10 may 2023 01:57
534

Generalın qətiyyəti...

Və ya Heydər Əliyev Xankəndidə ədaləti necə bərpa etdi?

Ermənipərəst bolşeviklərin Sovet hökumətinin rəhbəri Vladimir Leninin tədbiri ilə 1918-ci ildə Azərbaycanın qərbində erməni dövləti təşkil etmələri haylara yeni ərazilər qoparmağa bəhanə verirdi. Haylar düşünürdülər ki,  yüz illər həsrətində olduqları və rus imperiyasının hesabına qondarılan dövlətin ərazisi genişləndirilməlidir. Özü də Türkiyə və Azərbaycan torpaqları hesabına. Ancaq I Dünya müharibəsində Türkiyədən ərazi almağın mümkünsüzlüyünü anlayan ermənilər ümidlərini yalnız Azərbaycana bağladılar. Ayrı-ayrı illərdə müxtəlif adlar altında bəzi ərazilərin qoparılmasına da nail oldular. Ancaq hayların iştahaları daim açıq idi və mümkün qədər çox ərazi ələ keçirmək üçün çalışırdılar.

1965-ci ildə kommunist ideoloqlarının uydurub ortaya atdıqları genosid məsələsinin 50 illiyinin İrəvanda keçirilməsindən sonra Sovet dövlətinin rəhbərliyindəki ermənilər və ermənipərəstlər Azərbaycan torpaqlarının alınıb Ermənistana birləşdirilməsi barədə məxfi planlar işləyib hazırladılar. Həmin qüvvələr ilk növbədə "sadə" ermənilərin Sovet hakimiyyətinin başçısına yazılı müraciət etmələrinə şərait yaratdılar. Bu yaramaz işlərdə adları daim lənətlə yad edilən şovinist erməni “ziyalıları” Sero Xanzadyan, İqor Muradyan, Silva Kaputikyan, Zori Balayan, Viktor Hambarsumyan, Abel Aqanbekyan, David Şahnazaryan və bir çox başqaları daha çox canfəşanlıq etdilər. Onlar əvvəlcə "məsələni" ortaya atmağı və sonra reallaşdırmağı planlaşdırmışdılar.

1966-cı ilin avqust ayında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin yeni Baş katibi Leonid Brejnevə erməni ziyalılarının təxminən 2000 nümayəndəsi tərəfindən imzalanmış məktub göndərildi. Məktubda xüsusilə qeyd edilirdi ki, “Qarabağ ərazi və əhali baxımından Ermənistandır. Həyat tərzi, mənəvi dünyası və məişəti baxımından Ermənistandır. Qarabağın tarixi Ermənistanın tarixidir, Qarabağın dili, incəsənəti və ədəbiyyatı ermənicədir. Ermənistan SSR mövcud olduğu üçün onun ayrılmaz hissəsini Sovet Ermənistanından süni şəkildə ayırmaq məqsədəuyğun deyil”.

Məktub müəllifləri DQMV və Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının yaranması ilə əlaqəli tarixi sənədləri qəsdən saxtalaşdıraraq öz iddialarını “siyasi, iqtisadi və etnik amillər”lə, habelə, guya “Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinə DQMV-dəki müxtəlif zəhmətkeşlər qrupundan gələn çoxsaylı məktublarla” əsaslandırmağa çalışırdılar. Buna görə də onlar guya “bu məsələnin bütün aspektlərini diqqətlə öyrənərək və respublikada yaranmış vəziyyəti analiz edərək” Dağlıq Qarabağ və Naxçıvan MSSR-in Ermənistan SSR-ə qaytarılması” xahişi ilə müraciət edirdilər. Müəlliflər sonda həyasızcasına bildirirdilər ki, “qaldırılan məsələyə baxarkən biz Sovet İttifaqı xalqları, xüsusilə də erməni və Azərbaycan xalqları arasında qardaşlıq və dostluğunun gələcəkdə daha da möhkəmləndirilməsini təmin edən ən əsas vəzifədən çıxış etdik. Mümkün arzuolunmaz reaksiya təhlükəsi əsassızdır, çünki söhbət Azərbaycan SSR-in ərazisinin hansısa bir hissəsindən məhrum edilməsindən deyil, muxtar milli vilayətin yerli əhalisi onunla eyni olan – erməni olan müttəfiq respublikaya birləşdirilməsindən gedir”. Ancaq Leonid Brejnev məsələnin əsl mahiyyətini bildiyi üçün buna ermənilərin gözlədiyi reaksiyanı vermədi. Haylar nə qədər məyus olsalar da marığa yatıb yeni məqam gözlədilər.

