30 mart 2023 13:10
272

İkinci Qarabağ müharibəsi dövründə Laçının işğaldan azad edilməsi əsas vəzifələrdən biri idi

Azərbaycanın füsunkar guşələrindən biridir Laçın. Bu rayon zəngin fauna və florasıyla seçilən rayondur. Laçın rayonu 1930-cu ildə yaradılıb.
1992-ci il 18 may tarixində Laçın erməni təcavüzkarları tərəfindən işğal edildi. Şuşadan sonra nankor qonşularımız tərəfindən işğal olunan 2-ci rayondur Laçın.  Laçın hərbi nöqteyi-nəzərdən strateji rayondur. Belə ki, bu rayonun işğalı həm keçmiş Dağlıq Qarabağı Ermənistanla birləşdirdi, həm də digər rayonların işğalına zəmin yaratdı. Laçın yolunun işğalı keçmiş Dağlıq Qarabağa aid olmayan rayonlarımızın işğalını sürətləndirdi. Elə buna görə də bu yolu Qarabağın azadlıq “açarı“ adlandırılır. 

İşğal nəticəsində 77 min insan öz doğma torpaqlarından qovuldu. 300-dən artıq insan həlak oldu və itkin düşdü. 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 2 avtonəqliyyat, çoxlu sayda istehsal müəssisələri talan və məhv edildi. 200-dən artıq tarixi abidə dağıdıldı və tanınmaz hala salındı. Ermənilər Cenevrə Konvensiyasını kobud şəkildə pozaraq Laçın rayonun coğrafi adlarının da dəyişdirilməsinə cəhd ediblər. Xarici ölkələrdən qanunsuz məskunlaşma siyasəti həyata keçiriblər. 

Ermənistanın təcavüzünə son qoymaq məqsədi ilə 30 illik işğaldan sonra 2020-ci il sentyabr ayının 27-də Ali Baş Komandan İlham Əliyev Azərbaycan ordusuna hücum əmrini verdi. 44 gün davam edən Vətən müharibəsi ordumuzun qələbəsi ilə bitdi. Nəticədə 5 şəhər, 4 qəsəbə, 286 kənd, çoxsaylı strateji yüksəkliklər düşməndən azad edildi. Noyabr ayının 8-də Şuşa işğaldan azad edildi. Şuşanın azad olunması düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdi.  Üçtərəfli razılaşmaya görə noyabr ayının 20-də Ağdam, 25-də Kəlbəcər, dekabr ayının 1-də Laçın rayonu azad olundu. Bu Azərbaycan xalqının, Azərbaycan ordusunun və Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi qələbəsi idi. Bu zəfər Azərbaycan üçün yeni reallıqlar yaratdı. 

Şanlı qələbəmisin banisi Prezident  İlham Əliyev 2021-ci il 14 fevral və 16 avqust tarixlərində Laçın rayonuna səfər edərək Azərbaycan bayrağını qaldırdı. Bu hər bir azərbaycanlının qəlbində qürur və iftixar hissi yaratmaqla gələcəyə inamı, güvəni  gücləndirdi. Bu gün Laçında genişmiqyaslı quruculuq işləri gedir: Laçında Güləbird su elektrik stansiyasının açılmış, Prezidentin sərəncamı ilə Kəlbəcər-Laçın yolu tikilir. Bundan başqa Prezidentin sərəncamı ilə Laçın rayonunun Qorçu kəndində hava limanı tikiləcək. Prezident İlham Əliyev vurğulayıb: “Hesab edirəm ki, bu, bir çoxları üçün gözlənilməz oldu. Bəziləri bunu möcüzə hesab edirdilər. Ancaq biz bunu edirik. Müstəqil Azərbaycan dövləti buna qadirdir”.

Olduqca mühüm strateji əhəmiyyətə malik Laçın aeroportu logistik mərkəzlərin yaradılmasına, turizmin inkişafına təkan verəcəkdir. Uçuş enmə zolağının uzunluğu 3 kilometr olan aeroportda 6 təyyarə dayanacağıinşası nəzərdə tutulmuşdur ki, bu hava limanı həm də Kəlbəcər rayonu ərazisinə gediş-gəlişi asanlaşdıracaq və nəhayət, insanlar öz dədə-baba yurdlarına qayıda biləcəklər. Bütün bunlar hər bir azərbaycanlının qəlbində sevinc hissi ilə yanaşı qürur hissi də yaradır. Bu gün gözlərimiz önündə Laçın yenidən qurulur, abadlaşır. 

Rövşanə Abbasova,
YAP Xətai rayon təşkilatının “Xudu Məmmədov 3” ünvanı üzrə ərizə partiya təşkilatının üzvü