30 mart 2023 17:30
1607

Laçın Şərqi Zəngəzur iqtisadi rayonunun mühüm mərkəzlərindən birinə çevriləcək

44 günlük Vətən müharibəsinin başa çatmasından az vaxt ötməsinə baxmayaraq, işğaldan azad olunmuş ərazilərdə böyük bərpa-quruculuq işlərinə başlanıb ki, bu da Azərbaycan dövlətinin gücünü göstərir. Artıq 3 ildir ki, işğaldan azad olunmuş ərazilərdə cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən bərpa-quruculuq işləri bu torpaqların əsl sahiblərinin kim olduğunu bir daha dünyaya nümayiş etdirir. Keçmiş məcburi köçkünlərin öz torpaqlarına qayıtması, 30 il işğal altında qalmış ərazilərdə həyatın yenidən canlanması Azərbaycan xalqı üçün son dərəcə mühüm əhəmiyyətə malik bir məsələdir. Dövlət başçısı İlham Əliyev 31 dekabr 2022-ci il tarixli Dünya azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində bu çağırışı etmişdir ki, avqustun 26-da - nəzərdə tutulmuş vaxtdan xeyli əvvəl Laçın şəhərini də azad etdik və eyni zamanda, Laçın rayonunun Zabux və Sus kəndlərinə də qayıtdıq. Bu da böyük nailiyyətdir. Artıq Laçın şəhərində çox genişmiqyaslı quruculuq-bərpa işləri aparılır: “Əminəm ki, 2023-cü ildə laçınlıları Laçına qaytaracağıq, ilk keçmiş köçkünlər öz doğma torpağına qayıdacaqlar”.  

Dövlət başçısı İlham Əliyev Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edərkən işğaldan azad edilən ərazilərimizdə tətbiq olunan yeni idarəetmə üsulunun nəticələrindən bəhs edərək belə bildirdi ki, sahibinə qovuşan torpaqlarımızda yeni idarəetmə üsulu tətbiq edilir. “Yəni, bu, həm böyük quruculuq işləridir, həm də yeni idarəetmə üsuludur. Əminəm ki, bu, təkcə azad edilmiş ərazilərin yox, bütövlükdə ölkəmizin hərtərəfli inkişafına böyük töhfə verəcəkdir”.

İşğaldan azad olunmuş ərazilərin bərpasını öz maliyyə imkanları hesabına həyata keçirən Azərbaycan bu sahədə öz standartlarını yaradıb və bu, dirçəlişin Azərbaycan modelidir. Belə ki “Ağıllı şəhər” və “ağıllı kənd” layihələri uğurla icra edilir. Bu torpaqlarda təkmil infrastruktur layihələri həyata keçirilir ki, bu, hər bir bölgənin iqtisadi inkişafında vacib amildir. Ölkə başçısı Laçın rayonunun malik olduğu potensialdan, rayonda həyata keçirilən infrastruktur layihələrindən, kənd, qəsəbə yollarının bərpasından geniş bəhs edərək görülən işlərin yüksək keyfiyyətlə aparılmasının, ətraf mühitin mühafizəsinin və qanunvericiliyə əməl olunmasının vacibliyinə diqqət çəkdi. Cənab Prezident Laçın şəhərində görülən işlərin fonunda qeyd etdiyi kimi, Laçın nəinki Azərbaycanın dünya miqyasında ən gözəl şəhərlərindən birinə çevriləcək, eyni zamanda, bir cənnət məkan olacaqdır: “İki ildən artıq dövrdə bu torpaqlarda aparılan bərpa-quruculuq işləri Azərbaycanın iqtisadi imkanlarının təqdimatıdır. Bütün bu işlər ölkəmizin daxili imkanları əsasında həyata keçirilir. Bircə faktı qeyd etmək lazımdır ki, Azərbaycan qısa zamanda həm Qarabağın, həm də Şərqi Zəngəzurun hava qapılarını dünyaya açdı. Füzuli və Zəngilan Beynəlxalq Hava limanlarının ardınca 2024-cü ilin sonu 2025-ci ilin əvvəlində Şərqi Zəngəzurun növbəti hava qapısı dünyaya açılacaq. Belə ki, Laçın Beynəlxalq Hava Limanı qeyd edilən vaxtda istifadəyə veriləcək.”

Prezident həmçinin laçınlılara xoş xəbərlər də çatdırdı. Belə ki, bu ilin sonuna kimi Laçın şəhərinə minlərlə insan qayıdacaq. Bu onu deməyə əsas verir ki, laçınlıların öz doğma yurdunda xoşbəxt həyatı uzaqda deyil. Ölkə başçısının vurğuladığı kimi birinci mərhələdə Laçın şəhərində 500-ə yaxın fərdi ev inşa edilir və ya ermənilər tərəfindən dağıdılmış evlər yenidən bərpa olunur. Çoxmərtəbəli səkkiz yaşayış binası yenidən qurulur, ya da ki, tamamilə əsaslı təmir olunur, 30-dan çox ictimai bina inşa edilir: “Mənim göstərişimlə bütün bu işləri biz bu ilin sonuna qədər başa çatdırmalıyıq, bu, sadəcə, birinci mərhələ olacaq. Bu evlərin sayı göstərir ki, minlərlə insan artıq bu ilin sonuna qədər Laçın şəhərində yaşayacaq və laçınlılar bu il öz doğma diyarına qayıdacaqlar.”

Beləliklə, ölkəmizin bu gözəl guşəsində yenidən həyat canlanacaq, insanlar öz yurdlarına qayıdacaq və tezliklə, Laçın rayonu da Şərqi Zəngəzur iqtisadi rayonunun mühüm mərkəzlərindən birinə çevriləcək.

Anar Məmmədov,

Milli Məclisin deputatı