Bu gün bəşər tarixinin ən qanlı olaylarından biri Ağdaban soyqırımından 31 il ötür. 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Bakıda AXC-Müsavat cütlüyünün səbəb olduğu anarxiya nəticəsində yaranan siyasi böhrandan istifadə edən Ermənistan hərbi-siyasi rəhbərliyi Azərbaycanda əhalinin gözünü qorxutmaq və etnik təmizləmə prosesini intensivləşdirmək məqsədilə Kəlbəcər rayonunun Ağdaban kəndinə qəfil hücum əmri verdi. Beynəlxalq humanitar hüququn bütün tələblərini ayaqlar altına atan bu soyqırım aktı nəticəsində 130 evdən ibarət Ağdaban kəndi tamamilə yandırılaraq yer üzündən silindi, 2 azyaşlı, 8 nəfəri 90 yaşdan yuxarı qoca olmaqla 67 nəfər amansız metodlarla qətlə yetirildi, 7 qadın diri-diri yandırıldı, ümumilikdə kəndin 779 nəfər dinc sakini işgəncələrə məruz qaldı. Lakin ermənilər yalnız insanları hədəfə almaqla kifayətlənməyərək Ağdabana hücum zamanı tarix, memarlıq və mədəniyyət abidələrini dağıtmış, ziyarətgah və məzarlıqları vandalizmə məruz qoymuş, Aşıq Qurbani və onun oğlu ustad Aşıq Şəmşirin evi, zəngin arxivi və əlyazmaları bu vəhşi qəbilə tərəfindən talan edilərək yandırılmışdı. Bu və digər faciələrin üzərindən siyasi oyunlar quraraq cəmi ay yarım sonra hakimiyyətə gələn AXC-Müsavat cütlüyü isə Ağdaban faciəsinə dırnaqarası yanaşaraq hər hansı siyasi-hüquqi qiymət vermək cəhdində bulunmamaqla xəyanətlərini davam etdirdilər. Bu qanlı olaylara ilk hüquqi-siyasi qiyməti Ulu Öndər Heydər Əliyev verərək Ağdabanda baş verənləri bəşəriyyətə qarşı törədilən ən böyük cinayət adlandırıb, bunu bütün insanlıq adına utanc kimi səciyyələndirib. Ağdaban faciəsi xarakterinə görə BMT Baş Assambleyası tərəfindən 9 dekabr 1948-ci il tarixdə qəbul olunmuş “Soyqırım cinayətinin qarşısının alınması və ona görə cəzalandırma haqqında" Konvensiyada təsbit olunan soyqırım əlamətlərini tam formada əhatələsə də, hələ də 1918-ci ilin saxta "erməni soyqırımı" olaylarına timsah göz yaşları tökən ikiüzlü Qərb siyasətçiləri, insan haqları təsisatları o zaman bu hadisəni görməzdən gəldikləri kimi bu gün də prosesə heç bir tarixi-siyasi, hüquqi qiymət verməyiblər. Lakin cənab İlham Əliyevin müzəffər Ali Baş Komandanlığı altında Vətən mühaharibəsindəki qələbəsi ilə Azərbaycan BMT qətnamələrini öz gücünə hərbi-siyasi yolla icra etdirərək erməni işğalına son qoymaqla, Ermənistan və müttəfiqlərinin birləşmiş ordularını darmadağın etməklə 28 il sonra Ağdaban qurbanlarının da qisasını aldı.
Bu gün Kəlbəcər, o cümlədən Ağdaban böyük quruculuq və bərpa prosesində özünün çiçəklənmə dövrünə qədəm qoymaqda, əsl sahiblərinin əbədi formada Böyük qayıdışı günlərini saymaqdadır.
Bəhruz Məhərrəmov,
Milli Məclisin deputatı