01 aprel 2023 15:50
409

Vüqar Rəhimzadə: USAİD-in bədnam niyyəti

Bəzi Qərb təşkilatları ölkələrin daxili işlərinə müdaxilə etmək məqsədi güdürlər

Demokratik təsisatların inkişafı, dövrün tələblərinə uyğun  təkmilləşdirilməsi, insan hüquq və azadlıqları sahəsində yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsi müasir  müstəqil Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin əsas tərkib hissəsidir. Azərbaycan demokratik cəmiyyətin varlığını təsdiqləyən bütün atributların - insan hüquqlarının qorunması, azad mətbuatın formalaşdırılması, demokratik, beynəlxalq standartlara uyğun seçkilərin keçirilməsi, çoxpartiyalı sistemin yaradılması sahəsində dünyada nümunəvi ölkələrdəndir. Bu, ondan irəli gəlir ki, demokratik dəyərlərə sadiqlik sözdə deyil, əməldə öz təsdiqini tapır. Ulu öndər Heydər Əliyev bu çağırışı etmişdir ki, demokratiya bizim strateji kursumuzun əsas mahiyyətini təşkil edir. Heç bir qüvvə bizi bu yoldan döndərə bilməz. Bu fikirlərin davamı olaraq Prezident İlham Əliyev bildirir ki, demokratikləşmə  sadəcə bir şüar, niyyət deyil, ölkənin hərtərəfli inkişafının əsasıdır. Azərbaycanın demokratik təsisatların inkişafında, təkmilləşdirilməsində, beynəlxalq standartlara cavab verməsində  maraqlı, eyni zamanda, demokratik dəyərlərə söykənərək dünyaya açıq olması ABŞ və Avropanın bir çox siyasi institutlarının, maliyyə fondlarının, hüquq-müdafiə təşkilatlarının ölkəmizdə fəaliyyətinə, əməkdaşlıq əlaqələrinin qurulmasına stimul oldu. Təəssüflər olsun ki, illər keçdikcə əksər hallarda bu fondların, beynəlxalq hüquq təşkilatlarının  fəaliyyətində Azərbaycanın maraqlarına zidd addımlar özünü qabarıq şəkildə göstərməyə başladı. “Demokratiyaya dəstək”, “insan hüquqlarının müdafisinə dəstək”, “azad mətbuata dəstək” adı altında həyata keçirdikləri layihələrin məqsəd və məramı heç də ölkəmizdə qeyd olunan istiqamətlərdə görülən işlərə dəstək vermək deyil. Azərbaycan  xarici siyasətinin dəyişməz prinsiplərini ən yüksək tribunalardan bəyan edir.  Bütün dövlətlərlə  beynəlxalq hüquq, qarşılıqlı maraq və hörmət prinsipləri əsasında münasibətlər quran Azərbaycan heç bir dövlətin daxili işinə müdaxilə etmir və öz daxili işinə müdaxiləni yolverilməz hesab edir.

Bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) başda  olmaqla ABŞ hökumətinə bağlı olan, eləcə də guya müstəqil olan bu cür təşkilatlar vətəndaş cəmiyyətlərinin inkişafına tövfə verməkdən daha çox, siyasi proseslərə müdaxilə etmək, cəmiyyəti çaşdırmaq, ictimai-siyasi prosesləri manipulyasiya etmək, dövlətçilik prinsiplərini zəiflətmək məqsədi güdürlər. Bir qayda olaraq, bu cür təşkilatlar Azərbaycan dövləti ilə müəyyən istiqamətlərdə əməkdaşlıq etsələr də, onların əsas fəaliyyət istiqaməti, özlərinə sadiq qeyri-hökumət təşkilatları, media qurumları  yaratmaq, özünəməxsus şəbəkə formalaşdırmaq, radikal siyasi qüvvələrin anti-dövlət fəaliyyətinə dəstək vermək olub.  

