29 mart 2023 22:58
841

MƏN HEYDƏR ƏLİYEV MƏKTƏBİNDƏ NECƏ DƏRS ALDIM

Jurnalist Aslan Aslanov 45 ildən çox Azərbaycanın müxtəlif mətbuat orqanlarında çalışıb. Ömrünün 30 ili Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə bağlı olub. Əvvəlcə agentlikdə müxbir, baş redaktor, 1997-2002-ci illərdə baş direktorun birinci müavini, 2002-2022-ci illərdə baş direktor, İdarə Heyətinin sədri işləyib.  Ulu öndər Heydər Əliyevin 1993-çü il iyunun 9-da xalqın təkidli tələbi ilə Bakıya gələrək iyunun 11-də AMEA-nın Rəyasət Heyətinin binasında xarici ölkələrin səfirləri ilə ilk görüşündən başlayaraq, 2003-cü ilədək keçirdiyi görüşlərin, qəbulların, iclasların və digər tədbirlərin, eləcə də xarici ölkələrə səfərlərinin tam əksəriyyətində AZƏRTAC-ın əməkdaşı kimi iştirak edib. 1995-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Hazırda təqaüddə olan Aslan Aslanovun Ulu Öndərin 100 illiyi münasibətilə yazdıgı “Mən Heydər Əliyev məktəbində necə dərs aldım” sərlövhəli xatirələrini oxuculara təqdim edirik. 

Azərbaycan rəhbəri Fransanın işgüzar dairələrinin nümayəndələrinin dəvətini qəbul edərək fransalı iş adamları ilə görüşdü. Fransa Milli Sahibkarlar        Mərkəzində keçirilən görüşdə Heydər Əliyev ölkəmizin qarşılaşdığı problemlərdən, bazar iqtisadiyyatı yolunu seçmiş respublikamızın beynəlxalq əməkdaşlığa böyük marağından danışdı.

Heydər Əliyevin Fransaya rəsmi səfərinin proqramına UNESCO-nun baş direktoru Federiko Mayor ilə görüş də daxil idi. Bu təşkilatın Parisdəki əzəmətli iqamətgahında aparılan danışıqlarda respublikamızla əlaqələrin genişləndirilməsi, Azərbaycan Milli Komissiyasının yaradılması və digər məsələlər müzakirə olundu. Görüşdə Heydər Əliyev Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində dağıdılmış, zərər çəkmiş təhsil, mədəniyyət müəssisələrinin təmir edilərək fəaliyyətinin bərpası məsələsini qaldırdı. Federiko Mayor respublikamıza ayrılacaq yardımın həcmini müəyyən etmək üçün ölkəmizə beynəlxalq missiya göndəriləcəyinə söz verdi. Görüşün sonunda Heydər Əliyevə UNESCO-nun xatirə medalı təqdim olundu.

Azərbaycan Prezidentinin Parisdə Fransanın xarici işlər naziri Alen Yuppen, sənaye, rabitə, telekommunikasiya və xarici ticarət naziri Jezar Lonke, “Tompson” firmasının rəhbərlərindən biri olan Filipp Jiskar d’Esten, humanitar məsələlər üzrə nazir xanım Mişo Şevrin ilə keçirdiyi görüşlər, apardığı danışıqlar Heydər Əliyevin səfər zamanı necə gərgin işlədiyinin göstəricisi idi. O, hər bir imkandan istifadə edərək dünyanın diqqətini respublikamızın üzləşdiyi problemlərin həllinə yönəltməyə çalışırdı.

Heydər Əliyevin Fransaya səfəri çərçivəsində senatda keçirdiyi görüş xüsusi yer tutdu. Əzəmətli Lüksemburq Sarayının həyətində Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Fransa senatının sədri Rene Monari, sədrin müavini Jan Por, Fransa-Azərbaycan dostluq qrupunun sədri Jan Buaye dövlətimizin başçısını böyük hörmətlə qarşıladılar. Heydər Əliyev ilə Rene Monari arasında keçirilən görüşdə respublikamızda ictimai-siyasi vəziyyət, Qarabağda müharibənin gedişi, ölkəmizin əməkdaşlıq imkanları, parlamentlərarası əlaqələrin qurulması, respublikamızın problemləri və digər məsələlər ətrafında müzakirələr aparıldı. Görüşdən sonra Rene Monari senatın fəxri medalını Azərbaycan Prezidentinə təqdim etdi. Sonra Heydər Əliyev senatın fəxri qonaqlar kitabına avtoqraf yazdı.

Heydər Əliyev Fransanın ən görməli yerlərindən biri olan Lüksemburq Sarayına gedərək Napoleonun ilk dəfə iclas keçirdiyi salona və senatın kitabxanasına baxdı. Burada Azərbaycan Prezidentinə senatın fəaliyyəti barədə ətraflı məlumat verildi.

