10 may 2023 17:17
588

Xanlar Vəliyev: Prokurorluq Ulu Öndərin diqqət və qayğısı ilə əhatə olunmuşdur

Bu sözlər Azərbaycan Respublikası Baş prokurorunun müavini-Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyevin bu gün "Respublika" qəzetində dərc edilmiş "Ulu öndər Heydər Əliyevin qurduğu müasir Azərbaycan güvənli əllərdədir" sərlövhəli məqaləsində qeyd olunmuşdur.

"İki sahil" həmin məqaləni təqdim edir:

"...Azərbaycan həm tam müstəqil demokratik bir dövlət olacaq, həm də bizim cəmiyyətimiz tam demokratik hüquqi, ümumbəşəri dəyərlərin əsasında qurulan demokratik bir cəmiyyət olacaq...".

Heydər ƏLİYEV,

Azərbaycan xalqının ümummilli lideri.

"...Məhz 1993-2003-cü illərdə qoyulmuş möhkəm təməl, başlanmış islahatlar, irəli sürülmüş təşəbbüslər bugünkü reallığı mümkün edibdir...".

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti,

Müzəffər Ali Baş Komandan.

Uca Allahın xalqımıza ən böyük inayəti olaraq əta etdiyi, fitri istedadı, davranışı, nəzəri bilikləri, səlis nitqi, cəsarəti ilə həmyaşıdlarından seçilən Heydər Əliyev hələ gənc yaşlarından cəmiyyətdə öz layiqli yerini tutur, bütün bunlarla bərabər istiqanlılıq, mehribanlıq, səmimilik, dürüstlük kimi ali insani keyfiyyətləri isə onu böyükdən-kiçiyə hər kəsə sevdirirdi. Ulu öndər Heydər Əliyevi kamil insan, dəyərli vətəndaş, ziyalı, bir sözlə, əsl şəxsiyyət kimi formalaşdırır və onun cəmiyyətdəki rolunu getdikcə daha da artırırdı. Gənc olmasına baxmayaraq, hərtərəfli püxtələşmiş fenomenal insan Heydər Əliyev 1944-cü ildə çoxlarının arzusunda olduğu, lakin hər insanın müvəffəq ola bilmədiyi, yalnız yüksək intellektli, əzmkar və bacarıqlı şəxslərin əldə edə biləcəyi uğuru qazanmaqla dövlət təhlükəsizliyi orqanlarına qulluğa qəbul edilməyə nail olur və şərəfli ömrünün demək olar ki, üçdəbir hissəsini həmin orqanda ləyaqətlə qulluq keçir. Zəngin elmi, geniş dünyagörüşü, yüksək mənəvi-əxlaqi keyfiyyətləri, mübarizliyi, prinsipiallığı, peşə biliklərini mükəmməl qavraması və nümunəvi xidməti Heydər Əliyevin uğurlarının davamlılığını şərtləndirir, müxtəlif mükafatlarla təltif olunan, eləcə də ardıcıl olaraq vəzifədə irəli çəkilən ulu öndər 1967-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə qədər yüksəlir.

