10 may 2025 16:21
110

Azərbaycanla Vyetnam arasında münasibətlər dostluq və qarşılıqlı faydalı əməkdaşlıq əsasında uğurla inkişaf edir

Prezident İlham Əliyevin “Vietnam News Agency” agentliyinə verdiyi müsahibə Azərbaycanla Vyetnam arasında möhkəm dostluq mühitinin inkişafını və gələcək əməkdaşlığın yeni istiqamətlərini əhatə edən vacib məqamları ön plana çıxarır. Yarım əsrə yaxın bir dövr ərzində mövcud olan etimad hər iki dövlətin müxtəlif sahələrdə qarşılıqlı fəaliyyətini gücləndirir.

İkitərəfli münasibətlərin inkişafından bəhs edərkən ilk növbədə qeyd etmək lazımdır ki, qarşılıqlı səfərlər fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsinə mühüm təsir göstərib. 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Azərbaycan SSR-ə səfəri ikitərəfli əməkdaşlığın təməlini qoyub. Ümummilli Lider Heydər Əliyevin 1983-cü ildə Vyetnama etdiyi səfər isə bu əlaqələrin daha da möhkəmlənməsinə zəmin yaradıb. 2014-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnama dövlət səfəri və 2015-ci ildə Vyetnam Prezidenti Çıonq Tan Şanqın ölkəmizə etdiyi rəsmi səfər qarşılıqlı təşəbbüslərin reallaşmasına töhfə verib. Bu səfərlər çərçivəsində iqtisadiyyat, enerji, ticarət, turizm və digər sahələrdə bir çox strateji sazişlər imzalanıb. Həmçinin Birinci Azərbaycan-Vyetnam biznes forumu da iqtisadi əlaqələrin inkişafında mühüm rol oynayıb.

2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi 223,93 milyon ABŞ dolları təşkil edib. Azərbaycan Vyetnamla iqtisadi əlaqələrin daha da genişlənməsinə böyük əhəmiyyət verir və bu sahədə yeni əməkdaşlıq imkanlarını olduqca müsbət dəyərləndirir. 2019-cu ildə Azərbaycanın SOCAR ilə Vyetnamın “Binh Son Refinery and Petrochemical Company” şirkəti arasında imzalanan müqavilə ölkəmizin təcrübəsini bu dost dövlətin inkişafına tətbiq etməyə imkan verir. Həmçinin, Azərbaycan mütəxəssisləri Vyetnamın neft sənayesinin formalaşmasında və inkişafında mühüm rol oynayıb.

İki dövlət arasında mədəni və təhsil sahələrində əməkdaşlıq daha da genişlənib. Sovet dövründə ölkəmizdə minlərlə vyetnamlı tələbə təhsil alıb və onların bir çoxu bu gün Vyetnamda müxtəlif dövlət və özəl strukturlarda yüksək vəzifələr tutur. Bu məzunlar iki ölkə arasında dostluq körpüsü rolunu oynayaraq tərəfdaşlığın möhkəmlənməsinə töhfə verirlər. Hanoyda fəaliyyət göstərən Vyetnam-Azərbaycan Dostluq Assosiasiyası isə bu istiqamətdə mühüm rol oynayır.

Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu Vyetnamda bir sıra layihələr həyata keçirib. 2018-ci ildə Ha Giang əyalətində ibtidai məktəbin inşası bu fəaliyyətlərin bariz nümunəsidir. 2025-ci ilin aprelində Fondun vitse-prezidenti Leyla Əliyevanın Vyetnama səfəri çərçivəsində müxtəlif sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub. Səfər zamanı Hanoy Ticarət və Turizm Kollecinin rəhbərliyi ilə görüşlər keçirilib və Fondun maliyyə dəstəyi ilə bağlı sertifikat təqdim edilib.

Azərbaycan ilə Vyetnam turizmin inkişafı istiqamətində böyük potensiala malikdir. Bakı ilə Vyetnam şəhərləri arasında birbaşa hava əlaqəsinin yaradılması turizm proqramlarının inkişafını sürətləndirəcək və dövlətlərarası mədəni əlaqələri möhkəmləndirəcək. Bu məqsədlə hər iki tərəf turizm sərgilərində iştirakın genişləndirilməsi və qarşılıqlı təşviqat kampaniyalarının təşkili imkanlarını nəzərdən keçirir. Eyni zamanda, turizm sahəsində fəaliyyət göstərən qurumlar arasında əməkdaşlığın genişləndirilməsi məsələsi gündəmdədir.

Bu dost ölkələrin strateji işbirliyi tarixən möhkəm bir təməl üzərində qurulmuşdur və gələcək inkişaf üçün geniş imkanlar mövcuddur. İqtisadi, mədəni, humanitar və siyasi sahələrdə əməkdaşlıq iki ölkənin xalqları arasında daha sıx münasibətlərin qurulmasına və qarşılıqlı faydalı tərəfdaşlığın inkişafına təkan verəcək. Bu proses, həmçinin gələcəkdə regionda və beynəlxalq arenada daha təsirli birgə fəaliyyət imkanlarının yaranmasına şərait yaradacaq.

Mayın 7-də Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın ölkəmizə səfəri dövlətlərarası münasibətlərin daha da möhkəmlənməsinə mühüm töhfə kimi böyük əhəmiyyətə malikdir. Səfər çərçivəsində tərəflər qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi məqsədilə müxtəlif sahələrdə yeni inkişaf istiqamətlərini müzakirə ediblər. Dövlətimizin başçısı diqqətə çatdırıb ki, Vyetnam lideri cənab Lamın səfəri daha fəal əməkdaşlığa mühüm təkan olacaq, Azərbaycanla Vyetnam arasında münasibətlərin dostluq və qarşılıqlı hörmət ruhunda inkişafı üçün yeni üfüqlər açacaq.

Asif Əsgərov,
​Milli Məclisin deputatı