01 aprel 2023 01:58
407

Milli maraqlar, yoxsa?..

Azərbaycana qarşı hər zaman ikili standartlar sərgiləyən ABŞ bu dəfə də öz məqsədli siyasətini davam etdirir

Məlum olduğu kimi, martın 30-da ABŞ Prezidenti Co Baydenin sədrlik etdiyi “Demokratiya naminə” adlı ikinci virtual sammit baş tutub. Dəvət olunanların siyahısına nəzər salarkən onların hansı meyarlar əsasında seçilməsi sual doğurmaya bilmir. Belə ki, sözügedən sammitə demokratiyadan bixəbər olan bir sıra dövlətlər dəvət edildiyi halda Azərbaycan, Türkiyə, Macarıstan, Çin kimi dövlətlər ABŞ-ın siyahısından kənar qalıblar. Gürcüstanın isə məqsədli şəkildə yalnız prezidenti demokratiya tədbirinə dəvət alıb. Bu isə ABŞ-ın demokratiya amilini öz siyasi hədəfləri üçün istifadə etməsinin təsdiqidir. Təəccüblüdür ki, 120 ölkədən əlavə, dəvət olunan 8 ölkənin bəzilərinin daxilində vətəndaş müharibəsi hələ də davam edir. Hətta görüşdə iştirak edən elə dövlətlər var ki, demokratiyanın əsas elementlərindən olan sosial rifah, adambaşına düşən gəlirləri ABŞ-ın elan etdiyi dəyərlərlə qəti şəkildə uzlaşmır. Sammitdə Ermənistan kimi antidemokratik, terrorçu və işğalçı bir ölkənin iştirakı isə demokratiya anlayışının üstündən xətt çəkmək deməkdir. Ermənistan 30 il işğalçılıq siyasəti yürüdüb, Azərbaycanın əhalisini yurd-yuvasından didərgin salıb, şəhərlərini, kəndlərini dağıdıb, ekoloji terror həyata keçirib, Xocalı soyqırımını törədib. Nə qədər qəribə də olsa, onilliklər boyu çoxsaylı hərbi, bəşəri cinayətlər törətmiş Ermənistan indi ABŞ tərəfindən “demokratik ölkə” sayılır. Bu, bəşəri dəyərlərin iflasıdır...

Bundan əlavə, elə ABŞ Dövlət Departamentinin Ermənistanda 2022-сi ildə insan haqlarının vəziyyəti ilə bağlı hesabatında hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən zorakılıq, pis həbsxana şəraiti, əsassız həbslər və söz azadlığının məhdudlaşdırılması kimi hallar öz əksini tapıb. Həmçinin ötən il Ermənistan Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) müraciətlərin sayına görə ilk onluqda yer alıb. Belə ki, ötən il ərzində Ermənistandan AİHM-ə edilən müraciətlərin sayı 1250 təşkil edib ki, bu da ərizələrin ümumi sayının 1,7 faizini təşkil edir. Eyni zamanda, 2022-ci ildə Ermənistandan əvvəlki illə müqayisədə 111 yeni müraciət daxil olub. Müraciətlərin sayında artımın olması da ölkədə insan hüquqları sahəsində vəziyyətin gərgin olmasını bir daha sübut edir. Belə olan halda Ermənistan hansı kriterialar əsasında “Demokratiya sammiti”nə dəvət alır?

Görünür, ABŞ-da artan demokratik problemlərin fonunda ABŞ demokratiyasını "canlandırmaq" cəhdi ilə çağırılan "Demokratiya sammiti” böyük ironiyadır, çünki onun məqsədi sadəcə olaraq digər ölkələri sıxışdırmaq, dünyanı müxtəlif düşərgələrə bölməkdir. Bu, bir növ "parçala, hökmranlıq et” siyasətindən xəbər verir. Dünya aydın gördü ki, ABŞ-ın son illərdə Suriyanı, Yəməni, İraqı, Liviyanı, Yaxın Şərqin başqa müsəlman ölkələrini demokratiyaya "qərq etmək” niyyəti hansı fəlakətlərə gətirib çıxarıb. Bu sammit demokratiyaların beynəlxalq məsələlərə yanaşma tərzində iqtisadi və təhlükəsizlik maraqları ilə yanaşı, insan ləyaqəti və azadlığı ilə bağlı dərindən qorunan dəyərlərin də yer aldığına, həm də qlobal ictimai rifahla bağlı məsələlərə dair də güclü bir mesaj göndərə bilərdi. Lakin tam əksinə, Sammit demokratik dəyərlərin təşviqi kimi yox, ABŞ administrasiyasının illustrativ seçim menyusu kimi yadda qaldı. Bu səbəbdəndir ki, sammit bu dəfə də beynəlxalq miqyasda ciddi tənqid hədəfinə çevrildi. “Reuters” agentliyi yazır ki, virtual Sammitdə iştirak edən bəzi ölkələrdə insan haqlarının vəziyyəti ciddi narahatlıq yaradır. İnsan haqları müdafiəçiləri ABŞ administrasiyasına belə bir sammitin keçirilməsi üçün təşəkkür bildiriblər, amma deyiblər ki, sammitə qoşulan ölkələrdə demokratiyanın yaxşılaşdığını göstərən çox az əlamətlər var. Onlar qeyd edirlər ki, sammitin ölkələrin öhdəliklərinə neçə əməl etməsinə nəzarət mexanizmi də yoxdur.

Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzindən Kristofer Hernandez-Roy qeyd edib ki, ABŞ bəzən bir diktatorla mübarizədə başqa bir diktatorla danışıqlar aparır. Bu da “Demokratiya naminə” sammiti uğursuzluğa məhkum edir. Amerikalı ekspert Piter Teysin sözlərinə görə, ikili standartlar Bayden xarici siyasətinin əsas dayağıdır, Sammit isə sadəcə göstəriş üçün boş ritorikadır və insan haqlarını möhkəmləndirməyəcək, əksinə, bütün dünyada institusional demokratiyanı daha da zəiflədəcək: “Bayden deyir ki, demokratiya təsadüfən meydana gəlmir, onun uğrunda mübarizə aparmaq, möhkəmləndirmək və qorumaq lazımdır. Real dünyada isə ABŞ tam əksini müdafiə edir. Sammit uğursuzluğa düçardır, dəvət olunan ölkələrdə demokratik standartları möhkəmləndirməyəcək”. Ekspertin sözlərinə görə, Macarıstan, Türkiyə, Azərbaycan və digər demokratik hökumətləri dəvət etməmək və müzakirələr aparmamaq istəyi özünütəcriddən başqa bir şey deyil və bu, ABŞ-ın milli maraqlarına ziyan vurur.

Baş verənlər fonunda erməni hüquq müdafiəçisi Avetik İşxanyanın Ermənistanın bu sammitdə təmsil olunmasına münasibəti də olduqca maraqlıdır: “Beləliklə, Ermənistan sözdə baş nazir, diktator və xəyanətkar Nikol Paşinyanın şəxsində ABŞ Prezidenti Co Baydenin təşəbbüsü ilə onlayn rejimdə keçirilən ikinci demokratiya Sammitinə dəvət olunub. Buradan belə bir nəticə hasil olur ki, seçkiləri saxtalaşdıran, məhkəmələri məhv edən, siyasi təqiblər həyata keçirən, qətllər də daxil olmaqla, öz tərəfdarlarının cinayətlərini ört-basdır edən diktator baş nazirin hökuməti “demokratik” hesab olunur. Mən hələ bu baş nazirin xəyanətləri haqqında danışmıram. Faktiki olaraq, demokratiyanın carçısı sayılan ABŞ yuxarıda sadalanan özbaşınalıqları müdafiə edir və onları demokratik dəyərlər sayır. Lakin əsl həqiqətdə bu dəvətlə demokratiya anlayışına kölgə salınır. Bu səbəbdən sizin sammitinizə və demokratiyanıza tüpürmək istəyirəm”.

Bu arada maraqlı bir məqamı da qeyd edək ki, Ermənistan “Demokratiya naminə” sammitinin yekun bəyannaməsini dəstəkləməkdən imtina edib.  Ermənistanla yanaşı, Hindistan və Meksika da sənədə imza atmayıb. Yekun bəyannamədə Ukraynada müharibənin humanitar nəticələri pislənilir. Dövlət Departamenti tərəfindən yayılan bəyannamənin mətninə əsasən, sənəddə Rusiya Federasiyasından “qüvvələrini Ukrayna ərazisindən çıxarmağı” tələb edilir. Ermənistan, Hindistan və Meksika bu bəndə dəstək verməyib. Bununla Paşinyan ABŞ-ın istədiyi mövqeyi nümayiş etdirməkdən imtina edib.

Sevinc Azadi, “İki sahil”