Azərbaycan Prezidentinin məşhur TV-5 telekanalı ilə çıxışı Fransa tamaşaçılarına Azərbaycan haqqında daha ətraflı məlumatlar çatdırmaq baxımından çox yaxşı bir fürsət oldu.

Fransada keçirilən görüşlər və aparılan danışıqlar zamanı Azərbaycan həqiqətləri yüksək səviyyədə izah və şərh edilirdi. Hüquqi və demokratik dövlət quruculuğu, bazar iqtisadiyyatına keçid yolunda həyata keçirilən tədbirlər, eləcə də Ermənistanın işğalçılıq siyasəti barədə müəyyən dairələrdə təsəvvür yaradılması üçün lazımi məlumatlar verilirdi.

Dekabrın 22-də Fransanın çox nüfuzlu qəzeti olan “Fiqaro” dünya ölkələrinin iqtisadi həyatı bölməsində Azərbaycan dövlətınin başçısı Heydər Əliyevin Fransaya rəsmi səfəri barədə yazı dərc etdi. Yazıda Fransa Milli Sahibkarlar Mərkəzində keçirilmiş görüşdən geniş bəhs olunurdu. Qəzet Heydər Əliyevin fransız sənayeçilərini Azərbaycan iqtisadiyyatına, xüsusilə neft sənayesinə və kənd təsərrüfatı sektoruna investisiya qoymağa çağırdığını xüsusi vurğulayırdı.

 Azərbaycan Prezidentinin Fransaya səfəri iki ölkənin dövlət başçıları arasında birbaşa ünsiyyət yaradılması, dövlətlərimizin qarşılıqlı münasibətlərinin möhkəmləndirilməsi, iqtisadi və mədəni əməkdaşlığın inkişafı baxımından çox məhsuldar, tarixi səfər idi. Gənc, müstəqil respublikamızın qüdrətli dövlət başçısı Qərbə ilk rəsmi səfərini böyük uğurla başa vurdu.

Bizə Bakıya qayıtmaq barədə komanda verildi, təcili hava limanına yola düşdük. Azərbaycan Prezidentinin ilk rəsmi səfərinin mətbuatda necə işıqlandırılması barədə Heydər Əliyevin tövsiyələri, məsləhətləri çox dəqiq bir proqram idi. Əlbəttə, bu materialların hazırlanması heç də asan başa gəlmirdi. Bütün günü bir-birini əvəz edən tədbirlərdə iştirak edib qeydlər aparmaq, gecələr isə səhərədək istirahət nə olduğu bilmədən materialları hazırlayıb AZƏRTAC-a göndərmək nə qədər qürurverici idisə, bir o qədər də çətin və məsuliyyətli idi. O zaman İKT indiki qədər inkişaf etməmişdi. Təsəvvür edin,  Bakıya göndərdiyim yazılar mətbuata dərc olunan kimi həmin qəzetlərin surətləri faksla Prezidentin Parisdəki iqamətgahına göndərilir və imkan düşəndə tanış olmaq üçün Heydər Əliyevə verilirdi. Bax, ona görə də bu məsuliyyətli, çətin iş yuxusuz gecələr hesabına başa gəlsə də çox böyük qürur doğururdu. Dahi Heydər Əliyevin icrasını mənə etibar etdiyi, eyni zamanda, yolunu göstərdiyi bu işin müəyyən faiz də olsa, öhdəsindən gəlmək üçün sanki uca Tanrı mənə güc-qüvvət vermişdi.

Hava limanına çatanda hiss etdim ki, yuxusuzluq, yorğunluq öz işini görür. Ayaq üstə güclə dayanırdım, yol yoldaşlarım da, hətta bizi yola salmaq üçün hava limanınadək gələn türkiyəli dostlar da mənim bu vəziyyətimdən çox narahat oldular. Təyyarəyə qalxanda taqətim tam tükənmişdi. Arxa oturacaqların birinə özümü güclə çatdırıb əyləşən kimi huşumu itirdim. Bu vəziyyətin nə qədər davam etdiyini təbii ki, bilmədim. Həmkarlarım, Prezidentin mühafizə xidmətinin əməkdaşları, təyyarədəki həkim sağ olsunlar, sonradan mənə ürək-dirək verdilər ki, düzdür, hamımızı qorxutdun, amma kritik vəziyyət ötüb keçdi.

