10 may 2023 01:14
510

Ulu Öndər Heydər Əliyev Azərbaycan iqtisadiyyatını necə inkişaf etdirdi?

Hər bir xalqın, millətin xoşbəxtliyi, ilk növbədə, onun müstəqil və güclü dövlətə malik olması ilə müəyyən edilir. Müstəqil və güclü dövlət isə məhz güclü iqtisadiyyata əsaslanır. Bu baxımdan Ulu Öndər Heydər Əliyevin məşhur “İqtisadiyyatı qüdrətli olan dövlət hər şeyə qadirdir” tezisi bir daha təsdiq edir ki, Ümummilli Lider iqtisadiyyatın inkişafına dövlət quruculuğunun mühüm tərkib hissəsi kimi böyük önəm verib. Məhz Ulu Öndərin gərgin əməyinin nəticəsində dövlət müstəqilliyinin ilk illərində dərin böhrana düçar olmuş Azərbaycan iqtisadiyyatı yenidən və müasir dövrün tələblərinə uyğun qurulub, dünya iqtisadiyyatına inteqrasiya edilib. Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi iqtisadi kurs hazırkı dövrdə də öz əhəmiyyətini qoruyub saxlayır.    

Hələ 1990-cı illərin əvvəlində Sovet İttifaqının süqutu, buradakı müəssisələr arasında mövcud əlaqələrin pozulması, Ermənistanın hərbi təcavüzü nəticəsində bir milyondan artıq soydaşımızın doğma yurd-yuvasından didərgin düşməsi, Azərbaycanın iqtisadi, siyasi, informasiya blokadasına alınması ölkənin sosial-iqtisadi həyatını olduqca çətin vəziyyətə salmışdı. Bununla belə, bu da az imiş kimi, o dövrdəki siyasi rəhbərliyin səriştəsizliyi, eyni zamanda, baş verən hakimiyyət böhranı ölkəni nəinki belə bir fəlakətdən azad olmağa imkan verirdi, əksinə vəziyyəti daha da ağırlaşdırmaqla Azərbaycanı bütün sahələrdə uçuruma yuvarladırdı. Belə sahələrin önündə gedəni isə heç şübhəsiz ki, ölkə iqtisadiyyatı idi.

Həmin dövrün iqtisadi mənzərəsini bu illərin makroiqtisadi göstəricilərində canlandırmaq mümkündür. Belə ki, 1991-1994-cü illər ərzində ölkə iqtisadiyyatında ümumi daxili məhsul (ÜDM) istehsalı hər il orta hesabla 16,5 faiz aşağı düşmüşdü. Həmçinin sənaye istehsalının həcmi 1985-ci illə müqayisədə  1991-ci ildə 10 faizə, 1992-ci ildə 37 faizə, 1993-cü ildə isə 50 faizə qədər azalmışdı.

İstehsal sahələrinin sıradan çıxması nəticəsində işsizlik səviyyəsi artmışdı. 1992-ci ildə inflyasiya səviyyəsi əvvəlki ilə nisbətən 4,9 dəfə artaraq 1012,3 faiz təşkil etmiş, 1994-cü ildə isə özünün ən yüksək həddinə - 1763,5 faizə çatmışdı. Bunlardan əlavə, büdcə kəsirinin ÜDM-ə nisbəti 1991-ci ildəki 0,1 faizdən 1994-cü ildə 13 faizə qədər artmışdı və büdcə kəsiri bütövlükdə Milli Bank tərəfindən maliyyələşdirilirdi.

1992-1994-cü illərdə, həmçinin xarici ticarət dövriyyəsinin həcmi 42 faiz azalmış, 1994-cü ilədək ölkə iqtisadiyyatına xarici sərmayə qoyulmamışdı. 1994-cü ildə Milli Bankın uçot dərəcəsi 250 faizə çatmışdı. Nəticədə  ölkə iqtisadiyyatı idarəolunmaz vəziyyətə düşmüşdü.

Belə vəziyyətdən çıxış yolu tapmaq, ölkəni iqtisadi uçurumun kənarından qurtarmaq da asan deyildi. Lakin Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtmasından  sonra ölkədə siyasi sabitliyin bərqərar olunması, atəşkəsin əldə edilməsi ilə irimiqyaslı iqtisadi islahatlara başlanıldı. İlk növbədə 1994-cü il sentyabrın 20-də dünyanın 8 ölkəsini təmsil edən 11 transmilli neft şirkəti ilə dünya tarixinə "Əsrin müqaviləsi" kimi düşmüş sənədin imzalanması və icrasına başlanması ilə Azərbaycanın beynəlxalq iqtisadi sistemə inteqrasiyasının və ölkənin enerji təhlükəsizliyinin möhkəm təməli qoyuldu. Bu müqavilə sonradan Cənub Qaz Dəhlizinin timsalında Azərbaycana etimad və zəngin təcrübə qazandırdı. Həmçinin  "Əsrin müqaviləsi"nin uğuru onun  müddətinin 2049-cu ilədək uzadılmasına zəmin yaratdı. Tarixə “Yeni Əsrin müqaviləsi” kimi düşmüş sənəd Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişi nəzərdə tutur.

