20 aprel 2023 14:53
868

"Azəriqaz" abonentlərə xəbərdarlıq etdi - VİDEO

Smar kart tipli sayğaclara təbii qazın yüklənməsində fasilələr yaranacaq

Aprelin 20- də SOCAR-ın «Azəriqaz» İstehsalat Birliyində (İB)  mətbuat nümayəndələri üçün növbəti «Açıq qapı» aksiyası keçirilib.

Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyevin moderatorluğu və qurumun digər şöbə rəislərinin iştirakı ilə keçirilən tədbirdə jurnalistlərin sualları cavablandırılıb.

Tədbirdə Birliyin 104- Qəza çağrı xidməti mərkəzi şöbəsinin rəisi Xalidə Şimşək bildirib ki, şöbənin istifadəsində olan serverlərdə texniki-profilaktiki işlərin aparılması ilə əlaqədar 21 aprel saat 22:00-dan, 22 aprel saat 10:00-dək  və 22 aprel saat 22:00-dan 23 aprel saat 10:00-dək ödəniş sistemləri işləməyəcək: «Eləcə də 104/185 qısa yığım nömrələrinə zənglər daxil olmayacaq. Ona görə də 21 aprelədək balansında kifayət qədər kubmetr qaz olmayan abonentlər mütləq qaydada smart kartlarına yükləmə etsinlər. Əgər qaz təchizatı ilə bağlı hər hansı bir problem yaranarsa, vətəndaşlar Çağrı mərkəzinin 077 3 104 104 «Whatsapp» nömrəsi və «azeriqaz.az» saytının onlayn çat bölümü vasitəsilə müraciətlərini ünvanlaya bilərlər. Düzdür, çağırışlar cavablandırmayacaq, ancaq nəzarətə götürüləcəklər.»

İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bildirib ki, İB bu ilin birinci rübündə əhali sektoru üzrə 43 250 ədəd qaz sayğacını yenisi ilə əvəz edib. Onun sözlərinə görə, əvəz edilən sayğacların 19 817 ədədi smart kart tipli, 23 433 ədədi isə mexaniki (sonradan ödənişli) cihazların payına düşüb.

Eldəniz Vəliyev onu da əlavə edib ki, 2023-cü ilin üç ayında əhali kateqoriyası üzrə yeni qeydiyyata alınmış abonentlərin sayı 18 880 nəfər təşkil edib. Hesabat dövründə qeydiyyata alınan abonentlərinin 639-u smart kart tipli, 18 341-i isə mexaniki sayğacla təmin edilib. O, eyni zamanda, abonentlərin təbii qazdan istifadəsindəki limitlərə dair statistik göstəriciləri də açıqlayıb: « 2023-cü ilin yanvar- mart ayları ərzində əhali sektorunda təbii qazla təmin olunan 2 milyon 062 min 464 abonent (abonentlərin 82,8 faizi)  12 qəpik tarifi ilə qaz istifadəsi limitini keçməyib. 397 min 870 abonent  (16 faiz) 20 qəpik, 28 min 856 abonent isə (1,2 faiz) 25 qəpik tarifi ilə qaz istifadə ediblər.»

E. Vəliyev, həmçinin bildirib ki, bu ilin yanvar-mart ayları ərzində ölkə ərazisində fəaliyyət göstərən 415 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadəsi üçün illik 5 000 kubmetr limit ayrılıb. Birlik onları  bu gün də təbii qazla fasiləsiz və təhlükəsiz təmin etməkdədir.

Elçin Zaman, "İki sahil"