KÖŞƏ

Vəli İlyasov

Sərhəd toqquşmasında üçüncü qüvvə barmağı

13 aprel 2023 01:14
1707

Və yaxud son təxribatın əsl müəllifi kimdir?

Sonuncu təxribat heç kimə lazım deyildi. Amma törədildi. Təəccüblüdür ki, döyüşlər gedən məqamda Ermənistan parlamenti işini yarımçıq dayandırıb, müdafiə naziri Suren Papikyan isə xarici səfərdə idi. Erməni toplumunun böyük hissəsi yeni müharibəni qətiyyən istəmir. Ortada qalır bir ovuc revanşist və xarici ölkələrin casusları. Yəni onlar bu qədər cəsarətlidirlər ki, ölkənin hərbi-siyasi rəhbərlərinin xəbəri olmadan məğlub olduqları Azərbaycan Ordusunun bölmələrinə hücum təşkil edirlər? Baş verənlərdən belə bir nəticə çıxır: həmin bir ovuc revanşist  hökuməti saymır və istədiklərini edə bilir. Deməli, o bir ovucun arxasında ona dayaq duran, təmin edən və komanda verən gizli bir qüvvə var. Bu, hansı qüvvədir və ya qüvvələrdir? Hələlik bu suala dəqiq cavab verən yoxdur.

Ən real və diqqət çəkən məqam isə odur ki, bu təxribat Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın may ayında  ABŞ-da görüşünün keçirilməsi ilə bağlı informasiya yayılandan sonra törədildi. Şübhəsiz, bu təxribat nə Azərbaycan xalqının, nə də erməni toplumunun xeyirinədir. Bu təxribat hansısa üçüncü qüvvəyə xidmət edir. O qüvvənin ki, Azərbaycanla Ermənistanın sülhə, barışığa gəlməsini başı götürmür. Məlumdur ki, Ermənistan öz sərhədlərini özü qoruya bilmir, digər tərəfdən, iki ildən artıqdır ki, İran İslam Respublikasının molla rejimi ermənilərə "qardaş" deyərək qabağına tulapayı atıb Azərbaycana qarşı qısqırdır.

Yuxarıda dediklərimizlə heç də son təxribat əməlində Ermənistanın üzünü yumaq fikrində deyilik. Fakt odur ki, regionda sülhün və əmin-amanlığın təmini üçün Ermənistanın hərbi təxribatlardan əl çəkməsi ilə bağlı dəfələrlə çağırış və bəyanatlar səsləndirilməsinə baxmayaraq bu hərbi insidentlərin davam etdirilməsi Hayastanın sülh prosesində maraqlı olmadığını, işğalçılıq niyyətlərindən əl çəkmədiyini bir daha sübut edir.

Eyni zamanda görünən odur ki, Ermənistan beynəlxalq hüququn və beynəlxalq humanitar hüququn norma və prinsiplərini kobud şəkildə pozmaqla regionda sülh prosesinə maneə törətməkdədir.

Xatırladaq ki, Azərbaycanın Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən, 11 aprel tarixində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub. Qarşı tərəfin törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid olub və yaralanıb. Ermənilər tərəfdən də ölənlər və xeyli sayda əsgər və zabit yaralanıb.

Allah şəhidlərimizə rəhmət etsin! Onların gənc ömürlərinin yarıda qalmasına bais olanlara lənət olsun!