Müzəffər Ali Baş Komandanımız, rəşadətli ordumuz və vətənpərvər xalqımızın sarsılmaz birliyi ilə yaranan “Dəmir Yumruq” əməliyyatı nəticəsində 44 günlük Vətən müharibəsi Azərbaycanın qalibiyyəti ilə başa çatmış, ərazi bütövlüyümüz təmin edilmişdir.
10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli bəyanata əsasən Laçın rayonu heç bir itki vermədən və bir güllə atılmadan işğaldan azad edilib. Bu bəyanatda Azərbaycan öz şanlı qələbəsini, Ermənistan isə məğlubiyyətini təsdiqləmiş oldu. Cənab Prezidentimizin siyasi iradəsi və ordumuzun qüdrəti bir daha dünyaya nümayiş olundu.Böyük fəxrlə qeyd edirik ki, iyirmi səkkiz illik erməni işğalından azad olunan, Azərbaycanın ən böyük rayonlarından biri olan Laçında yenidən üçrəngli şanlı bayrağımız məğrurluqla dalğalanır və bu bayraq heç zaman enməyəcəkdir.
Artıq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bütün işğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçın rayonunda genişmiqyaslı tikinti quruculuq işlərinə başlanmışdır. Ölkə başçımız Məsim Məmmədovu Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar keçirdiyi qəbulda qeyd etmişdir: “Laçın və Kəlbəcər rayonlarının su ehtiyatlarından istifadə edərək böyük bir enerji mənbəyi yaradılacaqdır. İndi Laçın, Kəlbəcər, Zəngilan və bir neçə digər rayonda Su Elektrik stansiyalarının tikintisi sürətlə gedir. Qarşıya məqsəd qoyulmuşdur ki, azad edilmiş ərazilərdə bu ilin sonuna qədər su elektrik stansiyalarının gücü 200 meqavat olsun, gələcəkdə isə 500 meqavata çatmalıdır. Laçın və Kəlbəcər rayonlarında böyük külək enerji potensialı var.Laçın rayonunda beynəlxalq hava limanı inşa edilir. Yəqin ki, gələn ilin sonunda, ya da 2025-ci ilin əvvəllərində hava limanı istismara veriləcək.Həmçinin Kəlbəcər-Laçın yolunun yenidən qurulması prosesinə start verilmişdir. Göygöl rayonundan Şərqi Zəngəzura yol açılır.Qubadlı-Laçın yolu da sürətlə inşa edilir.Birinci mərhələdə Laçın şəhərində 500-ə yaxın fərdi ev inşa ediləcək və ya ermənilər tərəfindən dağıdılmış evlər yenidən bərpa olunacaq. Çoxmərtəbəli səkkiz yaşayış binası yenidən qurulacaq, ya da ki, tamamilə əsaslı təmir olunacaq və 30-dan çox ictimai bina inşa edilir. Bütün bu işləri biz bu ilin sonuna qədər başa çatdırmalıyıq, bu, sadəcə, birinci mərhələ olacaq. Bu evlərin sayı göstərir ki, minlərlə insan artıq bu ilin sonuna qədər Laçın şəhərində yaşayacaq və laçınlılar bu il öz doğma diyarına qayıdacaqlar.Eyni zamanda, Laçın şəhərində Heydər Əliyev Fondunun xətti ilə məscid inşa ediləcək. Məscidin təməlini də mən Laçında olarkən özüm şəxsən qoydum və çox gözəl yerdə bizim dini məbədimiz yaxın gələcəkdə inşa ediləcəkdir.Bununla paralel olaraq, Zabux və Sus kəndlərinin tamamilə yenidən qurulması prosesinə start verilib. Zabux kəndində 1000-dən çox, Sus kəndində isə 300-dən çox insan yerləşəcək. Bununla yanaşı, Güləbird və Qorçu kəndlərinin Baş planı təsdiqlənmişdir. Birinci mərhələdə Güləbird kəndində 2400, Qorçu kəndində isə 1300 insanın yerləşməsi nəzərdə tutulur. Yaxın gələcəkdə - bu il və gələn il Laçın rayonuna təqribən 10 minə yaxın, bəlkə də çox keçmiş köçkünü yerləşdiriləcək.Laçın şəhərinin bütün infrastrukturu yenidən qurulur – su xətləri, kanalizasiya xətləri, elektrik enerjisi xətləri, yollar, Laçın şəhərinin bütün daxili yolları yenidən qurulur. Daxili yolların uzunluğu təqribən 50 kilometrdən çoxdur. Laçın şəhərinin memarlıq üslubu da göz oxşayır. Yəni, bu, nəinki Azərbaycanın dünya miqyasında ən gözəl şəhərlərindən birinə çevriləcək,- nəzərə alsaq ki, Laçının çox füsunkar təbiəti - meşələri, dağları, çayları var,- bu, bir cənnət məkan olacaqdır. Bax, biz bu işləri görürük və bu, görülən işlərin, sadəcə, bir hissəsidir. Biz azad edilmiş bütün torpaqlarda indi genişmiqyaslı quruculuq işləri aparırıq və bu işləri öz hesabımıza görürük və görəcəyik”
Ölkəmizin gözəl guşəsi olan Laçında yenidən həyat canlanacaq, insanlar öz yurdlarına qayıdacaq və böyük quruculuq işləri həyata keçiriləcəkdir.
Qeyd etmək lazımdır ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, hərbi qələbəni siyasi qələbəyə çevirən diplomatik məharəti nəticəsində Laçın kimi, Ağdam və Kəlbəcər rayonlarının da qan tökülmədən, şəhid verilmədən geri qaytarılması tarixi hadisədir.
Mehman Əliyev,
YAP Xətai rayon təşkilatının "R.Əliyev küçəsi 19" ünvanı üzrə ərazi partiya təşkilatının fəalı