1967-ci ildə Yuri Andropov SSRİ Dövlət Təhlükəzliyi Komitəsinin rəhbərliyinə gəldikdən sonra Azərbaycan SSR DTK-nın sədri Semyon Sviqun onun birinci müavini təyin edildi. Həmin ilin iyunun 21-də isə general-mayor Heydər Əliyev Azərbaycan SSR DTK-nın sədri vəzifəsinə irəli çəkildi.

Həmin vaxtda Ermənistanın Azərbaycana ərazi iddiaları daha da şiddətləndi və DQMV-də növbəti dəfə ictimai vəziyyətin həddən artıq gərginləşməsinə səbəb oldu. Bəhanə üçün qığılcım rolunu 1967-ci ildə Martuni rayonunun Kuropatkino kəndində kolxozlardan birinin sədrinin oğlu olan 8 yaşlı erməni məktəblinin öldürülməsi oynadı. Kənddə hamı elə düşünürdü ki, məsum erməni uşağını erməni öldürməz. Ona görə də bu məntiqlə qətldə yerli azərbaycanlılar – məktəb direktoru Ərşad, müəllimlər Ələmşad və Zöhrab Məmmədovlar ittiham olundular...Ertəsi gün vəhşicəsinə qətlə yetirilmiş uşağın meyiti yol kənarından tapıldı. Bu hadisədən bir neçə gün sonra heç bir əsas olmadan  məktəbin direktoru Ərşad Məmmədovu və daha iki azərbaycanlı müəllimi həbs etdilər. Qısa və yarımçıq təhqiqatdan sonra vilayət prokurorluğu işi Ali Məhkəməyə göndərdi. Ali Məhkəmə isə işə Xankəndidə baxılması üçün qərar verdi. Azərbaycan SSR Ali Məhkəməsinin üzvlərindən birinin sədrliyi altında məhkəmə prosesi başlandı...

Baş verən hadisələrin canlı şahidi olan azərbaycanlılardan biri, o dövrdə Dağlıq Qarabağ Muxtar Vilayəti Dövlət Təhlükəsizlik İdarəsinin rəis müavini vəzifəsində işləmiş Əfrail Hüseynov xatirələrində yazır ki, havadan qan qoxuyan həmin günlərdə vəziyyətin nə qədər gərgin olduğu açıqca hiss olunurdu: “Qarabağın bütün erməni icması işini-gücünü buraxıb məhkəmə salonlarına doluşur, məhkəmənin həyətində və küçələrdə səsgücləndiricilərlə məhkəmənin gedişi barədə xəbərlər verirdilər. İrəvandan və Ermənistanın rayonlarından da avtobuslarla Stepanakertə (Xankəndiyə) çoxlu ermənilər gətirilmişdi. Onlar həyasızcasına aranı qızışdırmaqla, təxribatla məşğul olur, məhkəməyə təzyiq göstərirdilər. Axır ki, məhkəmə təhqiqatı prosesi başa çatdı. Hökmün verilmə vaxtı yetişdi. Lakin ermənilər işlərini elə qurdular ki, hökmün oxunacağı gün Bakıda mühüm bir müşavirənin keçirildiyi vaxta təsadüf etdi. Belə ki, hökmün oxunmasından bir gün qabaq vilayətin bütün məsul işçiləri Bakıya müşavirəyə çağrıldılar. Stepanakertdə yerli rəhbərlərdən yalnız vilayət DTK-nın şöbə rəisi Markarov qalmışdı. Belə bir gərgin vaxtda erməni qaragüruhunun təzyiqi altında məhkəmə Ərşad Məmmədova ölüm hökmü oxumağa məcbur qaldı. Hökmün oxunuşundan sonra hakimlər tez-tələsik öz xidməti maşınlarına minib şəhəri tərk etdilər."

