31 mart 2023 00:00
2538

Erməni faşizminin, misli görünməmiş qanlı səhifəsi

31 Mart - Azərbaycanlıların Soyqırımı Günüdür

Ötən iki əsrdə erməni millətçilərinin xalqımıza qarşı soyqırımı siyasəti davam etsə də «böyük Ermənistan» xülyası ilə yaşayan daşnaklar azərbaycanlılara qarşı ilk kütləvi qırğını 1905-1907-ci illərdə törətmişlər. Həmin vaxt Bakıda, Naxçıvanda, Zəngəzurda, İrəvanda və Azərbaycanın digər bölgələrində ermənilər tərəfindən minlərlə azərbaycanlı amansızcasına qətlə yetirilib. Torpaqlarını Cənubi Qafqaza doğru genişləndirmək istəyən, erməni milli dövləti yaradacağı vədi ilə daşnakları şirnikləndirən çar Rusiyası Bakıda və Azərbaycanın başqa yerlərində hayların məskunlaşdırılması prosesini həyata keçirmişdir. Təkcə 1917-ci ilin dekabrından 1918-ci ilin mart ayına qədər qaniçən Andranik Ozanyanın rəhbərliyi ilə 4 mindən çox erməni silahlısının birləşdiyi qoşun hissələrinin basqınları nəticəsində Qərbi Azərbaycanın İrəvan, Eçmiədzin, Nor-Bəyazid qəzaları daxil olmaqla 197 kənd dağıdılmış, əhalisi qətlə yetirilmiş, sakinlər doğma torpaqlarından qovulmuşlar. İrəvan quberniyası, Şərur-Dərələyəz, Sürməli, Qars və digər ərazilərdə azərbaycanlılara qarşı törədilmiş qırğınların qəddar iştirakçılarından olmuş erməni zabiti Ovanes Apresyanın xatirələri əsasında «İnsanlar belə imişlər» adlı kitab yazan amerikalı aqronom Leonard Ramsden Hartvill o illərdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərdən bəhs edib. Qatil Ovanes Apresyan kitabın müəllifi ilə söhbəti zamanı ermənilərin ingilislərin və rusların yardımı ilə öz məqsədlərinə çatdıqlarını fəxrlə qeyd edərək, təkcə Bakıda Mart qırğını zamanı iyirmi beş min azərbaycanlını qətlə yetirdiklərini bildirib. Çar üsul-idarəsinin yaratdığı fürsətdən yararlanan daşnaklar sonrakı illərdə fasilələrlə, lakin düşünülmüş və planlı şəkildə soyqırımı siyasətlərini davam etdirmişlər. Rusiyada baş verən 1917-ci il oktyabr çevrilişindən sonra çirkin məqsədlərini bolşevik bayrağı altında reallaşdıran ermənilər «əks-inqilabi ünsürlərlə mübarizə”» adı ilə dinc soydaşlarımıza qarşı kütləvi qətillər törətmişlər. Daşnak-bolşevik birləşməsi Qafqazın fövqəladə komissarı təyin edilən Stepan Şaumyanın rəhbərliyi ilə Bakı şəhərinin azərbaycanlılardan təmizlənməsi planını həyata keçirdi. 1918-ci ilin 30 mart- 3 aprel tarixlərində Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə daşnak-bolşevik silahlı dəstələri tərəfindən on minlərlə soydaşımız məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, kəndlər, şəhərlər, tarixi və dini abidələr, qəbiristanlıqlar dağıdılıb. Həmin dəhşətli günlərin şahidi olmuş Kulner soyadlı bir alman 1925-ci ildə Bakı hadisələri barədə xatirələrini bu sözlərlə təsvir etmişdir: «Ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirlər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlının cəsədinin qulaqları və burunları kəsilmiş, qarınları yırtılmışdı… Ermənilər uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm etməmişdilər.»

Yazıçı, ictimai-siyasi xadim N.Nərimanov Şamaxı qırğını haqqında yazırdı: «T.Əmirovun və S.Lalayevin əvvəllər Bakıda olan silahlı dəstələri yaşına və cinsinə məhəl qoymadan bütün azərbaycanlıları öldürdülər. Onlar hələ dünyada görünməmiş bir cinayət törətdilər, uşaqları süngü və qılıncdan keçirir, adamları məscidə toplayıb kerosin töküb yandırırdılar. Mənim üçün aydın oldu ki, Bakıda sovet hakimiyyəti daşnaklardan asılıdır. Bu da aydındır ki, erməni bandaları tərəfindən azərbaycanlı əhaliyə edilən bu qədər zülmdən sonra Azərbaycan proletariatının sovet hakimiyyətindən üz döndərməyə, öz burjuaziyasının hamiliyi altına keçərək, ondan və Türkiyədən kömək gözləməyə haqqı var idi”.»

