KÖŞƏ

Vəli İlyasov

Fransanın "caynaqları" qopardılır

01 aprel 2023 00:23
1754

Yüz illərdir ki, fransız müstəmləkəçiləri kiçik Afrika ölkələrini soyub-talayır, əhalisini qul kimi işlədir və insan kimi yaşamaq hüquqlarından məhrum edirlər. Ancaq zaman, dövr dəyişib. Artıq xalqlar dirçəlir, əllərindəki, ayaqlarındakı buxovları və qandalları qırıb-tökür, azad olmaq üçün mübarizə aparırlar. Belə mübarizə hazırda demokratiyadan dəm vuran Fransanın işğal zonalarında başlayıb.

Burkina-Faso ərazisində "France 24" telekanalının yayımı dayandırılıb. Bu barədə martın 27-də “Röyter” Agentliyi xəbər verib.

Agentlik qeyd edib ki, telekanalın verilişlərini dayandırmağı Burkina-Faso hakimiyyəti əmr edib. Burkina-Faso hökuməti martın 1-də Fransa ilə altmış il əvvəl imzalanmış hərbi sazişi ləğv edib. Yanvarın əvvəlində Burkina-Faso Parislə olan sazişin müdafiəyə aid hissəsini pozub. Həmin razılaşmaya əsasən, bu Afrika respublikasının ərazisində Fransanın 400 nəfərlik xüsusi təyinatlı kontingenti yerləşməli idi. Bundan əvvəl, fevralın 19-da Burkina-Fasoda olan fransalı hərbçilər ölkədən qovulublar. İşğalçı kontingent Afrikanın bu ölkəsinə 2009-cu ildə dislokasiya edilmişdi.

Fransanın “LeFaso” portalının martın əvvəlində xəbər verdiyi kimi, Afrikada Fransanın irqçi siyasətindən narazılıq artır. Ekspertlərin fikrincə, Fransanın Afrikadakı yeni strategiyası, mahiyyət etibarilə Parisin ən az itkilərlə qitədəki yerini geopolitik düzənə uyğunlaşmaq və heç olmasa özünün keçmiş təsirinin bir qədərini saxlamaq cəhdinə xidmət edir. Makron hökuməti çapıb-taladıqları ölkələrdən elə-belə sakitcə çıxıb getmək istəmir. Ancaq zülmə daha boyun əymək istəməyən xalqlar ayağa qalxaraq işğalçılara sərhədlərinin bayır tərəfini göstərirlər.

Son illər Afrikada Fransanın çətinlikləri sürətlə artıb. Belə ki, Mali hakimiyyəti, Mərkəzi Afrika Respublikası, Burkina-Faso fransız qüvvələrinin öz ölkələrinin  ərazilərindən çıxarılmasını tələb ediblər. Bununla bərabər, Malidə, Burkina-Fasoda, Çadda, Nigerdə, Konqo Demokratik Respublikasında son aylar Fransanın müstəmləkə siyasətinə qarşı güclü xalq etirazları keçirilib. Xalqlar Makron hakimiyyətinin işğalçı siyasətini rədd edir, müstəmləkə qoşunlarının ölkələrindən çıxarılmasını qəti tələb edir, bir sözlə, insanlar azad yaşamaq isəyirlər. Malinin yeni Konstitusiyasının layihəsində fransız dilinin statusu ölkədə «işçi» səviyyəyə endirilib, bu layihə ümummilli referenduma çıxarılıb. Şübhəsizdir ki, xalq Fransanın caynaqlarını boğazından qoparmaq üçün referenduma "yox" deyəcək.

Nəhayət, istibdad altında əzilənlər Fransaya öz yerini göstərirlər. Dünyanın sonuncu imperiyalarından birinin ömrünə az qalır. Yaxın müddətdə Afrika xalqları da öz talelərinin sahibi olacaq, azadlığın şirinliyini dadacaq, bu yerlərdə ədalət zəfər çalacaq.