Ölüm işində heç bir təqsiri və əlaqəsi olmayan Ərşad Məmmədovu və digər iki azərbaycanlını dustaqlar üçün nəzərdə tutulmuş xüsusi maşına mindirdilər. Minlərlə erməni vəhşisinin “Ərşada ölüm!” çığırtıları altında əvvəl onları yerli həbsxanaya aparmaq istəsələr də, sonra fikirlərini dəyişib şəhərin yuxarı hissəsində yerləşdirilmiş, indi adı bütün azərbaycanlılara "yaxşı" tanış olan bədnam 366-cı motoatıcı alayın düşərgəsinə gətirdilər. Azğınlaşmış ermənilər maşının qarşısını hərbi hissənin darvazasının qarşısında kəsdilər. Hərbçilərin gözü önündə ermənilər dustaq maşınını “Kalaşnikov” avtomatından, lüləsi kəsilmiş tüfənglərdən, “Makarov” tipli tapançalardan atəşə tutdular, sonra dəmir linglə maşının qapısını sındıraraq yaralarından qan süzən dustaqları yerə düşürtdülər. Onları vəhşicəsinə öldürdülər. Bu azmış kimi Ərşad Məmmədovun cəsədini  yaxınlıqda yaşayan qoca erməni Aleksanın həyətinə sürüdülər. Tonqal qurdular, qoca erməni benzin gətirdi. Üstünə Ərşad Məmmədovun cəsədi atılmış tonqala od vurub yandırdılar. Tükürpədici qeyri-adi vəhşi mərasim xeyli çəkdi. O vaxt Bakıdan Xankəndiyə xidməti ezamiyyətə gəlmiş vəzifəli şəxs, milliyətcə rus olan Banserev, o cümlədən Markarov da baş verən hadisələrin şahidi oldular. Lakin onlar qorxularından səslərini belə çıxarmağa cəsarət etmədilər. Çünki Xankəndidə vəhşiləşmiş ermənilərin azğınlıqları son həddə çatmışdı. Azərbaycanlıların vəhşicəsinə qətlə yetirilməsindən sonra Markarov baş verənlər haqqında Bakıya məlumat vermişdi. Ermənilər isə arxayın surətdə əməllərini davam etdirirdilər. Qısa bir müddət ərzində Şuşa və Xankəndi ağır texnikalar və canlı qüvvələrlə mühasirəyə alınmışdı. Gediş-gəlişin qarşısı kəsilmişdi. Hadisə yerinə başqa yaşayış məntəqələrindən gəlmək istəyənlər buraxılmırdı. Sonralar o da məlum oldu ki, mühasirə məsələsi də ermənilərin əvvəlcədən düşünülmüş planı olub. Təbii ki, hadisələrdən xəbər tutan Ağdam camaatı erməniləri cavabsız qoymayacaqdı, qisas almaq üçün Xankəndiyə üz tutacaqdı. Ermənilər bunu da nəzərə almışdılar, çünki ağdamlılardan bərk qorxurdular.