Beləliklə, gəlib Bakıya çatdıq. Həkim mənə dönə-dönə tapşırdı ki, birbaşa evə gedin, təcili yardım çağırın ki, əlavə lazımi tibbi yardım göstərilsin. Onu da dedi ki, ən azı 4-5 gün işə çıxmaq olmaz.  Amma mən mütləq AZƏRTAC-ın ofisinə gedib səfər materiallarına bir daha baxmalı, Parisdəki fəaliyyətim barədə  hesabat verməli idim. İş yoldaşlarım məni çox mehribanlıqla qarşıladılar. Razılıq etdilər ki, bizə başucalığı gətirdin, neçə gündür ölkə mətbuatında “AZƏRTAC-ın xüsusi müxbiri Parisdən xəbər verir” sözləri baş xəbər yerindən düşmür. Əslində isə bu xəbərlər Heydər Əliyev diplomatiyasının Avropada qazandığı böyük uğurun Bakıda əks-sədası idi.

Prezidentin ilk rəsmi səfəri doğrudan da xalqımızın tarixi salnaməsində mühüm yer tutmağa layiq bir diplomatik uğur idi. İnsanlar ona görə bu materiallara böyük maraq göstərirdilər. Agentliyin rəhbərləri də Paris səfəri barədə materiallarımdan razı qalmışdılar və mükafat aldığıma görə məni təbrik etdilər. Düzü, bu mükafat məsələsinin nə olduğunu bilmirdim. Rəhmətlik Şamil müəllim danışdı ki, Parisdən gələn yazılarım qəzetlərdə dərc olunan kimi Jurnalistlər Birliyinin sədri, respublikada böyük nüfuz sahibi olan Hacı Hacıyev (Hacı müəllim həm Şamil müəllimlə, həm də mənimlə çox isti münasibətləri olan bir insan idi, iş otağı da bizimlə eyni mərtəbədə yerləşirdi) Fransadan göndərdiyim materialların faks variantları ilə qəzetlərdə dərc olunmuş materialları üzləşdirirmiş. Dekabrın 22-də səfər başa çatan gün isə Jurnalistlər Birliyinin qərarını gətirib Şamil müəllimə göstərərək deyib: “Biz Aslanı “Həsən bəy Zərdabi” mükafatına layiq görmüşük və bu barədə xəbər də hazırlamışıq ki, AzTV-də oxunsun”. Bax, həyatda belə kişilər də var idi, Allah onlara rəhmət eləsin.

Hacı Hacıyevin rəhbərlik etdiyi Jurnalistlər Birliyi o vaxt böyük nüfuza malik idi, ona görə də xeyli dostlar, tanışlar elə həmin gün zəng edib məni təbrik edirdilər. Həm xəstələndiyimi, həm də “Həsən bəy Zərdabi” mükafatı aldığımı eşidən Azərbaycan Dövlət Universitetində bir yerdə oxuduğumuz, tələbə yataqxanasında bir otaqda qaldığımız əziz dostum Dağbəyi İsmayılovla həmin axşam Şamil müəllimin otağında xeyli söhbət etdik. Dağbəyi İsmayılov və Şamil müəllim vaxtilə Bakı qəzetində bir yerdə işləmişdilər, onların bir-birinə çox yaxşı, mehriban münasibətləri var idi. Bu söhbət sözün həqiqi mənasında mənə çox xoş oldu və o qədər rahatlıq gətirdi ki, sanki xəstəlik də yadımdan çıxdı.

AZƏRTAC-da iş heç vaxt bitmir. Fransaya səfərdən heç iki gün keçməmiş, daha dəqiq desəm, dekabrın 24-də Heydər Əliyev Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasında sərt bəyanatla çıxış edərək dedi: “Böyük təəssüf hissi ilə qeyd etmək lazım gəlir ki, 1993-cü ilin sentyabrında Azərbaycan Respublikası Müstəqil Dövlətlər Birliyinin tam hüquqlu üzvü olduqdan və Kollektiv Təhlükəsizlik haqqında Müqaviləyə qoşulduqdan sonra Ermənistan Respublikası öz  təcavüzünü nəinki dayandırmamış, əvəzinə hərbi əməliyyatlar daha da geniş miqyas almışdır”.

Ermənistanın təcavüzkar hərəkətlərini davam etdirərək BMT Təhlükəsizlik Şurasının qətnaməsinə, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (indiki ATƏT), Rusiyanın, Qazaxıstanın vasitəçilik səylərinə məhəl qoymadığını xüsusilə vurğulayan respublikamızın rəhbəri bəyan etdi ki, Ermənistan təkcə Azərbaycana təcavüz etmir, o, həm də indi bizi birləşdirən prinsiplərə tam saymamazlıq nümayiş etdirir. Baş verən hadisələrin təkcə bizim regiona deyil, bütövlükdə MDB məkanına aid olduğunu Şura üzvlərinin diqqətinə çatdıran Prezident Heydər Əliyev siyasi vəziyyətin stabilləşdirilməsinə yönəldilmiş ikitərəfli və çoxtərəfli sazişlər sisteminə dair bir sıra çox önəmli təkliflər də irəli sürdü.

/Ardı var/