29 mart 2023 23:35
393

Laçını bir güllə atmadan, bir şəhid vermədən azad etmək tarixi qələbədir

Qırx dörd günlük Vətən müharibəsində Azərbaycan tarixi Qələbə qazandı. 28 illik erməni işğalına son qoyuldu, Qarabağ Azərbaycana qaytarıldı. Tarixi ədalət bərpa olundu, respublikamızın ərazi bütövlüyü təmin edildi. Ali Baş Komandan İlham Əliyevin hərtərəfli düşünülmüş daxili və xarici siyasəti, hərbi-siyasi strategi­yası, ordumuzun şücaəti və yüksək peşəkarlığı, xalqımızın milli həmrəyliyi və birliyi sayəsində silahlı qüvvələri darmadağın olan işğalçı ölkə diz çökdü və kapitulyasi­ya aktına imza atdı.

Qarabağın düşmən işğalından azad edilməsində, tarixə qızıl hərflərlə yazılacaq möhtəşəm Qələbəmizin qazanılmasında milli birliyimiz və həmrəyliyimiz, böyük amallar və müqəddəs qayə uğrunda birləşməyimiz böyük rol oynadı. Hər bir azərbaycanlının qəlbində yüksək qürur hissləri yaradan tarixi Qələbəmiz Azərbaycan xalqında milli oyanışa, yeni bir dirçəlişə, birliyə səbəb oldu.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə İkinci Qarabağ müharibəsində Ağdam, Kəlbəcər rayonları və Laçın rayonunun böyük bir hissəsi demək olar ki, bir güllə atılmadan düşməndən azad edildi. Ali Baş Komandan İlham Əliyev Laçın rayonunun işğaldan azad olunması münasibətilə Azərbaycan xalqını təbrik edərək demişdir: “Böyük sevinc hissi ilə bildirirəm ki, Laçın rayonu işğaldan azad olundu. Bütün Azərbaycan xalqını bu münasibətlə ürəkdən təbrik edirəm. Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir. Özü də bir güllə atmadan biz Laçın rayonunu qaytardıq. Düşməni buna məcbur etdik. Döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz -Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq”.
Dövlətimizin başçısı qeyd etmişdi ki, ölkəmizin ən böyük rayonlarından biri olan Laçın rayonu Azərbaycanın gələcək iqtisadi inkişafında mühüm rol oynayacaq.
Ölkəmizin başçısı 2021-ci il sentyabrın 21-də Laçın şəhərində Azərbaycan Bayrağını ucaldıb: “Laçın rayonu 1992-ci il mayın 18-də, Kəlbəcər rayonu 1993-cü il aprelin əvvəlində işğal altına düşmüşdü və beləliklə, ermənilər öz arzularına çatmışdılar. Onlar hesab edirdilər ki, bu toprpaqlarda əbədi yaşayacaqlar. Hesab edirdilər ki, buna nail oalcaqlar”.

Erməni barbarlar öz istəklərinə nail ola bilmədilər. Müharibə başa çatan kimi qısa müddətdə Laçın rayonunun yenidən qurulması ilə bağlı işlərə start verildi. Həyata keçirilən uğurlu tədbirlərin nəticəsidir ki, hazırda Laçın rayonunun Ermənistanla sərhəd istiqamətləri üzrə bütün mühəndis-istehkam işləri, demək olar ki, başa çatmaq üzrədir. Laçın və Kəlbəcər rayonlarında 100 kilometrlərlə ölçülən kəndlərarası yollar, eyni zamanda, hərbi mövqelərə gedən yollar inşa olunub. Hazırda Qubadlı-Laçın yolu da sürətlə inşa edilir.

2021-ci il avqustun 16-da Prezident İlham Əliyev Laçın Beynəlxalq Hava Limanının və Kəlbəcər-Laçın avtomobil yolu üzərində inşa olunacaq tunelin təməlini qoyub. Hava limanının uçuş zolağının uzunluğu 3000 metr, eni isə 60 metr nəzərdə tutlub. Aeroportun beynəlxalq standartlara uyğun olaraq layihələndirilən terminal binasının sahəsi 5000 kvadratmetrdir və saatda 200 sərnişinə xidmət edə biləcək. Bu hava limanı strateji təyinatı ilə yanaşı, gələcəkdə regionun turizm potensialının tam inkişafına da imkan verəcək.

2022-ci il sentyabrın 20-də Prezident İlham Əliyev Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunun işğaldan azad olunmuş Zabux və Sus kəndlərinin layihələndirilməsi və tikintisi işləri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncamla Laçın rayonunun işğaldan azad olunmuş Zabux və Sus kəndlərinin layihələndirilməsi və tikintisi işlərinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 800,0 (səkkiz yüz) min manat ayrılıb. İşğal dövründə ermənilər Laçın rayonunda mövcud olmuş 14 kiçik su elektrik stansiyasını darmadağın ediblər. Həmin stansiyalar bərpa olunacaq və əlavə 14 yeni su elektrik stansiyası tikiləcək. Beləliklə, 28 su elektrik stansiyası olacaq ki, onların ümumi gücü 120 meqavatt təşkil edəcək. Bu, Laçının enerji tələbatından bir neçə dəfə çoxdur. Bu stansiyalarda istehsal olunan elektrik enerjisi “Laçın” qovşaq yarımstansiyası və digər yarımstansiyaları birləşdirən 400 kilometrdən artıq ötürücü xəttlər vasitəsilə Azərbaycanın ümumi enerjisinə ötürüləcək. Bununla da Qarabağda və Şərqi Zəngəzurda enerjinin verilişində fasilə yaranmayacaq.