Qürur dolu həyat yolu

Heydər Əliyevin sözügedən vəzifəyə gəlişi bu orqana yeni ab-hava gətirməklə mütərəqqi bir dövrün başlanğıcı oldu. Bu təyinat hər şeydən əvvəl, Azərbaycan SSR DTK-nın uğuru idi, çünki bundan sonra adıçəkilən quruma səriştəli, təcrübəli və peşəkar əks-kəşfiyyatçı, təhlükəsizlik sisteminin daxili iş mexanizmini, əməliyyat heyətinin qarşısında duran vəzifələri dərindən bilən, ən başlıcası isə xalqının milli maraqlarının təminatçısı olan azərbaycanlı rəhbərlik edəcəkdi. Sirr deyil ki, XX əsrin 20-30-cu illərində qeyri millətlərin anti-Azərbaycan nümayəndələrinin və ermənilərin kök saldığı, xalqımıza qarşı qanlı repressiyalar hazırlayıb həyata keçirmiş dövlət təhlükəsizlik orqanlarının millətimizin düşmənlərindən təmizlənməsi və milliləşdirilməsi kimi son dərəcə çətin və şərəfli missiyaya ilk dəfə hələ sovet rejiminin ən qüdrətli vaxtlarında məhz Heydər Əliyev başlamışdır. Milli kökə və yaddaşa bağlı olan ümummilli lider əsasını qoyduğu azərbaycanlılaşdırma prosesini yeni səlahiyyətləri çərçivəsində daha da intensivləşdirdi. Məhz onun sayəsində təhlükəsizlik orqanlarında azərbaycanlı kadrların sayı əhəmiyyətli dərəcədə artdı və bununla da, milli əhvali-ruhiyyəli və vətənpərvər ziyalı kadrlar Dövlət Təhlükəsizlik Komitəsinə qulluğa qəbul edilməklə, həm orqan milliləşdi, həm də əsassız təqiblərə və repressiyalara məruz qalmış xalqımızın qeyrətli övladları onlara qarşı gözlənilən növbəti təhdidlərdən sığortalandılar. Qeyd etmək lazımdır ki, təhlükəsizlik orqanlarında işlədiyi müddətdə tale onu bir neçə sınağa, o cümlədən şəxsi həyatı ilə bağlı da çətin sınağa çəkmişdir. Belə ki, dilemma qarşısında qalan cəsarətli insan məhəbbəti uğrunda əzmlə mübarizə apararaq sevgisinə qovuşmaq, qəlbinə yaxın bir insanla ailə həyatı qurmaq, ən əsası əhdinə sadiq olmaq üçün çalışdığı Dövlət Təhlükəsizlik Orqanlarının rəhbərliyinin mövqeyinə qarşı çıxmaqdan, buna görə hətta tutduğu vəzifəni itirməklə gələcək karyerasını təhlükəyə atmaqdan belə çəkinməyərək, öz haqlı inadından dönməmiş və onun Zərifə xanım ilə nikaha girməsinə heç kim və heç nə maneə ola bilməmişdir. Yeri gəlmişkən, bu il həm də ibrətamiz həyat fəlsəfəsi, zəngin mənəvi dünyası, oftalmologiya elminin inkişafındakı misilsiz xidmətləri olan mərhum akademik Zərifə xanım Əliyevanın 100 illik yubileyi xalq tərəfindən böyük sevinc hissi ilə keçirilmişdir. Zərifə xanımın tibbi, elmi və pedaqoji fəaliyyəti, saf və təvazökar insan kimi yaşadığı mənalı ömrü, keçdiyi şərəfli həyat yolu hər bir ziyalı, həkim və müəllim üçün mənəviyyat məktəbidir. Vurğulanmalıdır ki, qətiyyətli insan Heydər Əliyev ülvi hisslər uğrundakı mübarizədən qalib çıxmaqla bərabər, yüksək peşə qabiliyyətinə və ali insani keyfiyyətlərinə görə çalışdığı qurumdakı mövqeyini də itirməmişdir. Göründüyü kimi, bütün sınaqlardan məharətlə "üzüağ" çıxan müdrik şəxsiyyət, bu sınaqdan da "alnıaçıq" çıxmış və bununla da gələcək nəsillərə örnək olan gərəkli peşəkar işçi nümunəsi və mənəviyyat tariximizdə əbədi qalacaq məhəbbət dastanı yaratmağa müvəffəq olmuşdur.