 Baş redaktor onu da əlavə edib ki,  USAİD, NED, Fridrix Nauman, Marşall, İREX və digər bu kimi qurumlar ölkəmizdə  “5-ci kolon” formalaşdırmaq və ondan siyasi hakimiyyətə qarşı təzyiq vasitəsi kimi istifadə etmək, iradələrini diqtə etmək, güzəştlərə nail olmaq üçün istifadə ediblər. Daxili anti-Azərbaycan qüvvələrin bu təşkilatlardan maliyyə dəstəyi alaraq ölkədə ictimai-siyasi vəziyyəti gərginləşdirmək cəhdləri  məlum olaylardandır. Azərbaycan dövlətinin mütəmadi olaraq siyasi partiyaların, ictimai birliklərin maliyyələsməsində şəffaflıq məsələsini gündəmdə saxlaması, bu kimi halların baş verməməsi üçün ciddi addımlar atması diqqətdən kənarda qala bilməz. Müxalifətçiliyi dövlətə, dövlətçiliyə qarşı  addım kimi dəyərləndirən, radikal mövqedə dayanmaqla nəinki ölkə ictimaiyyətinin, müxalifətin konstruktiv qanadının   qınağına səbəb olan ünsürlərin müxtəlif adlar altında yaratdıqları “birlik”lərin də müəllifi və  maliyyə dəstəkçisi məhz bu təşkilatlardır.  Azərbaycanın  gündən-günə güclənməsini, qüdrətlənməsini, demokratik inkişafını, müstəqil siyasətini həzm edə bilməyən bəzi xarici dairələr özlərinin çirkin niyyətlərini daxili bədxahlarımızın vasitəsilə həyata keçirməyə çəhd edirlər. Hər zaman bu cəhdlər Azərbaycanın  gücü, qüdrəti qarşısında  boşa çıxır.

Vüqar Rəhimzadə bildirib ki, ABŞ-in maliyyə yardımı adı altında qeyri-sabit, çevriliş və xaos üçün münbit şərait yaratmaq səyləri hələ də davam edir. Əvvəlcə Qərbin, sonra Rusiyanın, daha sonra isə İranın şəbəkələri darmadağın edildikdən sonra boş qalan yerin yenidən Qərb təsisatları tərəfindən doldurulmasına cəhdlər göstərilir. Bu fəaliyyətə indi USAİD və onun qatı ermənipərəst rəhbəri Samanta Pover başçılıq edir.  USAİD ABŞ Mərkəzi Kəşfiyyat qurumunun alt qolu kimi yaradılıb və hazırda yardım adı altında ayrı-ayrı ölkələrin daxili işlərinə aktiv şəkildə müdaxilə etməklə məşğuldur. USAİD 1991-ci ildən başlayaraq Azərbaycanda da fəaliyyət göstərir. Rəsmi missiyası zəif inkişaf etmiş, ehtiyacı olan ölkələrə dəstək göstərmək olan bu təşkilatın, o dövrün Azərbaycanında fəaliyyət göstərməsi anlaşılan idi. Lakin indi Azərbaycan özü bir çox dövlətə yardım edir və bir çox iri layihələr üçün donor funksiyasını yerinə yetirmək gücündədir. O zaman USAİD-in ölkəmizdə fəaliyyətinə nə ehtiyac var?

  Baş redaktor diqqəti bugünlərdə  ABŞ Administrasiyasının  120 ölkənin iştirakı ilə keçirdiyi  “demokratiya” sammitinə yönəldərək bildirib ki, bu tədbir Qərbin ölkəmizə qərəzli mövqeyini bir daha ortaya qoydu. Sammitə demokratiya anlayışının mahiyyətini belə dərk etməyən Ermənistan çağırıldığı halda, Azərbaycan, Türkiyə, Macarıstan kimi dövlətlərin dəvət edilməməsi tədbirin adı ilə məqsədi arasında böyük bir təzadın olduğunu ortaya qoydu. Bir tərəfdə Azərbaycan kimi demokratik dəyərlərə sadiq, ədalətin və beynəlxalq hüququn yanında olan güclü, qüdrətli dövlət, digər tərəfdə isə Ermənistan kimi müstəqilliyi formal xarakter daşıyan, terroru dəstəkləyən, işğalçılıq siyasəti yürüdən, qeyri-demokratik ölkə dayanır. ABŞ  “demokratiya” sammitində işğalçını görmək istədisə, bu, dünyanın hələ də hüquq problemi yaşadığını, maraqların ədaləti üstələməkdə davam etdiyini təsdiqləyir.