30 mart 2023 02:58
319

Laçın AXC-Müsavat cütlüyünün xəyanətinin qurbanı oldu

1992-ci ildə baş vermiş çevriliş nəticəsində respublikamızda hakimiyyəti zəbt edən AXC-Müsavat cütlüyünün xəyanətkar siyasəti torpaqlarımızın təcavüzkar Ermənistan tərəfindən işğal edilməsinə əlverişli şərait yaratdı. Məhz o illərdə, Azərbaycanın müstəqilliyi, suverenliyi təhlükə altına düşdüyü bir vaxtda, ermənilərin Qarabağda at oynatdığı bir zamanda AXC-nin başı paytaxt Bakıda hakimiyyət davasına qarışmışdı. AXC-Müsavat cütlüyü hakimiyyətdə olduğu bir il ərzində ölkəni tamamilə uçuruma sürükləmişdi. Dövlət çevrilişi yolu ilə hakimiyyətə gələn bu savadsız, naşı qaragüruhçu qüvvələrin respublikanın idarəçiliyini zəbt etməsindən sonra müstəqilliyimiz təhlükə altına düşmüşdü.

Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində xalq ümidini ulu öndər Heydər Əliyevə bağladı, onun dövlət idarəçiliyini ələ almasını istədi, dünya şöhrətli siyasətçini Naxçıvandan Bakıya dəvət etdi. Ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra qısa müddət ərzində ölkədə sabitliyi bərpa etdi, separatçı qüvvələri zərərsizləşdirdi, 1994-95-ci illərdə dövlət çevrilişi cəhdlərinin qarşısını qətiyyətlə aldı. Məhz bu mərhələdən sonra xalqımız sakit həyat tərzi sürməyə başladı. Qısa müddətdə ölkədə milli birlik və həmrəylik bərpa olundu. Cəbhədə vəziyyət dəyişdi, uğurlu Horadiz əməliyyatı aparıldı.

Həqiqət bundan ibarətdir ki, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı qəhrəman övladlarımızın qanı-canı bahasına erməni işğalından azad edilən torpaqlarımız ötən əsrin doxsanıncı illərinin əvvəllərində ölkədə hakimiyyəti zorla ələ keçirən, bu gün də “demokrat” maskası arxasında gizlənərək antimilli fəaliyyətini davam etdirən dağıdıcı müxalifətin hakimiyyət, kreslo hərisliyinin qurbanına çevrilmişdi. AXC-Müsavat cütlüyü ölkəmizin başçısının söylədiyi kimi, hakimiyyətdə olduğu müddətdə talançılığı dövlət siyasətinə çevirib, rüşvətxorluğu öz ideoloji prinsipi elan edib, satqınlığı, fərariliyi Azərbaycan xalqının tarixinə bir ləkə kimi yapışdırıb.  Məsələ ondadır ki, bu gün də bu marginalların əsas işi Azərbaycan dövlətinin nailiyyətlərini, inkişafını, qüdrətlənməsini, dünyada söz sahibinə çevrilməsini inkar etməkdən və düşmən dəyirmanına su tökməkdən ibarətdir.

Dövlət başçısı İlham Əliyev martın 28-də Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edərkən bildirib ki, Şuşanın, ondan sonra Laçının işğal altına düşməsi Azərbaycanda çox ciddi siyasi böhrana səbəb olmuşdur: “Şuşanın işğalından bir neçə gün sonra Laçın rayonu da işğal edilmişdir. Bu, ölkəmiz üçün böyük faciə idi, laçınlılar üçün böyük faciə idi və bu, AXC-Müsavat xəyanətkar cütlüyünün növbəti çirkin xəyanəti idi. AXC-Müsavat cütlüyü hakimiyyətə can atırdı, istənilən yollarla hakimiyyəti zəbt etməyə çalışırdı və torpaqların Ermənistana verilməsi, satılması faktiki olaraq onların bu çirkin niyyətə çatmaları üçün bir fürsət idi. Onlar bunu belə qiymətləndirirdilər - hesab edirdilər ki, əgər Azərbaycan xalqı böyük bir sarsıntı keçirərsə, onlar üçün əlavə şanslar yaranacaq. Əfsuslar olsun ki, belə də oldu. Şuşanın, ondan sonra Laçının işğal altına düşməsi Azərbaycanda çox ciddi siyasi böhrana səbəb olmuşdur. Bu imkandan, fürsətdən istifadə edərək AXC-Müsavat xəyanətkar cütlüyü Laçın işğal olunandan bir ay sonra hakimiyyəti qanunsuz yollarla zəbt etmişdir və bu, daha böyük faciələrə yol açdı. Ondan bir il keçməmiş-1993-cü ilin aprelində Kəlbəcər işğal altına düşdü və beləliklə, ovaxtkı - keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi ilə Ermənistan ərazisi arasında coğrafi bağlantı yaradılmışdır və əlbəttə ki, Birinci Qarabağ müharibəsindəki məğlubiyyətin əsas şərti olmuşdur”.

Bu gün radikal müxalifət düşərgəsinin antimilli təmsilçiləri, xüsusilə də AXCP-Müsavat cütlüyünün “başbilənləri” və onların tör-töküntüləri bilməlidirlər ki, xalqa yaşatdıqları o ağır günləri, zülmləri, talançılığı, oğurluğu, eləcə də onların Şuşa, Laçın xəyanətini- müasir tariximizin o qara səhifələrini heç kim unutmayıb və heç zaman unutmayacaq.

Zahid Asəfoğlu, “İki sahil”