Hazırda demək olar ki, Laçın şəhərinin bütün infrastrukturu yenidən qurulur-su xətləri, kanalizasiya xətləri, elektrik enerjisi xətləri, yollar, Laçın şəhərinin bütün daxili yolları yenidən qurulur. Daxili yolların uzunluğu təqribən 50 kilometrdən çoxdur. Artıq rayonun Zabux və Sus kəndlərinin tamamilə yenidən qurulması prosesinə start verilib. Zabux kəndində 1000-dən çox, Sus kəndində isə 300-dən çox insan yerləşəcək. Rayonun Güləbird və Qorçu kəndlərinin Baş planı ölkə başçısı tərəfindən təsdiqlənib. Birinci mərhələdə Güləbird kəndində 2400, Qorçu kəndində isə 1300 insanın yerləşməsi nəzərdə tutulur. Həyata keçirilən tədbirlərin sayəsində ölkə başçısının bildirdiyi kimi, yaxın gələcəkdə - bu il və gələn il Laçın rayonuna təqribən 10 minə yaxın, bəlkə də çox keçmiş köçkünü yerləşdiriləcək. Laçın şəhərinin bütün infrastrukturu-su xətləri, kanalizasiya xətləri, elektrik enerjisi xətləri, yollar, Laçın şəhərinin bütün daxili yolları yenidən qurulur. Daxili yolların uzunluğu təqribən 50 kilometrdən çoxdur.

 Prezident İlham Əliyev martın 28-də Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edərkən bildirib ki. Şuşanın işğalından bir neçə gün sonra Laçın rayonu da işğal edilmişdir. Bu, ölkəmiz üçün böyük faciə idi, laçınlılar üçün böyük faciə idi və bu, AXC-Müsavat xəyanətkar cütlüyünün növbəti çirkin xəyanəti idi. AXC-Müsavat cütlüyü hakimiyyətə can atırdı, istənilən yollarla hakimiyyəti zəbt etməyə çalışırdı və torpaqların Ermənistana verilməsi, satılması faktiki olaraq onların bu çirkin niyyətə çatmaları üçün bir fürsət idi. Onlar bunu belə qiymətləndirirdilər - hesab edirdilər ki, əgər Azərbaycan xalqı böyük bir sarsıntı keçirərsə, onlar üçün əlavə şanslar yaranacaq. Əfsuslar olsun ki, belə də oldu. Şuşanın, ondan sonra Laçının işğal altına düşməsi Azərbaycanda çox ciddi siyasi böhrana səbəb olmuşdur. Bu imkandan, fürsətdən istifadə edərək AXC-Müsavat xəyanətkar cütlüyü Laçın işğal olunandan bir ay sonra hakimiyyəti qanunsuz yollarla zəbt etmişdir və bu, daha böyük faciələrə yol açdı”.

Ölkəmizin başçısı, həmçinin bildirib ki, Laçın şəhərinin yenidən qurulması işləri ötən ilin avqustun 26-dan başlayaraq icra edilir: “Sizə və Azərbaycan ictimaiyyətinə bildirmək istəyirəm ki, birinci mərhələdə Laçın şəhərində 500-ə yaxın fərdi ev inşa edilir və ya ermənilər tərəfindən dağıdılmış evlər yenidən bərpa olunur. Çoxmərtəbəli səkkiz yaşayış binası yenidən qurulur, ya da ki, tamamilə əsaslı təmir olunur və 30-dan çox ictimai bina inşa edilir. Mənim göstərişimlə bütün bu işləri biz bu ilin sonuna qədər başa çatdırmalıyıq, bu, sadəcə, birinci mərhələ olacaq. Bu evlərin sayı göstərir ki, minlərlə insan artıq bu ilin sonuna qədər Laçın şəhərində yaşayacaq və laçınlılar bu il öz doğma diyarına qayıdacaqlar. Eyni zamanda, Laçın şəhərində Heydər Əliyev Fondunun xətti ilə məscid inşa ediləcək. Məscidin təməlini də mən Laçında olarkən özüm şəxsən qoydum və çox gözəl yerdə bizim dini məbədimiz yaxın gələcəkdə inşa ediləcəkdir. Əlbəttə ki, Laçın rayonunun təhlükəsizliyi ilə bağlı başqa addımlar da atılır, tədbirlər görülür və bu tədbirlər imkan verir ki, oraya qayıdacaq soydaşlarımız rahat, təhlükəsizlik şəraitində yaşasınlar”.

Zahid Rza, İki sahil”