KÖŞƏ

Əhməd Qurbanoğlu
[email protected]

İt əl çəksə də...

25 aprel 2023 22:03
4829

Günün nəbzi

Motalqarın zatulinlər onun zəncirini əllərindən buraxmaq niyyətində deyillər

Ötən həftə Ermənistanın başabəla baş naziri Nikol Paşinyanın ölkə parlamentində çıxışı zamanı Azərbaycanın ərazi bütövlüyü və ölkəmizlə  sülh sazişinin imzalanmasının vacibliyi haqqında söylədiyi fikirlər Kremldə əməlli-başlı fırtına qoparıb. Əvvəlcə hərdəmxəyal Nikolun bu çıxışındakı hansı fikirlərin Rusiya yetkililərini qarın ağrısına salmasından başlayaq. Beləliklə, Hayastan lideri deputatlar qarşısında birmənalı şəkildə, necə deyərlər, heç bir əl yeri qoymadan bəyan edib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tam formada tanıyır. “Biz Azərbaycanla sülh müqaviləsinin ən qısa müddətdə imzalanması üçün səmimiyyətlə çalışırıq.” Baş nazirin sözlərinə görə, bölgədə sülhün təmin olunması üçün kommunikasiyaların açılması vacibdir: “Bu, tərəflərin ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır.” N.Paşinyan, həmçinin belə bir reallığı etiraf etməyə məcbur olub  ki, Azərbaycan birbaşa, yaxud dolayısilə  qlobal enerji və ya logistika layihələrinin kəsişməsinə çevrilib: “Bu, onun həm Rusiya, həm də bəzi Qərb ölkələri üçün əhəmiyyətini artırıb”. Onun sözlərinə görə, sülhə nail olmaq - dörd qonşu ölkə ilə normal münasibətlərin olması deməkdir. Burada söhbət Gürcüstan və İranla əməkdaşlığın daha da dərinləşdirilməsindən, Türkiyə və Azərbaycanla isə münasibətlərin normallaşdırılmasından gedir.”

İkibaşlı oyunlar ustasının çıxışındakı fikirləri tam bölüşməsək də güman etmək olar ki, ilk baxışda onun  avazı pis gəlmir. Yəni, bu gün onun rəhbəri olduğu təcavüzkar ölkənin artıq 35 ildir ki, Cənubi Qafqazı, xüsusilə Azərbaycanı qan çanağına döndərən ərazi iddialarından əl çəkdiyi Ermənistanın biabırçı kapitulyasiyası ilə nəticələnmiş İkinci Qarabağ müharibəsindən sonra növbəti dəfə rəsmi  şəkildə bəyan edilir. Şübhəsiz, hərdəmxəyallıqda ad çıxarmış bəşabəla baş nazirin bu dəfə də oxuduğunun “İncil” olub-olmadığını yaxın günlərdə biləcəyik.

Nə isə...Keçək əsas mətləbə. Bəs görəsən, sırf iki ölkənin münasibətlərinə aid olan bu məsələ nədən Kremldə “dəhşətli” fırtına qoparıb? Axı, burada rəsmi Moskvanın ünvanına bir kəlmə də qıcıq doğuracaq ifadə işlədilməməsi bir yana qalsın, demək olar ki, Rusiyanın adı belə çəkilmir. Belədə istər-istəməz haqlı sual çıxır ortalığa:  Əgər Rusiya tərəfi soğan yeməyibsə içi niyə göynəyir? Beləliklə, Paşinyanın məlum bəyanatı beynəlxalq informasiya kanalları ilə yayılar-yayılmaz əvvəlcə bütün dünyada şər-böhtan ruporu, abırsızlıq,  həyasızlıq etalonu kimi tanınan,  qatı şovinist, Kremlin sözünü dediyi heç kimdə şübhə doğurmayan Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiyaya inteqrasiya və soydaşlarla əlaqələr üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulin,  daha sonra isə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məsələyə isterik formada münasibət  sərgiləyiblər. Ermənistanda “persona non-qrata” edilsə də haylara yarınmaq şakərindən əl çəkməyən zatıqırıq Zatulin məsələyə qətiyyən aidiyyəti olmayan fikir söyləyib. Bildirib ki, Azərbaycan Qarabağdakı Rusiya “sülhməramlıları”nın qalma müddətini uzatmaqdan imtina edə bilər. Onun qənaətinə görə, Azərbaycan Rusiya “sülhməramlıları”nı ona görə qovacaq ki, sonradan Qarabağdakı erməni əhalisinə qarşı edəcəyi təzyiqlərin və onların “öz torpaqlarından qovulmasının” şahidləri olmasın. İfadəyə diqqət yetirin: “Ermənilərin “öz torpaqlarından qovulmasının” şahidləri olmasın... Əvvəla, başqaları bilməsə də Gürcüstanda doğulub böyüyən bu zatıqırıq  yaxşı bilir ki, Qarabağ hay tayfalarının torpağı deyil, onlar bu ərazilərdə zatulinlərin babaları tərəfindən məskunlaşdırılıblar. İkincisi, olmayan ağlı və şüuru hələ də orta əsrlər səddini aşa bilməyən bu kütbeyin “deputat-siyasətçi” doğrudanmı anlamır və qanmır ki, elmin, texnologiyaların, kommunikasiyaların sürətlə inkişaf etdiyi müasir dövrdə dünyanın hansısa nöqtəsində “şahidləri zərərsizləşdirmək” yolu ilə kimlərisə  gizlin şəkildə harasa qovmaq mümkünsüzdür?.. Özü də utanıb-qızarmadan, abır, həya etmədən  bu şər-böhtanı, nifrini Azərbaycan kimi dini və etnik tolerantlığı, multikulturalizm ənənələri bütün dünyaya nümunə olan bir ölkənin və xalqın ünvanına yağdırır.

