27 mart 2023 23:23
504

Ölkəmizdə  soyqırım qurbanları hər il yad edilir

31 mart Soyqırımı hadisəsindən artıq 105 il ötür. Bu  hadisə Azərbaycan xalqına qarşı törədilmiş və uzun illər boyu öz siyasi-hüquqi qiymətini almamış 31 mart soyqırımı tariximizin faciəli səhifələrindən biridir. 1918-ci il 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı soyqırımı törədiblər. Rəsmi mənbələrə əsasən, soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb.

Təcavüzkar ermənilər tərəfindən xalqımıza qarşı iki yüz ilə yaxın bir müddətdə soyqırım siyasəti həyata keçirilmiş və müxtəlif dövrlərdə, fərqli formalarda kütləvi qətllər törədilmişdir. Azərbaycanlılara qarşı yeridilən soyqırımı siyasətinin uzun tarixi olsa da, bu barədə əsl həqiqət ümummilli liderimiz Heydər Əliyevin qətiyyəti sayəsində ictimaiyyətə çatdırılmışdır. Soyqırımı yalnız ulu öndərimizin 1998-ci il 26 mart tarixli Fərmanından sonra öz hüquqi-siyasi qiymətini almışdır. O vaxtdan başlayaraq, 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində keçirilir, dünya ictimaiyyətinin diqqəti bu faciyəyə cəlb edilir.

Ölkəmiz yalnız tarixi ədalətin və həqiqətin bərpa olunmasını, dünyanın heç bir yerində belə faciəli hadisələrin təkrarlanmayacağına təminat verilməsini istəyir. Bunun əksinə, işğalçı Ermənistanda iqtisadi və mənəvi-siyasi tənəzzül getdikcə dərinləşir, sosial problemlər və demoqrafik vəziyyət gərginləşir. Ermənistan təcavüzkar siyasəti ilə özünü bütün regional iqtisadi-enerji və nəqliyyat-kommunikasiya layihələrindən təcrid etmişdir. Bu ölkədə baş verən siyasi böhran, antidemokratik proseslər onun rəhbərliyinin məhdud, təcavüzkar siyasətinin nəticəsidir, erməni xalqının geniş dairələrinin hakimiyyətə etimadsızlığının göstəricisidir.

Tarix heç zaman unudulmur. Erməni vəhşilikləri Azərbaycan tarixinin qanla yazılmış səhifəsi olsa da, güclü Azərbaycan yerləşdiyi bölgədə söz və nüfuz sahibi olmaqla bütün problemlərin öhdəsindən hər zaman uğurla gəlir. 31 mart soyqırımı insanlığa qarşı törədilmiş böyük cinayətlərdən biridir. Ölkəmizdə  soyqırım qurbanları hər il yad edilir. Biz bu tarixi heç vaxt unutmayacağıq!    

Tünzalə Əliyeva,
YAP Nizami rayon təşkilatının məsləhətçisi