Eyni zamanda, Ümummilli Lider Heydər Əliyevin 1999-cu ildə imzaladığı Fərmanla neft yataqlarının xarici şirkətlərlə birgə işlənməsindən əldə edilən mənfəət neftinin satışından daxil olan vəsaitlərin səmərəli idarə olunması, həmin vəsaitlərin prioritet sahələrin inkişafına və sosial-iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinə yönəldilməsini təmin etmək üçün Dövlət Neft Fondu yaradıldı. Vəsaitlərinin bir hissəsi hər il xərclərin ödənilməsi məqsədilə dövlət büdcəsinə transfert olunmasına baxmayaraq, hazırda Azərbaycanın 65,9 milyard dollara bərabər olan valyuta ehtiyatlarının əsas hissəsi bu Fondda cəmləşib. 

Neft sektorundan əldə edilən gəlirlər iqtisadiyyatın digər sahələrinin inkişafının əsaslarını yaratdı. Məqsədyönlü iqtisadi siyasət nəticəsində makroiqtisadi sabitliyə nail olundu və davamlı iqtisadi artımın əsası qoyuldu, iqtisadiyyatın bütün sahələrində islahatlara başlanıldı, iqtisadiyyata cəlb olunan investisiyaların həcmi ildən-ilə yüksəldi, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atıldı.

Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi altında 1995-ci ildən başlayaraq aqrar sektorun bazar prinsipləri əsasında yenidən qurulması, sovxoz və kolxozların ləğv olunması, onlara məxsus torpağın, mal-qaranın və əmlakın kəndlilərə paylanması kimi tədbirlər nəticəsində kənd təsərrüfatında ciddi struktur dəyişiklikləri baş verdi, keyfiyyətcə fərqli münasibətlər formalaşdı. Aqrar sektorda səmərəli təsərrüfatçılığın, sahibkarlığın inkişafının təmini məqsədilə kənd təsərrüfatı məhsulları istehsalçılarının əvvəlki vergi borcları silindi. Bununla yanaşı, kənd təsərrüfatı məhsulu istehsalçıları torpaq vergisindən başqa bütün digər vergi ödəmələrindən azad edildilər. Əlavə etmək lazımdır ki, hazırda da  kənd təsərrüfatı məhsulu istehsalçıları torpaq vergisi istisna olmaqla digər vergilərdən azaddırlar. Beləliklə də, Ulu Öndər Heydər Əliyevin memarı olduğu və uğurla həyata keçirdiyi torpaq islahatı Azərbaycan kəndlisinin çoxəsrlik arzusunu reallaşdırdı, onları torpağın həqiqi sahibinə çevirdi.

Eyni zamanda, dövlət mülkiyyətinin özəlləşdirilməsinin qanunvericilik bazası yaradıldı və müvafiq Dövlət proqramları təsdiq olundu. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə iqtisadi islahatların mühüm istiqaməti olan özəlləşdirmə prosesi uğurla həyata keçirildi. Bu proses ölkə vətəndaşına sahibkar, mülkiyyətçi olmaq hüququ verdi.

Həmçinin 1993-1995-ci və 1997-2000-ci illəri əhatə edən sahibkarlığın inkişafı ilə bağlı iki Dövlət Proqramı sahibkarlığın inkişafının Azərbaycan dövlətinin iqtisadi siyasətinin prioritet sahələrdən birinə çevrilməsində müstəsna rol oynadı. Onların sayəsində iqtisadiyyatın və sahibkarlığın tənzimlənməsi sahəsində əhəmiyyətli tədbirlər həyata keçirildi, dövlətin  sahibkarlara maliyyə dəstəyi sistem halını aldı. Eyni zamanda, dövlət-sahibkar münasibətlərinin inkişafı və tənzimlənmənin yeni istiqamətlər üzrə təşkil edilməsi məqsədilə dövlətin iqtisadiyyata müdaxiləsi minimuma endirildi. Bu dövrdə sa­hib­kar­lar üçün ver­gi yü­kü­nün azal­dıl­ma­sı is­ti­qa­mə­tin­də döv­lət sə­viy­yə­sin­də mü­əy­yən ad­dım­ların atı­lması da yaddaqalan hadisələrdəndir. Nəticə etibarilə Ulu Öndər Heydər Əliyevin rəh­bər­li­yi ilə uğur­la hə­ya­ta ke­çi­ri­lən stra­te­gi­ya­ sa­hib­kar­lı­ğın in­ki­şa­fı­na yö­nəl­miş təd­bir­lə­rin sis­tem­li­li­yi, döv­lət tən­zim­lən­mə­si­nin li­be­ral­laş­dı­rıl­ma­sı, döv­lət sa­hib­kar mü­na­si­bət­lə­ri­nin ins­ti­tu­sio­nal­laş­dı­rıl­ma­sı ilə xa­rak­te­ri­zə edi­lir.