Vəziyyətin ciddiliyi nəzərə alınaraq hadisənin ertəsi günü Azərbaycan MK-nın birinci katibi Vəli Axundov, Nazirlər Sovetinin sədri Ənvər Əlixanov, Ali Sovetin sədri Məmməd İsgəndərov Dağlıq Qarabağa gəldilər. Şuşada fövqəladə qərargah yaradıldı. Bundan əlavə Moskvadan və Bakıdan xüsusi istintaq qrupları da hadisə ilə bağlı işə başladılar. Həmin ərəfədə Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin sədri, general-mayor Heydər Əliyev də Xankəndiyə gəldi. Dağlıq Qarabağa ezam olunanların əksəriyyəti Şuşada otursalar da Heydər Əliyev real təhlükələrə baxmayaraq Xankəndidə, DTK-nın yerli idarəsində əyləşirdi. Onun üzərinə olduqca mürəkkəb və təhlükə ilə dolu bir iş düşürdü. Erməni millətçilərinin böyük hiyləgərlik və qəddarlıqla qurduqları oyunları, cinayət əməllərini ifşa etmək, günahsız azərbaycanlıların qatillərinin layiqincə cəzalandırılmasına nail olmaq, ən çətini isə Xankəndidə azğınlaşmış ermənilərin qarşısında azərbaycanlıların şərəfini qorumaq.  DTK kimi çətin bir orqanda tutduğu vəzifələrdən asılı olmayaraq hər zaman millətinin, xalqının tərəqqisinə xidmət edən Heydər Əliyev Xankəndidə baş vermiş cinayət hadisəsi ilə əlaqədar yaradılmış əməliyyat qrupuna rəhbərlik edərkən yaxşı bilirdi ki, söhbət adi bir cinayətin açılmasından deyil, həm də xalqının şərəfindən gedir. Heydər Əliyev onu da yaxşı bilirdi ki, türk qanına susamış millətçi cinayətkarlar layiqli cəzalarını almasalar, qətl hadisələrini törədənlər və onların havadarları məsuliyyətə cəlb olunmasalar hadisələr daha ağır nəticələrə səbəb olacaq. Təbii ki, Heydər Əliyev onu da bilirdi ki, Xankəndidə baş verən hadisələr Dağlıq Qarabağı Ermənistana birləşdirmək planının başlanğıc hissəsidir. Çünki ermənilər artıq 1960-cı ildə bu məsələnin həyata keçirilməsi üçün addımlar atmağa başlamışdılar.

Xankəndidəki istintaq qrupunun üzvü, DTK veteranı, zabit Əfrail Hüseynovun xatirələrində Heydər Əliyev şəxsiyyətinin möhtəşəmliyinin, bütün varlığı ilə millətinə, xalqına bağlılığının bir daha şahidi oluruq: “Respublika DTK-nın Bakıdan gəlmiş xüsusi əməliyyat qrupunda yeganə azərbaycanlı, qrupun rəhbəri Heydər Əliyev idi. Qrupun işə başladığı günün ertəsi gün səhər saat 7 radələrində general-mayor Heydər Əliyev əməliyyat müşavirəsi keçirdi. Müşavirədə bütün ətraf rayonların DTK zabitləri iştirak edirdilər. Qrup rəhbərinin lakonik, məntiqli və təmkinli çıxışını çətinliklə sezilən bir narahatlıq müşayiət edirdi. Bu narahatlığı o anda yalnız azərbaycanlı duya bilərdi.

Mən onu gözəl başa düşürdüm. 1967-ci il… Milli münaqişə zəminində qətl hadisələri… DTK-nın sədri kimi ciddi və məsul bir vəzifə… Bununla bərabər, damarlarında axan türk qanı… Amma Heydər Əliyevin həmin günlərdə özünü necə təmkinli aparması, erməni və rus zabitləri ilə apardığı ciddi və dərin müzakirələr inanın ki, canlı bir həyat məktəbi idi. Əməliyyatçılara müvafiq tapşırıqlar verən qrup rəhbəri bunların dərhal icra olunması üçün tədbirlər görülməsini əmr etdi. Növbəti əməliyyat müşavirəsinin vaxtı dəqiqləşdirildi və qrup üzvlərindən ayrılarkən Heydər Əliyev nəzərlərini bir anlıq mənim üzərimdə saxladı. Bu ani baxış mənə çox mətləbləri anlatdı. Anladım ki, son dərəcə ehtiyatlı, diqqətli olmalı, sayıqlığı əldən verməməli, hər addımımı yüz ölçüb bir biçməliyəm.