İstiqlala və firavan istiqbala gedən yol

XX əsrin 60-cı illərinin əvvəllərində ölkəmizin əksər göstəriciləri aşağı, həmçinin sənaye potensialı zəif olduğu üçün, Azərbaycan Sovet İttifaqında geridə qalmış kənd təsərrüfatı respublikası kimi qəbul edilirdi. Vətəni  böhran vəziyyətindən çıxarmaq üçün xalqa əsl rəhbər ola biləcək şəxsiyyətə böyük ehtiyac yaranmışdır. Belə bir məqamda Tanrı xalqımıza vətənpərvər insan göndərdi. 14 iyul 1969-cu il tarixdə Azərbaycanda siyasi hakimiyyətə gələn Heydər Əliyev ilk gündən hər cür ideoloji-siyasi və digər maneələrə sinə gərərək millətin milli özünüdərki üçün bütün mümkün tədbirləri həyata keçirməyə başladı. Xalqın şanlı keçmişini, soykökünü qaytarmaq, milli adət-ənənələrini yaşatmaq, habelə zəngin mədəniyyətini, incəsənətini, eləcə də ana dilini inkişaf etdirmək üçün ölçüyəsığmaz işlər görən böyük şəxsiyyət ictimai şüurdakı qorxunu, tərəddüdü aradan qaldırmağa, cəmiyyəti bütün sahələr üzrə inkişafa ruhlandırmağa, azərbaycançılıq məfkurəsinin rejimin ideoloji repressiya burulğanında boğulmasının qarşısını qətiyyətlə almağa müvəffəq oldu. Azərbaycan dilini azərbaycançılığın başlanğıc məqamı, ən mühüm cəhəti, təməl prinsipi hesab edən ümummilli lider Heydər Əliyev kosmopolit ideyaların hökm sürdüyü bir dövrdə milli məfkurənin qorunub saxlanılması istiqamətindəki fəaliyyətində ana dilinin inkişaf etdirilməsi sahəsində də bir sıra mühüm işlər gördü. Müdrik lider yəqin bilirdi ki, xalqa milli-mənəvi dəyərləri aşılamaq üçün ona ilk növbədə, öz dilini qaytarmaq və sevdirmək lazımdır. Rus dilinin dövlət dili olmasına rəğmən, rəsmi çıxışlarının əksəriyyətində Azərbaycan dilində nitq söyləyən ulu öndər, bütün rəhbər vəzifəlilərdən də bunu tələb edirdi. Onun rəsmi partiya tədbirlərində ana dilində nitqləri həmin vaxtadək heç vaxt işlənməmiş milli siyasi ədəbi dil üslubunu yaratmaqla bərabər, böyük tarixi məna kəsb edirdi. Fədakar insanın ilk dəfə hakimiyyətə gəlişi ilə başlanan milliləşmə prosesini məhz həmin nitqlərin təsiri daha da sürətləndirirdi. 1978-ci ildə Azərbaycan SSR-in Konstitusiya layihəsi qəbul edilərkən, müxtəlif ciddi maneələrə baxmayaraq, Azərbaycan dilinin bu ali hüquqi aktda ana dili kimi təsbit olunması da cəsarətli liderin qətiyyətli mübarizəsinin nəticəsi idi. Bundan sonra, hüquqi əsas yarandığı üçün ana dilini inkişaf etdirmək, bu dildə elmi və bədii yaradıcılığı genişləndirmək, televiziya, mətbuat, radio, kino, teatr quruculuğunda milli dilin tətbiqini genişləndirmək daha asan oldu. Məhz ümummilli liderin təşəbbüsü və onun himayəsi ilə xalqımızın tarixini, adət-ənənələrini, qəhrəmanlıq keçmişini və s. əks etdirən mövzularda filmlər çəkilməyə başlanıldı. Təsadüfi deyildir ki, "Nəsimi", "Babək", "Dəli Kür" və sair bu kimi filmlər gənclərin milli ruhda tərbiyəsində, gələcəkdə onların kütləvi surətdə müstəqillik hərəkatına qoşulmasında böyük rol oynadı. Bununla da, Heydər Əliyev xalqımızın milli mənlik şüurunun alovlanmasına təkan verməklə bərabər, məqsədyönlü tədbirlər görməklə, hərtərəfli islahatlar həyata keçirməklə, respublikamızı qısa müddətdə sürətlə inkişaf etdirdi və bütün bunların nəticəsində Azərbaycan geridə qalmış kənd təsərrüfatı respublikasından aqrar-sənaye respublikasına çevrilərək, bir çox cəhətdən özünü tam təmin edən və Ümumittifaq büdcəsinə töhfələr verən iki respublikadan biri olmaqla, Sovet İttifaqında ön sıraya keçərək öz layiqli yerini tutdu.

