08 aprel 2023 00:00
536

Narkomaniya ilə mübarizə vətəndaşlıq borcumuzdur

Narkomaniya və narkotizm müasir dünya üçün hədsiz sarsıntı və faciələri ilə sosial-iqtisadi, cinayət-hüquqi, mənəvi-psixoloji və tibbi cəhətdən mürəkkəb, ictimai təhlükəliliyi həddən artıq yüksək, ən ağır nəticələr doğuran  ümumbəşəri bir problemdir.

Narkomaniya yoluxucu xəstəlik kimi insanlar, xüsusən də gənclər arasında yayılmış, öz miqyasını genişləndirərək transmilliləşmiş, bəşəriyyətin sosial-iqtisadi, mənəvi-əxlaqi dayaqlarını dağıtmaq səviyyəsinə çatmışdır. Hazırda dünyada narkotizasiyasının acı nəticələrini hiss etməyən ölkə tapmaq mümkün deyildir.

Narkomanlığın ictimai təhlükəliliyi, həmçinin insanların sağlamlığının ciddi pozulmasında, intellektuallığın, ictimai fəallığın aşağı düşməsində, sosial əlaqələrin daralmasında və parçalanmasındadır. Narkotiklərdən istifadə nəticəsində psixi xəstəliklərə düçar olan, cəmiyyətdə tüfeyli həyat sürən narkomanlar tərəfindən ictimai təhlükəli əməllərin törədilməsi hallarına tez-tez rast gəlmək mümkündür.

Narkomanlıq cəmiyyətin gələcəyi üçün iki böyük təhlükə daşıyıcısıdır. Birincisi, narkomaniya ilə xəstələnmiş fərdin şəxsiyyətində əsaslı dəyişikliklər baş verir ki, bunlar da, öz növbəsində, onun və ailəsinin həyatında mənfi dəyişmələrə gətirib çıxarır. İkincisi, narkomaniya cinayətkarlığın, zorakılığın, işsizliyin artmasına, dəhşətli xəstəliklərdən olan QİÇS və hepatitin yayılmasına şərait yaradır.

Narkomaniyanın faciəvi, qorxunc nəticələrindən danışarkən yaddan çıxartmaq olmaz ki, narkomaniya, ilk növbədə, adamlarda insanlığı məhv edir, onu şüursuz bir varlığa, kimliyi, yeri-yurdu, nəsili bəlli olmayan, özünun insan olduğunu dərk etməyən görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun məşhur mankurtuna çevirir.

Azərbaycanda narkomaniya ilə mübarizə sahəsində böyük işlər görülmüş, uğurlu addımlar atılmışdır. Ölkədə bu sahədə qanunvericilik bazası işlənib hazırlanmış, Dövlət proqramları həyat keçirilmişdir. Eyni zamanda, bir sıra təşkilati, maddi-texniki və digər xarakterli məsələlər həll edilmişdir. Əlbəttə ki, cəmiyyətimizin, ayrı-ayrı ictimai birlik və təşkilatların, ən müxtəlif Dövlət strukturlarının, xüsusən də hüquq-mühafizə və digər sosial nəzarət orqanlarının bu istiqamətdə səylərinin birləşdirilməsi və gücləndirilməsi vacibdir.

Etiraf etməliyik ki, hüquq-mühafizə orqanları bu gün təklikdə bu problemi həll etmək, narkoepidemiyanın yayılma templərini aşağı salmaq iqtidarında deyillər. Ümumiyyətlə, təkcə repressiv tədbirlərlə, sərt cinayət-hüquqi sanksiyalarla bu problemi həll etmək qeyri-mümkündür. Dünyanın bir sıra ölkələrinin təcrübəsi göstərir ki, həddən artıq sərtliyi ilə seçilən qanunvericilik bazası, cinayət-hüquqi tədbirlər kompleksi problemin həllinə kömək etməmiş, narkomaniyanın neqativ meyillərinin qarşısının alınmasına gətirib çıxarmamışdır.

Narkomaniya ilə effektiv mübarizə aparmaq, onun cəmiyyət və şəxsiyyət üçün olduqca təhlükəli olan təzahürlərinin yayılmasının qarşısını qətiyyətlə almaq narkotik vasitələrdən və psixotrop maddələrdən asılılığın tibbi, sosial, psixoloji və iqtisadi xarakterli mənfi nəticələrini aradan qaldırmaq istəyən hamının, o cümlədən ictimai təşkilatların, ayrı-ayrı vətəndaşların xüsusi diqqətini tələb edir. Ona görə də onunla mübarizəyə hər bir ölkənin aparıcı kriminoloqları, narkoloqları, psixoloqları, psixiatrları, sosioloqları, habelə xarici ölkələrin mütəxəssisləri cəlb edilməlidir. Narkomanlığın qarşısının alınmasında hüquq-mühafizə orqanları ilə bərabər, səhiyyə və təhsil müəssisələri də xüsusi rol oynamalıdırlar. Eyni zamanda, nakromanlığın profilaktikasında kütləvi informasiya vasitələrinin, mətbuat, radio və televiziyanın, xüsusən də internetin imkanlarından daha geniş və səmərəli şəkildə istifadə edilməlidir.

Narkomaniyanın yayılması ilə mübarizədə ən vacib istiqamətlərdən biri də əhali arasında sağlam həyat tərzinin təbliği və gənclərin narkotizm əleyhinə düzgün və sistematik tərbiyələndirilməsidir. Gənc nəsil narkomaniya toruna düşməsi daha çox ehtimal edilən cəmiyyətin ən gövrək hissəsidir. İctimai fikir bu sosial bəla ilə həqiqi mübarizəyə daim hazır olmalıdır.

Bir sözlə, narkomaniya ilə ümummilli səviyyədə mübarizə aparılmalıdır. Çünki bu mübarizə həyatımızı, ailəmizi, sağlamlığımızı, dövlətçiliyimizi və gələcəyimizi qorumağa xidmət edir.

Səbinə Qədirova,
Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Bioloji Ekspertizalar şöbəsinin rəisi