Tezliklə mənzillərin müayinəsi işinə başlanılacaq
Aprelin 28- də SOCAR-ın «Azəriqaz» İstehsalat Birliyində (İB) mətbuat nümayəndələri üçün növbəti «Açıq qapı» aksiyası keçirilib.
Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyevin moderatorluğu və qurumun digər şöbə rəislərinin iştirakı ilə keçirilən tədbirdə jurnalistlərin sualları cavablandırılıb.
Birliyin Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov bildirib ki, ötən il Milli Məclisdə qəbul edilən «Qaz təchizatı haqqında» Qanuna görə, «Azəriqaz»a yeni səlahiyyətlər verilib: «Yeni qanuna görə, bundan sonra təbii qazdan təhlükəsiz istifadəyə görə, istehlakçıların mənzil və obyektlərində müayinələri Birlik əməkdaşları həyata keçirəcəklər. Halbuki, bu vaxta qədər bu işi Fövqəladə Hallar Nazirliyi aparırdı. Həmin müayinələr nəticəsində mənzil və obyektlərdə olan mövcud vəziyyət qiymətləndirilməklə qaydalara uyğun növbəti qanuni addımlar atılacaq. Yoxlanılması tələb olunan mənzilə 5 gün öncədən bildiriş veriləcək, bildirişin müddəti çatandan sonrakı 3 gün ərzində mənzilə baxış mümkün olmadıqda qaz təminatı qanunvericiliyə uyğun olaraq dayandırılacaq. Hətta abonentin cərimələnməsi halları da mümkündür»
İlkin Behbudov bildirib ki, müayinələr əsasən qaz sayğacından başlayaraq mənzildaxili qaz xətlərində, qaz qurğularında, vanna otağında, mətbəxdə, havadəyişmə kanalları və tüstü bacalarında aparılacaq: « Müayinə zamanı layihə- smeta sənədlərinə uyğunsuzluq qeydə alınarsa «Azəriqaz» əməkdaşları tərəfindən qanunvericilikdə göstərilən qaydada akt tərtib olunacaq. Həmin abonentə bir ay vaxt veriləcək ki, bu müddət ərzində çatışmazlıqların aradan qaldırılmasını təmin etsin. Çatışmazlıqlar aradan qaldırılmadığı təqdirdə qaz təchizatı dayandırılacaq. Bütün bunlar isə birmənalı olaraq abonentlərin təhlükəsizliyinin təmin edilməsi üçündür.»
İlkin Behbudov vurğulayıb ki, qaz partlayışlarının çoxu abonentlərin məsuliyyətsizliyi və laqeydliyi nəticəsində baş verir. O, xəbərdarlıq edərək bildirib ki, hansısa səriştəsiz insan tərəfindən düzgün quraşdırılmayan qaz cihazı və ya şlanq birləşmələri nəticəsində qaz sızması yaranır ki, bu da partlayışa səbəb olur : « Ona görə də mənzilə və yaxud binanın blokuna daxil olarkən ilk növbədə təbii qaz sızmasının olmadığını müəyyən etmək və sonra işıqlandırıcı cihazları yandırıb-söndürmək lazımdır.»
İ. Behbudov təbii qazdan təhlükəsiz istifadəyə nəzarət sahəsində ixtisaslaşan əməkdaşlar üçün regionlarda təlimlərə başlanıldığını da bildirib. Onun sözlərinə görə, artıq yüzlərlə belə əməkdaş hazırdır və yaxın günlərdə mənzillərdə müayinələrə başlayacaqlar.
Elçin Zaman, "İki sahil"