Azərbaycanlılara qarşı soyqırımı keçirən erməni quldurları Şamaxıda minlərlə dinc sakini öldürmüşdülər. Cavanşir və Cəbrayıl qəzalarının kəndləri əhalisi ilə birlikdə tamamilə məhv edilmişdi. Gümrü yaxınlığında əsasən qadınlardan, uşaqlardan və qocalardan ibarət 3 min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq son nəfərinədək qətlə yetirilmişdir. Erməni silahlı dəstələri Naxçıvanda, İrəvan quberniyasında, Qarabağın dağlıq hissəsində eyni vəhşilikləri törətmişlər. Həmin günlərdə Şamaxı qəzasının azərbaycanlılar yaşayan 58 kəndində ermənilərin qətlə yetirdikləri günahsız azərbaycanlıların sayı minlərlə idi. Erməni daşnaklarına başçılıq edən S.Şaumyan, S.Lalayev, Z.Arestisyan, T.Əmirov və A.Əmiryan qardaşlarının rəhbərliyi ilə törədilən qətliamlar dəhşətli mənzərəsinə görə ən ağır soyqırımlar sırasındadır. Təkcə Çəmbərəkənd qəbiristanlığında dəfn olunan bakılıların sayı minlərlədir.

Xatırladaq ki, XX əsrin əvvəllərində Cənubi Azərbaycandakı soydaşlarımız da Mart soyqırımının ağrı-acılarının təkrarını yaşamışlar. Fars rejiminin dəstəyindən istifadə edən ermənilər İranda azərbaycanlıların ən çox məskunlaşdıqları kəndləri dağıtmış, qırğınlar törətmişlər. Nəticədə yüz minlərlə yerli əhali qətlə yetirilmiş, dədə-baba yurdlarından zorla çıxarılmışlar.

1918-ci ilin aprel - may aylarında Quba qəzasının kəndlərini tamamilə məhv edən daşnakların soydaşlarımıza qarşı vəhşiliyini sübut edən Quba məzarlığının aşkarlanmasından sonra həmin ərazidə Soyqırımı Memorial Kompleksi yaradıldı. Erməni vəhşiliyinin təzahürü olan, ləzgi, yəhudi, tat və digər etnik qrupların nümayəndələrinin də amansızcasına öldürülərək basdırıldığı Memorialı ziyarət edənlər erməni vəhşiliklərindən dəhşətə gəlirlər.

Ermənilərin azərbaycanlılara qarşı əsrlərdən bəri davam edən etnik təmizləmə siyasəti 20 Yanvar 1990-cı il hadisələrində yenidən təkrarlandı. Azərbaycanın demokratiya və milli müstəqillik uğrunda mübarizəsini silah gücünə yatırmaq istəyən imperiya növbəti dəfə erməni xəyanətindən yararlandı. 20 Yanvar hadisələrində hərbi hissələrin tərkibində Bakıya gələn, istefada olan erməni zabitləri yenə də qətliamlar törətdilər. Maraqlı dairələrin xeyir-dua verdiyi Qarabağ hadisələrinin başlanması ilə Azərbaycan torpaqları işğal olundu, azərbaycanlılar doğma torpaqlarından qaçqın, didərgin düşdülər. 1988-ci ildə daşnak siyasətinə, ideyalarına xidmət edən hadisələr, Qərbi Azərbaycanda- Vardenisdə, Qukarkda, Qacaranda, Qafanda, Gorusda, Alaverdidə törədilmiş qanlı aksiyalar 250 mindən artıq soydaşımızın doğma yurdunu tərk etməsi ilə nəticələndi.
 1992-ci ilin fevralında ermənilər Xocalı şəhərinin əhalisinə misli görünməyən divan tutdular. Bu soyqırımı Xocalı sakinlərinin məhv edilməsi, əsir alınması, şəhərin yerlə-yeksan edilməsi ilə nəticələndi.
 Şəhərin 613 sakini xüsusi qəddarlıqla öldürüldü, diri-diri yandırıldı. 1275 nəfər girov götürüldü və insanı alçaldan işgəncələrə məruz qaldılar.

