01 aprel 2023 13:51
248

ABŞ-da tornado insan tələfatına və dağıntılara səbəb olub

ABŞ-nin Arkanzas ştatında tornado səbəbindən fövqəladə vəziyyət rejimi elan olunub. Regionda meydana gələn bir neçə tornado azı beş nəfərin həyatına son qoyub.

“İki sahil” xəbər verir ki, təbii fəlakət nəticəsində, həmçinin onlarla insan yaralanıb, on minlərlə insan isə elektriksiz qalıb.

Tornado Arkanzas ştatının mərkəzi hissəsini və əhalinin ən six yaşadığı Littl-Rok şəhərini vurub. Orada təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün milli qvardiyanın gücündən istifadə olunur. Qonşu İllinoys ştatının Belvider şəhərində isə konsert zamanı zalın damı çöküb. Nəticədə bir nəfər həlak olub, 30-a yaxın insan xəsarət alıb.

Meteoroloqlar əlverişsiz hava şəraiti ilə əlaqədar regionda təhlükəli vəziyyətin davam edəcəyi barədə xəbərdarlıq ediblər. Risk zonasında 28 milyon insanın yaşadığı bildirilir. Milli Meteorologiya Xidmətinin məlumatına görə, Arkanzas, Missisipi, Ayova, Tennessi, İllinoys və Viskonsin ştatlarında onlarla tornado qeydə alınıb, lakin onların dəqiq sayı hələ müəyyən olunmayıb.