30 mart 2023 01:57
398

Növbəti görüş Bakıda keçirilməlidir

Azərbaycan dövləti bu mövqeyində qətidir

Xəbər verildiyi kimi, martın 13-də Prezident Administrasiyası Qarabağda yaşayan ermənilərin Azərbaycan Respublikasına reinteqrasiyası, həmçinin onların yaşadıqları ərazilərdə  infrastruktur layihələrin reallaşdırılması ilə bağlı danışıqların Bakıda davam etdirilməsi üçün  Xankəndidəki erməni ictimaiyyətinin nümayəndələrinə müraciət etmişdi. Amma Qarabağ erməniləri öz nümayəndələrini  paytaxta göndərmədilər. Separatçı rejimin “rəsmiləri”  bildirdilər ki, danışıqlar yalnız Rusiya sülhməramlılarının vasitəçiliyi ilə əvvəlki görüşün keçirildiyi yerdə, yəni Xocalıda mümkündür. Eyni zamanda iddia etdilər ki, danışıqların əsasını Laçın yolunun açılması, qaz təchizatının bərpası və digər humanitar məsələlər təşkil etməlidir. Qarabağ ermənilərinin Azərbaycana inteqrasiyası ilə bağlı danışıqlardan isə söhbət gedə bilməz. Yəni, heç bir halda Azərbaycanın tərkibində olmaq məsələsi müzakirəyə çıxarıla bilməz.

Şübhəsiz, məsələyə bu cür yanaşmalar Qarabağdakı separatçıların təcavüzkar Ermənistanla açıq şəkildə razılaşmasından qaynaqlanır. Bunu da  rəsmi İrəvanın timsalında sülh danışıqlarına vurulan növbəti zərbə kimi dəyərləndirmək olar. Halbuki bu görüş reinteqrasiyanın uğurlu icrası, həmçinin sülh üçün olduqca yaxşı fürsət idi.

Hər bir kəsə aydındır ki, rəsmi Bakının bu kimi konstruktiv addımları Qarabağda yaşayan ermənilərin bütün sosial və iqtisadi imtiyazlarının təmin edilməsinə hesablanıb. “Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır” deyən Prezident İlham Əliyev  bununla bağlı fikirlərini dəfələrlə müxtəlif beynəlxalq tribunalardan səsləndirib. Dövlətimizin başçısı, həmçinin bildirib ki, Qarabağda yaşayan ermənilərin nə statusu olacaq, nə müstəqilliyi olacaq, nə də ki, hansısa xüsusi imtiyazı. Biz onların həyatını necə qaydaya salacağımızı heç bir beynəlxalq mərkəzlə müzakirə etməyəcəyik.

Qarabağ erməniləri də yaxşı başa düşürlər ki, indiyədək Azərbaycanda yaşayan heç bir etnik qrupun nümayəndəsinin hüququ pozulmayıb, onlara heç bir zaman təzyiq göstərməyib. Onlar yaxşı başa düşürlər ki, Azərbaycan öz vətəndaşları olan Qarabağ ermənilərini mümkün təhlükələrdən qoruyacaq, onlar üçün daha rahat, normal yaşayış təmin edəcək, bir sözlə, onları səfalətdən birdəfəlik qurtaracaq. Onlar əmindirlər ki, Azərbaycan sepa­ratçılardan fərqli olaraq Qarabağda yaşayan ermə­ni vətəndaşlarının taleyini düşünür.  Onlar, eyni zamanda yaxşı bilirlər ki, Azərbaycan Prezidenti sözünün ağasıdır. Təəssüf ki, hazırda Hayastanın diktəsi ilə Qarabağ ərazisində fəaliyyət göstərən erməni separatçıları hər vəchlə onları bu firavan gələcəkdən məhrum etməyə, fəlakətə sürükləməyə çalışırlar. Amma Qarabağ ermənilərinin Hayastan  hakimiyyətinin və onun xaricdəki havadarlarının ambisiyalarında iştirak­dan uzaq duracaqları, gələcəklərinin ancaq Azərbaycan cəmiyyətinə inteqrasiyadan keçdiyini dərk edəcəkləri   gün  o qədər də uzaqda deyil.

Digər tərəfdən, görünən odur ki, rəsmi Bakı separatçıların və onların havadarlarının nazı ilə oynamaq fikrində deyil. Yəni, Azərbaycan öz siyasi qətiyyətini növbəti dəfə ortaya qoyub. Dövlətimizin elə növbəti görüşün eyni gündəliklə (reinteqrasiya, həmçinin Qarabağda infrastruktur layihələrinin icrası məsələləri) Bakıda təş­kil etmək niyyətində israrlı olması bu əzmkarlığın əyani nümayişidir. Belə ki, Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının Qarabağın erməni ictimaiyyətinin nümayəndələrinə ikinci dəfə müraciəti və aprelin birinci həftəsində onları Bakıya dəvət etməsi  bunun sübutudur.

Şübhəsiz, Azərbaycan beynəlxalq hüququn prinsi­pləri çərçivəsində əməli addımlar ataraq bu problemi də çözməyə nail olacaq. Yəni, Qarabağ erməniləri Bakıya gələcək və danışıqları davam etdirəcəklər. Bununla da heç zaman öz mövqeyindən geri çəkilməyən Azərbaycan bölgədə söz sahibi olduğunu, heç bir şərt qəbul etmədiyini Hayastana, həmçinin onun havadarlarına bir daha göstərəcək.  

Qvami Məhəbbətoğlu, “İki sahil”