28 mart 2023 09:54
413

31 Mart soyqırımına hüquqi qiymətin verilməsi Ulu Öndərin adı ilə bağlıdır

31 mart erməni vəhşiliyinin ən bariz nümunəsi 2007-ci ilin aprel ayının 1-də Quba şəhərində aşkarlanan kütləvi məzarlıqdır. Məzarlıqda təxminən, 400-dən artıq insan cəsədi aşkar edilib. Hesablamalara görə, onlardan 50-dən çoxu uşaqlar, 100-dən çoxu qadınlar, qalanları isə əsasən, yaşlı kişilərdir. Burada aşkar edilmiş insanların hamısının soyuq silah və küt alətlərlə insanlığa xas olmayan, xüsusi qəddarlıq üsulları ilə öldürüldüyü müəyyənləşib.

Əsrlər boyu azərbaycanlılara qarşı aparılmış soyqırımı və deportasiya siyasətini geniş təhlil edən tarixi sənəd əsasında martın 31-i hər il Azərbaycanlıların soyqırımı günü kimi qeyd olunur. Ulu Öndər tərəfindən atılmış bu addım hamımızı milli birliyə, gələcəyimiz naminə, keçmişimizi unutmamağa çağırır. Ümummilli lider Heydər Əliyevin bu siyasəti bu gün də ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 1918-ci ildə erməni silahlı dəstələri və bolşeviklərin birgə həyata keçirdikləri soyqırımın dəhşətləri açıqlanıb və genosid nəticəsində 50 minə yaxın azərbaycanlının həyatına son qoyulduğu haqqında məlumat verilib. Həmçinin 1918-ci ilin mart-aprel aylarında silahlı daşnak-bolşevik dəstələri tərəfindən Bakı şəhərində və Bakı quberniyasının digər şəhər və rayonlarında kütləvi qırğınlar törədildiyi, insanların məhz etnik mənsubiyyətinə və dininə görə öldürüldüyü bildirilib. Bu qətliam zamanı erməni millətçiləri heç kimə rəhm etməyiblər.

Qarşılarına çıxan hər kəsi türk deyə dərhal qətlə yetiriblər. Ermənilər azərbaycanlılara məxsus məktəbləri, kitabxanaları, mədəniyyət ocaqlarının da hamısını yandırıblar. Azərbaycan xalqı çox faciəli bir tarix yaşayıb. Ulu öndər Heydər Əliyevin xüsusi diqqəti sayəsində tarixi həqiqətləri özündə əks etdirməyən bütün sənədləri ortadan qaldırdıq. Ulu öndərin imzaladığı Fərmanla 31 mart tarixi hər il Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir. Bu baxımdan deyə bilərik ki, soyqırım həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, ona hüquqi-siyasi qiymətin verilməsi Ümumilli Liderin adı ilə bağlıdır.

Sübhan Ərəbi,
YAP-ın gənc fəalı