Bununla da 1993-cü ilin ikinci yarısından başlayaraq aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində ictimai-siyasi sabitliyin təmin olunması, istehsalda yaranmış geriləmə proseslərinin qarşısının alınması və digər tədbirlərdən sonra iqtisadiyyatda tənəzzül tədricən aradan qaldırıldı və bununla da Azərbaycanın iqtisadi inkişafında mahiyyətcə yeni mərhələnin təməli qoyuldu.

Artıq 1995-ci ildən Azərbaycanda bərpa və dinamik inkişaf dövrü başlandı. 1995-2003-cü illər ərzində  ÜDM istehsalı 90,1 faiz, dövlət büdcəsinin gəlirləri 3 dəfə, ölkənin valyuta ehtiyatları 85 dəfə, sənaye məhsulunun həcmi 25,2 faiz, kənd təsərrüfatı istehsalının həcmi 53,9 faiz, xarici ticarət dövriyyəsi 4 dəfə, iqtisadiyyatda məşğul olanların orta aylıq real əməkhaqqı 5,1 dəfə artdı, inflyasiya göstəricisi 2-3 faiz səviyyəsinə qədər endirildi, bütün maliyyə mənbələri hesabına iqtisadiyyata yönəlmiş investisiyaların ümumi həcmi 20 milyard ABŞ dollarını ötdü.

Təsadüfi deyil ki, Ulu Öndər Hey­dər Əli­yev 2002-ci il aprelin 25-də yer­li sa­hib­kar­lar­la gö­rü­şün­də bildirmişdi ki, Azər­bay­can döv­lə­ti­nin iq­ti­sa­di si­ya­sə­ti Azər­bay­ca­nın iq­ti­sa­diy­ya­tı­nı ba­zar iq­ti­sa­diy­ya­tı yo­lu ilə in­ki­şaf et­dir­mək­dən iba­rət­dir: “Bu­nun üçün biz 1995-ci il­dən baş­la­ya­raq ar­dı­cıl sü­rət­də la­zım olan iq­ti­sa­di is­la­hat­la­rı hə­ya­ta ke­çi­ri­rik. Biz bu gün məm­nu­niy­yət his­si ilə de­yə bi­lə­rik ki, ar­tıq bi­zim iq­ti­sa­di si­ya­sə­ti­miz, hə­ya­ta ke­çir­di­yi­miz təd­bir­lər öz müs­bət nə­ti­cə­si­ni ve­rir və ver­mək­də­dir".

Əldə olunmuş nailiyyətlər sonrakı illərdə ölkə iqtisadiyyatının davamlı və dinamik inkişafı üçün möhkəm zəmin yaratdı. Təsadüfi deyil ki, son 20 ildə iqtisadiyyatın real həcmi 4 dəfə, ixrac 15,6 dəfə, strateji valyuta ehtiyatları 41,9 dəfə artıb. Bu dövrdə, həmçinin əhalinin nominal gəlirləri 13,7 dəfə, orta aylıq əməkhaqqı isə 13,3 dəfə yüksəlib.

Əlbəttə ki, Ulu Öndər Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə gəlməsəydi, bu gün bütün bu uğurlardan danışmaq mümkün olmazdı. Heç şübhəsiz ki, gələcəkdə əldə olunacaq nailiyyətlərin təməlində də bu uğurlar dayanacaq. Nəticə etibarilə 100 illik yubileyi qeyd edilən Ümummilli Lider Heydər Əliyev 20 ildir cismən aramızda olmasa da, əziz xatirəsi Azərbaycan xalqının ürəyində yaşayır və daim dərin ehtiramla yad ediləcək.

Ceyhun Piriyev, “İki sahil”