Ermənistanın işğalından azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işləri zamanı aşkarlanan kütləvi məzarlıqlar da erməni vəhşiliyini təsdiqləyir. Kəlbəcər rayonunun Ağdaban, Ballıqaya, «Tunel» adlanan ərazilərində, Başlıbel kəndində, Xocavəndin Edilli kəndində , Fərrux yüksəkliyi yaxınlığında aşkarlanan kütləvi məzarlıqlar da erməni vəhşiliyini sübut edən dəhşətli faktlardır. Terrorun, faşizmin, işğalçılıq siyasətinin dövlət səviyyəsində dəstəkləndiyi Ermənistanın Azərbaycana qarşı zaman-zaman ərazi iddiaları səbəbilə baş verən qırğınlar nəticəsində qətlə yetirilən şəhidlərimizin sayı minlərlədir. Artıq tarixin arxivinə göndərilmiş «Dağlıq Qarabağ münaqişəsi» prosesində erməni silahlılarının apardıqları hərbi əməliyyatlar nəticəsində 20 min soydaşımız yaralanmış, 4 mini əsir düşmüş, təhsil, səhiyyə, mədəniyyət müəssisələri, tarixi abidələr viran qoyulmuşdur. İkinci Qarabağ müharibəsinin davam etdiyi dövrdə Gəncəni, Bərdəni, Tərtəri raket atəşinə tutan erməni vandalları günahsız insanları- körpələri, yaşlıları, qadınları qətlə yetirmişlər.     Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi vəhşiliklər Sovet dövründə də davam etdirilmişdir. Aldıqları dəstəkdən daha da quduzlaşan ermənilər 1948-1953 –cü illərdə həyata keçirdikləri deportasiyalar nəticəsində soydaşlarımızı doğma torpaqlarından qovmuşlar. Erməni millətçilərinin 1988-ci ildə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində başladıqları « miatsum» hərəkatı soydaşlarımızın Qərbi Azərbaycandan son nəfərinədək çıxarılması ilə nəticələndi. Lakin erməni qəddarlığının qurbanı olan soydaşlarımızın qanı yerdə qalmayacaq. Erməni vandalları törətdikləri hərbi cinayətlərə görə beynəlxalq məhkəmə qarşısında cavab verəcəklər. Bu sahədə məqsədyönlü fəaliyyət ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başlanıb. Ermənilərin xalqımıza qarşı törətdiyi 31 Mart soyqırımı ilə bağlı 1998-ci il martın 26-da «Azərbaycanlıların soyqırımı» haqqında” Fərmanı imzalayan ulu öndər Heydər Əliyev daşnakların azərbaycanlılara qarşı kütləvi qırğınlarına hüquqi- siyasi qiymət vermişdir. Sərəncam əsasında həmin tarix respublika ərazisində Soyqırımı Günü kimi qeyd olunur. Ulu Öndərin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilib, fevralın 26-sı Xocalı Soyqırımı Günü elan edilib. Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən 1918-ci ildə törədilən mart hadisələri, azərbaycanlıların soyqırımı tarixi təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində məskunlaşan həmvətənlərimiz, diaspor təşkilatları, xaricdəki səfirliklərimiz tərəfindən geniş qeyd olunur.

Yüz ildən artıq Azərbaycan xalqına qarşı davam etmiş soyqırımı siyasətini Vətən müharibəsindəki tarixi Qələbə dayandırdı. Erməni cəlladlarına ən layiqli cavab isə 44 gün davam edən İkinci Qarabağ müharibəsində Azərbaycanın qazandığı Zəfər, Ermənistanın kapitulyasiya aktını imzalaması oldu. Hələ də məğlubiyyətindən dərs almayan Ermənistanın silahlı terrorçu dəstələrinin törətdikləri təxribatların qarşısını davam etdirdiyi siyasəti, qətiyyəti ilə alan Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimiz torpaq, Vətən naminə həlak olanların qanını yerdə qoymayacaq. Ermənistanın hərbi-siyasi rəhbərliyi soydaşlarımıza qarşı törətdikləri kütləvi qırğınlara, axıtdıqları nahaq qanlara görə cavab verəcəklər. Çünki Azərbaycan xalqı əfsanələşən, odda yansa da külündən yenidən doğulan, Şərlə savaşlarda qalib gələn, yenilməzlik simvolu olan Səməndər quşu kimi ucalıq rəmzi olduğunu dəfələrlə təsdiqləyib. Nə qədər yansaq da yox olmayacağıq, külümüzdən doğulub var olacağıq, düşmənə qalib gəlib şəhidlərimizin ruhunu sevindirəcəyik.

Xuraman İsmayılqızı, «İki sahil»