Müşavirə işə başlamışdı. Təxminən bir saatdan sonra iş otağımın qapısı açıldı. Heydər Əliyev içəri daxil oldu. Cəld ayağa qalxdım. İşarə etdi ki, əyləşim. Görünür rəsmiyyət məqamı deyilmiş. General fikirli və çox qayğılı görünürdü. Vəziyyəti başa düşdüm. Yırtıcı canavarların, vəhşi qatillərin və onların havadarlarının arasında tək qalmışdıq. Mən onda Heydər Əliyevə DTK-nın sədri, hörmətli generalımız kimi yox, namuslu bir azərbaycanlı, əsl vətəndaş, günahsız insanların qanının yerdə qalması ilə barışmaq istəməyən bir insan kimi ümid bəsləyirdim…”.

Həmin ağır günlərdə bütün azərbaycanlılar ədalətin bərqərar olması üçün Heydər Əliyevə ümid bəsləyirdilər. Heydər Əliyev isə bu ümidləri doğrultdu. Onun peşəkarlığı, gərgin əməyi nəticəsində qısa müddət ərzində Xankəndidə törədilən qanlı hadisələrin səbəbləri açıldı, cinayəti  təşkil və icra edənlər layiqli cəzalarını aldılar. İstintaqdan sonra 39 nəfər cinayətkar erməni həbs edildi. Onlardan beş nəfəri ən ağır cəzaya-güllələnməyə, qalanları isə müxtəlif müddətlərə azadlıqdan məhrumetmə  cəzasına məhkum edildilər. Faktlarla sübuta yetirildi ki, milli ədavəti yaratmaq üçün erməni məktəblisini vəhşicəsinə qətlə yetirən  Edik Baqdasaryan olub. Daha sonra o da məlum oldu ki, Xankəndi hadisələrinin arxasında Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi məsələsi durur.

O zaman hamı bilirdi ki,  general Heydər Əliyev DTK sədri kimi Xankəndiyə getməsəydi, o qanlı cinayətin üstü ört-basdır ediləcəkdi. Məhz Heydər Əliyevin qətiyyəti sayəsində erməni millətçilərinin çirkin əməlləri alt-üst oldu. Ermənilər özləri də bir məsələni yaxşı dərk edirlər ki, nə qədər Heydər Əliyev var, onların planlarının hayata keçməsi mümkün olmayacaq. Tarix də bunu sübut etdi ki, Ermənistan Qarabağa qarşı təcavüz planlarını Heydər Əliyevin SSRİ rəhbərliyindən uzaqlaşdıqdan sonra həyata keçirməyə başladılar.

1969-cu ilin iyulunda Azərbaycan SSR-ə rəhbərlik etməyə başlayan Heydər Əliyev ilk növbədə Dağlıq Qarabağ Muxtar Vilayətinin rəhbərliyini sınanmış kadrlarla gücləndirməyə qərar verdi. Bakıdan özünün tanıdığı kadrların orada yerləşdirilməsini təmin etdi. Ermənilərin bəhanələrini əllərindən almaq məqsədi ilə Xankəndiyə dəmir yolu xətti çəkdirdi, ehtiyac olmasa da pedaqoji institut açdırdı və digər lazımi tədbirləri gördü.

1982-ci ildə Heydər Əliyevin Moskvada yüksək vəzifələrə təyin olunması ilə DQMV-yə nəzarət zəiflədi və millətçi ermənilər bundan istifadə edərək erməni əhali arasında tamamilə məxfi  qızışdırıcı təbliğat apardılar. Əhalinin beyninə zəhərli fikirlər yeridərək onları türklərdən (yəni azərbaycanlılardan) qisas almağın və Qarabağın Ermənistana birləşdirilməsinin vaxtının və əlverişli şəraitin yetişdiyinə inandırdılar. Mixail Qorbaçovun SSRİ rəhbərliyinə gətirilməsi ermənilərin işinə tam yaradı. 1988-ci ildə xaricdəki erməni diasporu, Ermənistan və Xankəndi erməniləri SSRİ rəhbərliyi altında sıx birləşərək Qarabağı və ona bitişik 7 rayonu  zəbt edib 28 il müddətində işğal altında saxladılar...

Vəli İlyasov, “İki sahil”