14 aprel 2023 14:41
872

Abonentlərin təbii qazdan qeyri-qanuni istifadə halları artıb - VİDEO

Aprelin 14 –də SOCAR-ın «Azəriqaz» İstehsalat Birliyində (İB)  mətbuat nümayəndələri üçün növbəti «Açıq qapı» aksiyası keçirilib.

Aksiyada İB-nin Baş direktorunun satış üzrə müavini Rəşad Cavadov və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev jurnalistlərin suallarını cavablandırıblar.

R. Cavadov bildirib ki, son dövrlər ölkədə qazdan qeyri-qanuni istifadə halları artıb. Onun sözlərinə görə, 2023-cü ilin birinci rübündə 5206 sayğaca müdaxilə halı aşkar edilib: « Həmçinin qeyd olunan dövrdə 6239 ədəd sayğacdankənar istifadə halları baş verib. Sayğacdankənar hallar ötən illə müqayisədə 353 ədəd azalsa da sayğaca müdaxilədə 1551 ədəd artım olub.  Bu, rəqəmlər isə abonentlərin qazdan qeyri-qanuni istifadə hallarının artmasını göstərir”. Bu kimi mənfi hallar daha çox paytaxtda aşkarlanıb. Regionlarda belə hallara az təsadüf edilir.»

R. Cavadov bildirib ki, bu gün ölkədə qazdan istifadə edən 2 milyon 529 min abonent var ki, onun da bir milyon 489 mini əhali sektorunun payına düşür. Qeyri- əhali sektoru isə 40 mindir.

Birinci rüb ərzində abonentlərə satılan təbii qazın ödənişi 91, 1 faiz olub.  Əhali sektoru üzrə ödənişlər 92,4 faiz, qeyri- əhali üzrə isə 89, 8 faiz olmuşdur.  

Ölkədə qazlaşdırılama işləri bərədə  məlumat verən müavin bildirib ki, 2023-cü ildə daha 150 kənd və yaşayış massivi qazla təmin ediləcək. Artıq dörd kəndə qaz verilib və 14 kənddə isə tamamlama işləri aparılır.

Elçin Zaman, "İki sahil"