Əsl ermənilikdə artıq hayları çoxdan üstələmiş, özünü MDB-nin və Avrasiyanın ağası statusunda görən Zatulin artıq ərazisinə girməsi yasaq edilmiş Ermənistanın daxili işlərinə qarışmaqdan da çəkinmir. “MDB-nin və Avrasiyanın ağası”  Ermənistanın baş nazirini xəyanətdə suçlayaraq iddia edir ki,  artıq  “Paşinyan əraziləri və insanları təhvil verib”. O, bu kontekstdə “Azərbaycanın növbəti planlarından” xəbərdar olduğunu da iddia  edib. Bildirib ki, Azərbaycan tərəfindən həyata keçiriləcək  “növbəti akt sülhməramlıların Qarabağda xidmət müddətinin uzadılmasından imtina edilməsi olacaq.”  Zatıqırıq Zatulin sözügedən sərsəmləməsində Vətən müharibəsindən sonra Azərbaycanın Qarabağ ermənilərinə  “ən yüksək muxtariyyət” verilməsindən imtina etməsinin”, “artıq Bakının ”Dağlıq Qarabağ” terminini leksikonundan çıxarmasının” Rusiyanı çox əndişələndirdiyini dönə-dönə təkrarlayır.

Bu məqamda Azərbaycanın əsrlərin dərinliklərindən süzülüb gələn “İt əl çəkdi, motal əl çəkmədi” məşhur atalar məsəlinin müdrikliyini və bütün dövrlər üçün aktuallığını qeyd etməmək olmur. İndiki halda bu zərb-məsəlin aktuallığı özünü itin (oxu: Ermənistanın) hələlik sözdə də olsa Azərbaycana qarşı əsrlər boyu xalqımıza olmazın faciələr və müsibətlər gətirmiş torpaq iddialarından əl götürdüyünü  bəyan etməsi, tarixən onu qoynunda bəsləyərək ölkəmizin üstünə qısqırtmış motalın (oxu: Rusiyanın) isə yersiz müdaxilə cəhdindən əl çəkmək niyyətində olmaması şəklində təzahür etdirir. Amma çifayda! Artıq motalqarın zatulinlər və onlara bu xain təlimatı verənlər ən azı  44 günlük müharibədə Azərbaycanın şanlı Zəfərinin regionda yaratdığı  yeni reallıqların məntiqi nəticələrini gözləri önünə gətirməlidirlər. Nəhayət, imperiya təfəkkürlü zatulinlər “bizsiz Qafqazda heç bir problem öz həllini tapa bilməz” absurd ambisiyalarından və iddialarından əl çəkməlidirlər. Anlamalıdırlar ki, yeni dünya düzənində hələ də imperiya xülyası ilə yaşayanların qatarı çoxdan ötüb  keçib. Bu gün Cənubi Qafqaz  onların diktəsi ilə deyil, qalib Azərbaycanın söz sahibliyi və liderliyi ilə idarə olunur. Bu qədər sadə...

Əhməd Qurbanoğlu, “İki sahil”