şüarlarını nümayiş etdirməzdilər. Ay bədbəxtlər, axı, döyüş meydanında olduğu kimi, yaşıl meydançada da məğlub olmaqdan niyə belə təəccüblənirsiniz? Məgər, uduzmaq sizin alın yazınız deyilmi? Bizim dinimizdə də yazıya pozu yoxdur.

Azərbaycanın Müzəffər Ordusu bu son əməliyyatla revanşist ermənilərə, separatçı qüvvələrə, onların xarici havadarlarına, bədnam qonşulara ciddi mesajlarını bir daha çatdırmış oldu: Qarabağın erməni sakinlərinin Azərbaycana inteqrasiya olunmaqdan başqa bir yolu yoxdur. Bunun üçün onların Azərbaycan rəhbərinin, ordusunun, xalqının yaratdığı yeni reallığı tam dərk etməsi lazımdır. Başa düşürük ki, 30 il müddətində separatçı rəhbərlərin uydurduğu yalanlara, “müstəqillik” nağıllarına özlərini o qədər inandırıblar ki, yuxudan ayılmaq istəmirlər. Amma yaddan çıxarırlar ki, bu prosesi nə qədər süni uzatmağa çalışacaqlarsa, daha çox zərər çəkən tərəf onlar olacaqlar. Çünki Qarabağ və Şərqi Zəngəzur iqtisadi regionlarında həyata keçirilən iri iqtisadi və infrastruktur layihələrindən faydalanmaq, özlərinə layiqli həyat qurmaq imkanları hələ də vardır. Əks təqdirdə rus kəşfiyyatının və cinayətkar separatçı rəhbərlərinin təsiri altında dinc yaşamağı qəti şəkildə rədd edəcəklərsə və bir ovuc toplum olaraq özlərinin heç bir halda Azərbaycanın tərkibində olmayacağını deyəcəklərsə, fərqi yoxdur, Laçın yolu və ya torpaq yolu ilə bir daha geri qayıtmamaq şərti ilə ərazini tərk etsinlər və əsgərimizə də əziyyət verməsinlər.

Buyurun, seçim etmək sizə, onu reallaşdırmaq bizə düşər.

Allah ordumuzu qorusun!!!

Əfsun Sucayev,
YAP İdarə Heyətinin üzvü,
elmlər doktoru