1918-ci ildə bolşevik-daşnak qüvvələri Quba qəzasının 162 kəndini darmadağın etmiş, 16 mindən çox insanı qətlə yetirmişlər
Tariximizə şanlı qəhrəmanlıq salnamələri ilə yanaşı, faciələr və soyqırımlarla dolu səhifələr də yazılıb. Xalqımızın başına gətirilən ən dəhşətli faciələrdən biri 1918-ci ildə daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. 1918-ci ilin yazında daşnak-bolşevik birləşmələri Qubada da silahsız dinc əhaliyə divan tutmuşlar.
Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialının direktoru, Əməkdar mədəniyyət işçisi Şirin Müzəffərov mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, 1918-ci ildə bolşevik-daşnak qüvvələri Quba qəzasının 162 kəndini darmadağın etmiş, 16 mindən çox insanı qətlə yetirmişlər: “1918-ci il mayın 1-də Hamazaspın komandanlığı altında 2 minlik erməni silahlı birləşmələri Quba qəzasına hücuma keçmişdir. Daşnakların hücumunun ilk günündə şəhərin aşağı hissəsində 713, ikinci günündə isə 1012 nəfər azərbaycanlı və orada yaşayan digər azsaylı xalqların nümayəndələri qətlə yetirilmişlər. Onların da əksəriyyəti qadın və uşaqlar olmuşlar. Ermənilərin Qubadakı azğınlığı doqquz gün davam etmişdir.
Düşmənlər silah-sursat sarıdan nə qədər güclü olsalar da yerli əhali, əsrlərlə bir yerdə dostluq və qardaşlıq şəraitində yaşamış azərbaycanlılar, ləzgilər, tatlar və digərləri müqavimət dəstələrində birləşərək erməni vandallarının qarşısını almağa çalışmış və bu yolda son nəfəslərinədək vuruşaraq şəhid olmuşlar. Məhz bu dəstələrin erməni quldurlarına Digah və Xucbala kəndləri arasındakı çökəklikdə, sonradan “Qanlı dərə” adlandırılmış ərazidə verdikləri dərsdən sonra onlar tədricən Quba qəzasından çəkilməyə başlamışlar. Təsadüfi deyil ki, ulu öndərimiz Heydər Əliyev 1998-ci il oktyabrın 3-də Qusar rayonunda seçiciləri ilə görüşündə demişdir: "Qanlı dərə"də 1918-ci ildə qusarlılar Azərbaycan xalqına təcavüz edən erməni millətçilərinin qarşısını alıb onları darmadağın etmişlər".
Şirin müəllim, həmçinin bildirdi ki, Quba qırğınları Bakı, Şamaxı qətliamlarının davamı idi. Burada soyqırımı daha amansız şəkildə həyata keçirilmiş, əhatə dairəsi də geniş olmuşdur. Eşitdiyimə görə, hələ Sovet dönəmində Quba Konserv Zavodu tikilərkən çox böyük ərazini əhatə edən məzarlıq aşkarlanmış, amma dövrün tələblərinə əsasən gizlin saxlanılmışdır. Təəssüf ki, Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən yaradılmış Fövqəladə Təhqiqat Komissiyası 1920-ci il aprelin 28-də Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra fəaliyyətini dayandırmış və cinayət işinə xitam verilmişdir. Amma tarixi faktları heç nə ilə gizlətmək mümkün olmur, həqiqət gec-tez üzə çıxır. Soyqırımı hadisəsindən 89 il sonra Qubada aşkarlanan kütləvi məzarlıq kimi. 2007-ci ildə Quba şəhərində tikinti məqsədi ilə aparılan qazıntılar zamanı təsadüfən aşkar edilmiş kütləvi məzarlıq 1918-ci ildə Quba əhalisinin soyqırımına məruz qalmasının əyani sübutudur. Məzarlıqda aşkar edilmiş 400-dən çox insan cəsədinin qalıqları üzərində aparılmış tədqiqatlar zamanı məlum olmuşdur ki, ermənilər dinc əhaliyə divan tutan zaman təkcə odlu silahlardan istifadə etməmişlər. Aşkarlanan kəllə və digər insan sümüklərində balta, xəncər, mismar kimi küt alət izlərinin olması bunu bir daha təsdiq edir. Həmçinin müəyyən edilmişdir ki, burada azərbaycanlılarla bərabər, Qubada yaşayan ləzgi, yəhudi, tat və digər etnik qrupların nümayəndələri də amansızcasına qətlə yetirilərək basdırılmışlar.
Şirin Müzəffərov bildirdi ki, soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə Prezident İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli Sərəncamı əsasında Heydər Əliyev Fondunun dəstəyi ilə kütləvi məzarlığın yaxınlığında Quba Soyqırımı Memorial Kompleksi inşa edilmişdir. Şübhəsiz, 18 sentyabr 2013-cü ildə dövlət başçımızın iştirakı ilə açılışı keçirilmiş Quba Soyqırımı Memorial Kompleksi yalnız Quba şəhidlərinə deyil, Azərbaycanın bütün ərazisində soyqırımına məruz qalanların xatirəsinə hörmət və ehtiramdır. Yeri gəlmişkən qeyd edim ki, burada ümummilli lider Heydər Əliyevin azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasətinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində gördüyü işlərin, imzaladığı sənədlərin nümayiş etdirildiyi guşə də yaradılmışdır. Son illər bölgəyə gələn soydaşlarımız, həmçinin xarici ölkələrin nümayəndələri bu məkanı ziyarət edirlər. Təxmini hesablamalara görə, açıldığı gündən 1 milyondan artıq insan Soyqırımı Memorial Kompleksinə baş çəkib. Buraya gələn qonaqların diqqətini insanların başına gətirilən faciələrə yönəltmək üçün lazımi tədbirlər görülmüşdür. Kompleks ermənilərin cinayətkar əməllərinin dünya ictimaiyyətinə çatdırılmasında, həmçinin Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunmasında önəmli rol oynayır desəm, səhv etmərəm. Onu da qeyd edim ki, Quba Soyqırımı Memorial Kompleksi ölkəmizdə bu məqsədlə inşa edilmiş ilk memorial kompleksdir.
Müsahibimiz fikrini bu sözlərlə tamamladı: “44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz işğal altındakı ərazilərimizi erməni quldurlarından azad etməklə yeni bir tarix yazdı. Bu Zəfərlə ermənilərin Bakıda, Şamaxıda, Qubada, Zəngəzurda, Lənkəranda, Qarabağda, Xocalıda və digər yerlərdə törətdikləri soyqırımlarının da qisası alındı. Necə deyərlər, qisas qiyamətə qalmadı”.
Qvami Məhəbbətoğlu, “İki sahil”