KÖŞƏ

Vəli İlyasov

Belə-belə işlər... 

04 may 2023 02:15
3235

Bir tərəfdən Rusiyanın cəza mexanizmimin işə salınması səbəbindən  Ermənistanda iqtisadi böhran yaşanır. Digər tərəfdən, bundan sonra Rusiyadakı ermənilərin "artsax Ermənistandır" ifadəsini dilə gətirmələri cinayət sayılacaq.

Bütün bunlar barədə erməni mediası hay-küylü məlumatlar yayıb. Məlumatlara görə, qaz çatışmazlığı səbəbindən yanacaqdoldurma məntəqələri satışı dayandırır, fəaliyyət göstərənlərin isə qarşısında böyük növbələr yaranır: “İnsanlar saatlarla gözləyir. Bəzilərinin isə növbəsi çatanda deyirlər ki, qurtarıb, qaz yoxdur. Məsələ burasındadır ki, Rusiyadan maye qaz gətirən yük maşınları sərhədi keçə bilmir, nəticədə maye qazın süni qıtlığı yaranır və onun qiyməti sürətlə qalxır. Əvvəllər maye qaz gətirən yük maşınları sərhəddə gecikdirilmədən və növbəsiz keçirdi. Ancaq son günlər vəziyyət dəyişib. Əgər problem həll olunmasa, bəlkə də yaxın gələcəkdə Ermənistanda maye qazın tam qıtlığı yarana bilər”. Bildirilir ki, bir müddət öncə litri 100 dram (25 sent) olan maye qaz hazırda 200 dramdan artıq qiymətə satılır. Bu isə o deməkdir ki, beş-on günün içində maye qazın qiyməti 100 faizdən də çox bahalaşıb. Qeyd edək ki, srağagündən etibarən Rusiya Ermənistana qazın verilişini tamamilə dayandırıb. Rəsmi Moskva bunun “Şimali Qafqaz-Cənubi Qafqaz” magistral qaz kəmərində aparılan təmir işləri ilə əlaqədar olduğunu bildirib. Lakin ermənilər bunu Rusiyanın Ermənistana təzyiqi hesab edirlər.

Ancaq iş bununla bitmir. Rusiya tərəfindən Ermənistana təzyiq dalğası getdikcə artırılır. Oradan Ermənistana ixrac edilən ağartı məhsulları da daha göndərilmir. Bunun da "lazımi" izahatı var. Rusiyalı politoloqlar və siyasi analitiklər telekanallardakı çıxışlarında Ermənistanı Qərbə üz tutduğuna görə "satqın" adlandırır və ona qarşı kəskin əks-təbliğat aparırlar. Ümumiyyətlə, hiss olunur ki, rəsmi Moskvanın "dobro"su ilə bu ölkədə anti-Ermənistan əhval-ruhiyyəsi gücləndirilməkdədir. Moskvadakı ermənipərəst jurnalistlərin və analitiklərin müəmmalı susqunluğu bir çox mətləblərdən xəbər verir. Görün, politoloq Ara Papyan öz ermənilərinə ürək yanğısı ilə nə deyir:

"Rusiyada "artsax Ermənistandır” deyə bilməzsiniz, buna görə cinayət məsuliyyəti nəzərdə tutulur."

A. Papyan bunun iki ölkə arasında imzalanan Bəyannamə ilə tənzimləndiyini bildirib: "Bəyannamədə göstərilir ki, Rusiya ərazisində heç kim "artsax Ermənistandır” deyə bilməz. Azərbaycanın ərazi bütövlüyünü şübhə altına aldığı üçün bu, cinayət sayılır”.

Ermənistan parlamentinin keçmiş deputatı Qayane Abramyan deyib ki, Rusiya Hindistandan aldığı hərbi texnikanın İran vasitəsilə Ermənistana gətirilməsinə mane olur.

İndiyədək belə münasibət görməyən ermənilər bundan həm bərk sarsılıblar, həm də incik düşüblər. Nankor ermənilər heç bir əsasları olmadan Rusiyanı onları meydanda tək qoymaqda  günahlandırırlar. Özü də elə günahlandırırlar ki, sanki Rusiya bunların dədə-babalarına borclu imiş.

Bir neçə gün əvvəl BMT-də müzakirələr zamanı 122 ölkə Rusiyanı Ukraynaya hərbi müdaxiləsinə görə təcavüzkar dövlət kimi tanıdığını bildirib. Həmin dövlətlərin arasında Ermənistan da yer alıb. Bu da təbii ki, Rusiyada qəzəblə qarşılanıb. Bundan sonra ermənilər qalxanlarını başlarına çəkib başlarına enəcək zərbələri gözləməlidirlər. Təbii ki, indiki vəziyyətdə Rusiyaya qarşı çıxmaq ermənilər üçün ölüm-dirim məsələsi olacaq. Biz də gözləyək, görək bunların axırı necə olacaq?

Belə-belə işlər...Vaxtilə Azərbaycana qazdığı quyuya bu gün özü düşən Ermənistan nə qədər çabalasa da çıxış yolu tapa bilmir. Allah yol verməsin!