29 mart 2023 00:26
581

Sirli və qəribə göllər

Planetimizdə hələ də bilmədiyimiz bir çox inanılmaz yerlər mövcuddur. Belə  yerlər insanlara sirli olmaqla yanaşı, qəribə  gələ bilər. Bu yazıda  nəfəs kəsən mənzərələri, rənglərin parlaqlığı və maraqlı  formaları ilə  şeçilən göllərdən bəhs edəcəyik.

“Meduza gölü” (Palau arxipelaqı)

Bu gölün uzunluğu 460 m, eni 160 m təşkil edir. Dərinliyi isə 50 metrdir. Göl 12 min il öncə yer səthinin hərəkəti nəticəsində formalaşmışdır.

Göldə iki növ meduza vardır — qızılı (Mastigias papua) və ay (Aurelia).

Bu göldə yaşayan meduzaların sayı təxminən 2 milyona çatmışdır. İllər boyu “Meduza gölü” turistləri özünə cəlb etməyi davam edir. Ümumiyyətlə,  Eyl-Malk adasında onlarla kiçik göl vardır və onların hamısında meduzalar yaşamaqdadır.

Çəhrayı göl (Avstraliya)

Avstraliyanın Reşerş arxipelaqında yerləşən Hiller gölü özünün qeyri-adi rəngi ilə diqqəti cəlb edir. Belə ki,1802-ci ildə kəşf olunan Çəhrayi rəngli gölün uzunluğu 600 metr, eni isə 200 metrdir. XX əsrin əvvəllərində bu göldən duz çıxarılmağa başlanılmış və bu proses 6 il davam etmişdir. Bu gölün qeyri-adi rənginin səbəbi isə burada göldə bitən mikroyosunların duzlu suya buraxdığı qırmızı maddənin nəticəsində əmələ gəlməsidir. Digər bir versiyaya görə isə gölün orada yaşayan xüsusi mikroorqanizmlərdir.  Lakin 1950-ci ildə aparılan bir sıra araşdırmalar nəticəsində bu iddialar öz təsdiqini tapmadı və  sonraralar aparılan tədqiqatlar da nəticəsiz qaldı. Hələ indiyə kimi gölün bu cür rəngə boyanmasının səbəbi sirr olaraq qalır.

Boş göl (Rusiya)

Ən qeyri-adi göllərdən birinin də sirri hələ  açılmamış Boş göl  Altayda yerləşir. Məsələ burasındadır ki, bu göldə nə ot  var, nə də balıq. Bütün bunlar baxmayaraq ki, bu ərazidə  çox olan digər çaylar Boş Gölə axır. Tədqiqatçılar dəfələrlə Boş gölə  balıq buraxıb, müxtəlif  bitki növlərini burada yetişdirmək istəsələr də, lakin bir neçə gündən sonra həmin  bitkilər çürüyüb,  balıqlar isə ölüblər. Sudan bir neçə dəfə nümunə götürən kimyaçılar hər dəfə onun istifadəyə yararlı olması  və zəhərli maddələrin olmaması barədə nəticə çıxarsalar da  lakin buna baxmayaraq  bir sıra ekspertlər   Boş Gölünün sirrini hələ də aça bilməyiblər.

Ləkəli göl (Kanada)

Ləkəli Gölü "Kanadanın ən sehrli yeri" adlandırırlar.

Ləkəli göl yaxud “Kliluk” adlanan göl Kanadanın qərbindəki Britaniya Kolumbiyası əyalətində, ABŞ ilə sərhəd olan Osoyoos qəsəbəsi yaxınlığında yerləşən bənzərsiz bir su anbarıdır. «Kliluk» adı gölə yerli Okanagan hinduları tərəfindən verilib.

Ləkəli göl tərkibindəki mineral maddələrin çoxluğuna görə dünyada birinci yeri tutur. Göldə rast gəlinən minerallar sırasına maqnezium, natrium, kalsium sulfatı daxil etmək olar. Bundan əlavə, gölün tərkibində gümüş və qızıl birləşmələrinə də rast gəlmək mümkündür.

Qış və yaz fəsillərində göl digər su hövzələri kimi görünür. Yay aylarında isə gölün əsas hissəsi buxarlanır. Gölün səthində 365 kiçik su hövzələri yaranır. Həmin su hövzələrinin tərkibi bütünlüklə mineral maddələrdən ibarət olur. Bunun nəticəsində də gölün səthində ləkələr yaranır. Ləkələrin rəngi isə həmin mineral maddələrin tərkibindən asılıdır. Gölün səthində duzlar bərkiyir və təbii cığırlar əmələ gətirməyə başlayır ki, həmin cığırların üzərindən də asanlıqla hərəkət etmək mümkün olur.

Birinci Dünya Müharibəsi dövründə göldən çıxan minerallar sursat istehsalında istifadə edilirdi.

Ekoloji cəhətdən həssas ərazinin ətrafına çəpər çəkildiyinə görə,gölə baxmaq istəyən turistlər ona çox yaxınlaşa bilmirlər.

Qeyd edək ki, Ləkəli gölün suyu içməli deyil və üzmək olmur. Göldə, həmçinin balıq və amfibiya yoxdur, yalnız bir neçə spesifik mikroorqanizmlər yaşayır.

Natron gölü (Tanzaniya)

Tanzaniyada Natron Gölü hər kəsi heyrətə salır. Belə ki, vəhşi təbiətinə və canlıların duzdan heykəllərə çevirilməsinə görə tanınır. Şimali Tanzaniyada olan Natron gölü, Şərqi Afrikanın Böyük Rift Vadisinin cənubuna qırıq bir bilərzik kimi düzülmüş bir neçə soda gölündən biridir. Göl "Natron" adını, «Təbii natrium karbonat, soda və ya natrium hidroksid» tərkibindən alıb.
Sıx miqdarda duz ehtiva etdiyi üçün zaman- zaman suyun istiliyi 60° C-ə qədər ola bilir. Bu göldə sadəcə flaminqolar, yosun və alcolapia acalica, alkaline tilapia kimi balıq növləri yaşaya bilir.

Şöhrət Gölü (ABŞ-da Yellovstone Milli Parkı)

ABŞ-da, Yellovstone Milli Parkında məşhur Şöhrət Gölü. Bu kiçik qaynar göl təxminən 2200 metr dərinliyə malikdir, əlavə olaraq rəngini tünd bənövşəyidən solğun firuzəyə dəyişir, bəzən yaşıl olur. Bəzən sakit olan bu göl, bəzən qeyzer kimi qaynayır və ya hətta partlayır. Adətən belə partlayışlar gölün yaxınlığında yerləşən seysmik aktiv olan nöqtələr ilə bağlıdır. Şöhrət gölünün suyunun yüksək temperaturu müxtəlif bakteriyaların çoxalması üçün əlverişlidir. Təəssüf ki, bir çox turistin gölə pul atmaq vərdişi, gölü qızdıran mənbənin tıxanmasına və gölün temperaturunun 100 dərəcədən, təxminən 50-65 dərəcəyə enməsinə səbəb olub. Buna baxmayaraq, göldəki su çox təmiz və şəffaf olaraq qalır.

Samirə Tağıyeva, “İki sahil”