20 iyul 2024 15:56
1491

Azərbaycan Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində mühüm rol oynayır

Enerji sahəsində Bakıda müəyyənləşdirdiyimiz strateji tərəfdaşlıq bizim Avropaya qaz təchizatımızın 2027-ci ilin sonuna qədər ikiqat artırılmasını nəzərdə tutur. Biz bu hədəfə doğru irəliləyirik. 2021-ci ildə Avropa qitəsinə bizim qaz təchizatımız ildə 8 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 13 milyard kubmetrə yaxın olacaq. 2021-ci ildə ümumi ixrac 18 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 25 milyard kubmetr olacaq. İxracın yarıdan çoxu Avropaya gedir.

Azərbaycanın təbii qazını səkkiz ölkə alır, onlardan beşi - Bolqarıstan, Yunanıstan, İtaliya, Macarıstan və Rumıniya Avropa İttifaqının üzvüdür. İkisi İttifaqa daxil olmaq üçün namizəd ölkədir - Gürcüstan və Serbiya, eləcə də Türkiyə. Sessiyadan əvvəl cənab Baş nazirlə müzakirə etdik ki, dünən Sloveniya-Azərbaycan qaz əməkdaşlığı istiqamətində mühüm hadisə baş verdi. Ümid edirik ki, biz bir neçə aya Sloveniya bazarına daxil ola biləcəyik. İndi Avropa interkonnektor layihələri icra olunduqca Azərbaycan qazının daha çox Avropa ölkəsinə ixrac edilməsi üçün əlavə imkanlar olacaq.

Azərbaycan Avropanın enerji təhlükəsizliyin təmin olunmasında əvəzedilməz ölkələrdən biridir. Ona görə də Azərbaycanın iştirakı olmadan “Avropa Siyasi Birliyi” Zirvə toplantısında enerji təhlükəziliyi sahəsində müzakirələrin aparılması əhəmiyyətsiz olardı. Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısında iştirak edən Prezident İlham Əliyevə olan yüksək diqqət, səmimiyyət, liderlərin görüş üçün müraciətləri Azərbaycanın qitə üçün önəminin bariz nümunəsidir. Onlar Prezident İlham Əliyevi özlərinin enerji təhlükəsizliyi məsələsində qarantor, xilaskar kimi görür və qiymətləndirirlər. Birliyin Zirvə toplantısı çərçivəsində keçirilən “Enerji və bağlantı” mövzusunda dövlətimizin başçısının çıxışı da rəğbətlə və maraqla qarşılandı.

Ölkəmiz enerji sahəsi ilə yanaşı, “bağlantı”, yəni, nəqliyyat–kommunikasiya sahəsində də böyük imkanlara malikdir, bu istiqamətdə böyük işlərə rəhbərlik edir. Bu gün dünyada gedən müharibələr, siyasi və hərbi münaqişələr səbəbindən Şərq–Qərb ticarət yolları bağlanmaq üzrədir. Lakin Azərbaycan dünyaya iki qitəni birləşdirəcək təhlükəsiz, qısa, şaxələnmiş Orta Dəhliz marşrutunu təklif edir. Prezident İlham Əliyevin siyasəti beynəlxalq enerji və ticarət yollarının keçdiyi ərazilərdə sabitliyin qorunmasına, regionun başqa qüvvələrin münaqişə mərkəzinə çevrilməməsinə yönəlib.

Azərbaycan Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində, o cümlədən təbii qaz təchizatı marşrutlarının şaxələndirilməsində mühüm rol oynayır. . 1994-cü ildə "Əsrin müqaviləsi" imzalanandan sonra ölkəmiz dünya bazarlarına enerji, xüsusilə də xam neft ixrac etməyə başladı. "Şahdəniz", "Cənubi Qafqaz Boru Kəməri", TANAP və TAP kimi 4 layihədən ibarət, XXI əsrin ən mühüm infrastruktur layihəsi - Cənub Qaz Dəhlizinin açılması isə ölkəmizdə neft-qaz sənayesinin inkişafında yeni dövrün başlanğıcı oldu. Bu gün Azərbaycan təbii qazı Avropa üçün mühüm enerji mənbəyidir.

Son illər Azərbaycan təbii qazının Avropaya ixracının artırılması və yaşıl enerji sahəsində əməkdaşlıq imkanlarının araşdırılması məqsədilə Aİ ilə ölkəmiz arasında intensiv danışıqlar aparılır. Qlobal və regional enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan və bu istiqamətdə böyük layihələr həyata keçirən Azərbaycanın təbii qazına bu gün Avropada böyük tələbat var. Digər tərəfdən isə Avropa bazarı Azərbaycan üçün ən əlverişli bazardır. Artıq Azərbaycan qazı Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya çatdırılır. Azərbaycan öz təbii qazını Avropa bazarına birbaşa boru xətləri ilə çıxararaq Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsilə kommersiya məqsədli qaz nəql edir. Trans-Anadolu Qaz Kəməri (TANAP) 2018-ci il iyunun 12-də, ikinci fazası isə 2019-cu il noyabrın 30-da istifadəyə verilmişdir. 2019-cu il iyulun 1-dən etibarən Azərbaycan təbii qazının Avropaya nəql edilməsi üçün hazır vəziyyətə gətirilən TANAP Azərbaycan, Gürcüstan, Türkiyə xətti ilə TAP xəttinə birləşir və Bolqarıstan, Yunanıstan, Makedoniya, Albaniya, Serbiya, Bosniya və Herseqovina marşrutu üzərindəki ölkələr də bundan faydalanır.

Qeyd etmək lazımdır ki, yaşıl enerji ekoloji cəhətdən təmiz enerji mənbəyidir. Bu baxımdan, Avropa Komissiyası enerji təhlükəsizliyinin təminatında üç əsas istiqaməti müəyyən edir: enerjiyə qənaət, təmiz enerji istehsalı və Aİ-nin enerji təchizatının şaxələndirilməsi. Enerji istehsalı, sənaye, tikinti və nəqliyyat sektorunda bərpaolunan enerjinin genişləndirilməsi çərçivəsində Komissiya hədəfi 2030-cu ilə qədər 45 faizə çatdırmağı planlaşdırır. Beləliklə, Azərbaycanda yaşıl enerji təşəbbüslərinin dəstəklənməsi tərəflər arasında qarşılıqlı faydalı əməkdaşlığı gücləndirəcək. Azərbaycan da öz növbəsində enerji istehsalını şaxələndirmək üçün yaşıl enerji layihələrini dəstəkləməkdə maraqlıdır. Son illərdə ölkəmizdə yaşıl enerji zonalarının yaradılması və tədricən dekarbonizasiya prosesi vasitəsilə enerji sektorunda davamlı inkişafa start verilib. Avropa İttifaqı ilə iqtisadiyyatı neft və qaz gəlirləri əsasında dinamik sürətlə inkişaf edən Azərbaycan arasında əlaqələr bir çox sahələrdə uğurla davam edir. Möhkəmlənən əlaqələrin əsasında isə enerji sahəsində əməkdaşlıq mühüm yer tutur.

Orxan İsmayılov,
YAP Xətai rayon təşkilatının fəalı