KÖŞƏ

Vəli İlyasov

Bunun hansı qanunidir ki?!

28 mart 2023 23:58
1601

Azərbaycan İkinci Qarabağ müharibəsində qalib gəldikdən sonra Rusiyanın vasitəçiliyi ilə üçtərəfli Bəyanat qəbul edildi. Həmin sənəddə Ermənistan öhdəlik götürdü ki, qısa müddətdə öz işğalçı qoşunlarını Qarabağdan çıxaracaq. Bundan başqa digər öhdəliklər də götürmüşdü. Ancaq üçüncü ildir ki, Ermənistan işğalçı dəstələrini hələ də Qarabağ ərazisində saxlamaqdadır. Üstəlik gizli yollarla həmin terrorçuları silahlandırmaqda davam edir. Yenə də Qarabağda atəş səsləri eşidilir, ermənilər fürsət tapanda məhəlli döyüşlərə rəvac verirlər. Rusiyanın sülhməramlı kontingenti bütün bunların qarşısının alınması üçün ərazimizdə fəaliyyət göstərir. Ancaq necə? Bu suala nikbin cavab vermək olmaz.

“Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində fəaliyyət göstərən qeyri-qanuni erməni silahlı birləşmələri qanunsuz və cinayətkar fəaliyyətlərini davam etdirirlər.”

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Ancaq rəsmi məlumatda yalnız erməni təxribatçılarını qeyri-qanuni adlandırırlar. Niyəsi başadüşüləndir. Əslində qeyri-qanuniləri qoruyan, yol göstərən, şərait yaradan adını sühməramlı qoyanlardır. Biri ilana, o biri ilana ağu verənə oxşayan bu əlisilahlıların hər ikisi sanki öz dədə-babalarının  torpağındaymış kimi Azərbaycan torpağında at oynadırlar. BMT-dən sülhməramlı statusu almamış Rusiya hərbçilərinin heç olmasa neytral mövqe tutmaq əvəzinə işğalçılara dəstək verdikləri barədə kifayət qədər faktlar və dəlillər var. 2021-ci ildə Ermənistanda istehsal edilən minaların və digər partlayıcı vasitələrin Azərbaycan ərazilərinə daşınması kimin gözləri qarşısında baş verir? Qarabağda həyasızcasına qalmaqda davam edən terrorçu dəstələr kimin gözətçiliyi və "nəzarəti" ilə səngərlər qazır, muhəndis-istehkam işləri aparırlar? Ermənistandan içərisində nə daşındığı bilinməyən avtomobil karvanlarını kim müşahidə və müşayiət edir? Əlbəttə, Rusiya sülhməramlıları! Elə isə onlar vəzifələrini nə üçün yerinə yetirmədikləri sualına da cavab verməlidirlər. Yoxsa buraya başmaq seyrinə çıxmağa gəlməyiblər ki!

Müdafiə Nazirliyinin məlumatında daha sonra deyilir: "Qeyri-qanuni erməni silahlı birləşmələrinin döyüş mövqelərinə hərbi daşımaların həyata keçirilməsi məqsədilə mühəndis və xüsusi texnikanın cəlb edilməsilə Xankəndi-Xəlfəli-Turşsu yolundan şimalda keçən yeni Xankəndi-Kosalar-Mirzələr-Turşsu yolunun çəkilməsi müəyyən edilib."

Ermənistan tərəfinin Azərbaycanın Qarabağ iqtisadi rayonunda qanunsuz fəaliyyətlər həyata keçirməklə üçtərəfli Bəyanatın müddəalarını kobud şəkildə pozması, eləcə də sülhməramlı kontingentin üzərinə düşən vəzifə borcunu yerinə yetirməməsi bölgədə gərginliyin artmasına zəmin yaradır. Xəbərdarlıqlara və narazılıqlara baxmayaraq bu kontingent yenə də bildiyini edir. Ancaq Azərbaycan Ordusunun bölmələri öz torpağında qayda-qanun yaratmaqda, sabitliyin bərqərar olunmasında israrlıdır. Ona görə də ordumuzun öz topağımızda hər hansı hərəkəti kimlərisə narahat etməməlidir. Biz ki, başqasının torpağında deyilik. Otuz beş illik gərginlikdən, bu illər ərzində düçar olduğumuz müsibətlərdən, faciələrdən cana doymuşuq və bunlara birdəfəlik son qoymaq istəyirik. Bəyəm bunun kimsəyə bir zərəri və ya maneçiliyi varmı? Qətiyyən yoxdur.

 Ancaq ermənilərin bu kimi təxribatları və qanunsuz fəaliyyətləri  bu ərazidə normal həyatın bərpa olunmasına əngəl yaradır. Bölmələrimiz işğalçı ünsürlərə hər vaxt öz yerini göstərir və baş verə biləcək tələfatlara görə bütün məsuliyyət rəsmi İrəvanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Başqalarının əlində oyuncağa çevrilib sülhdən imtina etmək məğlub dövləti sonuncu uçuruma aparır. Ermənistan öz tör-töküntülərini ərazimizdən nə qədər tez çıxararsa, bölgəyə sülh də bir o qədər tez gələr və ordusu, iqtisadiyyatı darmadağın edilmiş ölkə dirçələr.