KÖŞƏ

Vəli İlyasov

Sükunət...

05 aprel 2023 22:27
1683

Onun ardınca tufan olacaqmı?

Təəccüblüdür ki, ermənilər Hayastan ordusunun İkinci Qarabağ müharibəsindəki məğlubiyyətininin səbəblərini özlərindən başqa hər yerdə axtarırlar. Sanki dünya dövlətlərinin bunları qorumaq öhdəliyi var. Sual olunmalıdır ki, xalqını, sərhədini qoruya bilməyən hakimiyyət hansı ağılla müharibə edir? Məntiqlə hakimiyyət özgələrin gücünə aldanıb öz ölkəsini riskə atmamalıdır. Bu ölkənin televiziya kanallarında və yerli mətbuatda çıxış edənlərin böyük əksəriyyəti daha çox Rusiyanı və onun İrəvandakı əlaltılarını günahlandırır. Onlar aydın ifadə edirlər ki, nə üçün ruslar, fransızlar və amerikalılar gəlib Ermənistanla birlikdə Azərbaycana qarşı döyüşmədilər? Bəziləri bu ölkələr barədə rişxəndlə danışır, "onlar necə müttəfiqlərdir ki, bizi Azərbaycanın qarşısında tək qoydular?" deməkdən heç də utanmırlar.

Bu suala ətraflı cavab verən erməni ictimai-siyasi xadimi, vaxtilə Qarabağ hərəkatının fəal üzvlərindən biri kimi tanınmış Paruyr Ayrikyan deyir ki, ermənilər yüz illərdir ki, ruslara nökərçilik edirlər. Biz öz yerimizi bilməliyik. Bəziləri belə axmaq suallar verirlər ki, biz Qarabağı itirə bilərikmi? Mən də onlara cavab verirəm: ağlınızı itirmisiniz yoxsa, Qarabağı 2020-ci ildə itirmişik. Hazırda onun ətrafında xırda və mənasız oyunlar gedir, cəfəng fikirlərlə özünü aldatmaq lazım deyil.

Yerli internet telekanallarından birinin sualını cavablandıran digər bir erməni isə necə deyərlər, “daş atıb başını tutur.” O, deyir ki, Qərb və Avropa bizim kimi cırtdan dövlətə kömək edərmi? Bunu düşünənlər yalnız sadəlövhlər ola bilər. Onlar kimisə həmişə qızışdırıb ortaya salır, sonra kənardan durub tamaşa edirlər ki, görək kim kimi əzir. Onların bizə köməyini gözləyənlərin gözləri yollarda qalacaq.

Telekanallardan birinə müsahibə verən professor Nikolay Asaturyan adlı, soyadlı erməni isə Rusiyanın "adamı" olan Serjik Sarkisyan barədə danışanda onu istehza ilə "çeburaşka Serjik" adlandırıb. Professor Asaturyan eks-prezidentlər Robert Koçaryanla Serjik Sarkisyanın fəaliyyətindən tamamilə narazı şəkildə danışaraq bildirib ki, onlar hakimiyyətə Ermənistanı inkişaf etdirməyə deyil, öz mədələrini inkişaf etdirməyə gəlmişdilər. Ona da nail oldular. Hər iki dələduz Qarabağı abadlaşdırmaq əvəzinə, əksinə, orada mövcud olan hər şeyi satıb-sovub öz ciblərinə qoydular. İndi yenə Rusiyanın gölgəsində hakimiyyətə gəlməyə cəhd edirlər, ancaq baş tutan deyil, onların qatarı çoxdan gedib.

 Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi getdikcə güclənir. Vəzifələrdəki rusbaşlar Nikol Paşinyanın hakimiyyətinin ilk illərində sıxışdırılıb çıxarıldılar. Rusiyameyilli ermənilərin də tam əksəriyyəti də vəzifələri ilə vidalaşıblar. Yalnız orduda hələlik tam təmizləmə aparılmayıb. Ancaq Paşinyan   məqam düşdükcə onların da sıralarına “əl gəzdirir.”

Bir neçə dəfə İrəvanın Teatr meydanında keçirilən mitinqdə çıxış edən ermənilər Rusiya Prezidenti Vladimir Putinin portretlərini və dövlət bayrağını tapdalayaraq yandırıblar. Həmin mitinqlərdə təhqiramiz anti-Rusiya şüarları söyləyiblər. Tələb ediblər ki, ağır məqamda onları müdafiə etməyən Rusiya Gümrüdəki hərbi bazasını və qoşunlarını ölkə ərazisindən çıxarsın.

Nikol Paşinyan hökuməti bunlardan da radikal tədbirlərə əl ataraq Qərbin dəstəyi ilə Rusiya hərbi kontingentini ölkə ərazisindən çıxarmağa çalışır. Artıq bir neçə vaxtdır ki, Avropa İttifaqının 200 nəfərlik yaımhərbi missiyası Ermənistandadır. Onların əsas vəzifəsi rusların Ermənistanda gördüyü işləri izləmək, atacağı addımların məğzini, hərbçilərin sayını və tərkibini öyrənməkdir. Bir sözlə, Ermənistan qərblilərin əli ilə Rusiyanın əsəblərini "barmaqlayır."

Təbii ki, Rusiya rəhbərləri onlara qazılan quyunun getdikcə dərinləşdiyini çoxdan bilirlər. Ancaq müəmmalı surətdə susur və hansısa məqamı gözləyirlər. Ola bilər ki, Ukrayna cəbhəsində müharibənin hansı nəticə ilə sona yetəcəyini gözləyirlər və hələlik Ermənistana qarşı sərt tədbirlər görmürlər. Düşünürlər ki, bəlkə çevriliş vasitəsi ilə hakimiyyətə öz "adamlarını" gətirərlər, bununla da hər şey qaydasına düşər. Digər variantlar da var.  Hər halda bir neçə gündür ki, Ermənistandakı Rusiya qoşunları təlimlərə başlayıblar. Görünür, bu təlimlər “cızığından” çıxmış ermənilərə ciddi xəbərdarlıqdır. Ancaq nə qədər qəribə olsa da rəsmi Moskva susur...Başqa vaxtlar Kremlin dil-dil ötən sözçüləri də heç nə demir. Adətən, müəmmalı susqunluğun arxasından dəhşətli gurultulu hadisələr gəlir. Görək bu hadisələr Ermənistana nə gətirəcək, qan, yoxsa səadət?

İnandırıcı deyil ki, Rusiya üç yüz il bəsləyib qoruduğu Ermənistanın onun çətin günündə xəyanətini ona qansız-qadasız bağışlasın. Yalansa da gerçək olsun!