Əzmkar insanın böyük zəhmətlər hesabına ardıcıl olaraq zirvələri fəth etməsi, yüksək vəzifələr tutması, ali dövlət mükafatlarına layiq görülməsi, habelə bilavasitə onun sayəsində xalqımızın çoxsaylı elm, mədəniyyət, incəsənət xadimlərinə və digər ziyalılarına Sovetlər İttifaqının fəxri adlarının və mükafatlarının verilməsi millətimizi nə qədər qürurlandırırdısa, tarixi düşmənlərimiz olan erməniləri bir o qədər mütəəssir edir və qıcıqlandırırdı. Bununla belə, mənfur düşmənlər ilk vaxtlar bunu büruzə vermir, özlərinə xas olan riyakarlıqla vəziyyətdən çıxırdılar. 1982-ci ildə ulu öndərimizin ittifaq rəhbərliyinin ən yüksək postlarından birinə-SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə irəli çəkilməsi və Mərkəzi Komitənin Siyasi Bürosuna üzv seçilməsi isə ermənilər üçün növbəti sarsıdıcı zərbə olmaqla, onları daha da hiddətləndirdi. Yeni vəzifənin də öhdəsindən məharətlə gələn dahi lider Heydər Əliyevin şöhrəti artdıqca, ölkə rəhbərliyinin yüksək eşalonunda əyləşənlərin də ona qarşı qısqanclıq hissləri güclənirdi və bu, ermənipərəst Qorbaçovun hakimiyyətə gəlişindən sonra özünü daha aydın büruzə verirdi. Münbit məqamdan istifadə edən ermənilər onun vəzifədən uzaqlaşdırılması planını işə salaraq, bu prosesə erməni lobbisini də cəlb etdi. Təlatümlü həyatı ilə vətənimizə və xalqımıza rifah bəxş edən Heydər Əliyev, belə bir məqamda doğma azərbaycanlılar sırasında xalq, vətən təəssübkeşli mütərəqqi insanların rəğbəti və ehtiramı ilə bərabər, əfsuslar olsun ki, xəbis, cılız, paxıl, riyakar insanların iftiraları ilə də üzləşdi. Belə vəziyyət isə Heydər Əliyevi məyus etməklə, ruhdan saldı və O, 1987-ci ilin oktyabrında vəzifədən istefa vermək qərarını qəbul etdi.

Azərbaycana doğan günəş

Ulu öndərin rəhbərlikdən getməsindən istifadə edən erməni millətçiləri bir neçə gündən sonra Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağı Ermənistana birləşdirmək məsələsini qaldırdılar. Ardınca Ermənistanda və Xankəndidə fasiləsiz mitinqlər başladı. Azərbaycanın ozamankı rəhbərliyi bu təxribatların qarşısını almaqda aciz olduğundan öz qətiyyətli mövqeyini ortaya qoya bilmədiyi üçün, sözügedən məsələ böyük bir problemə çevrildi. Bir tərəfdən ölkədə yaranmış özbaşınalıq, anarxiya, xaos, hakimiyyət zəifliyi, xalq ilə iqtidar arasında olan inamsızlıq, digər tərəfdən isə Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları ölkəmiz üçün ciddi çətinliklər yaradırdı. Bütün bunlar isə "Qanlı Yanvar" qırğınına və xalqımızın soyqırımı ilə müşayiət olunan tarixi torpaqlarımızın işğal olunmasına yol açdı. Sözsüz ki, o dövrdə ümummilli lider hakimiyyətdə olsaydı bu hadisələrin heç biri baş verməzdi. Hər kəsə məlumdur ki, həmin faciə baş verənə qədər Heydər Əliyevin yenidən fəal siyasətlə məşğul olmaq fikri yox idi. Ancaq baş verənlərə biganə qala bilməyən vətənpərvər şəxsiyyət sağlamlığını və hətta həyatını belə təhlükəyə ataraq, heç nədən və heç kəsdən çəkinmədən 1990-cı ilin sərt qış günlərində Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gedərək, respublikada "20 Yanvar" faciəsini törətmiş Sovet İttifaqı rəhbərliyini kəskin şəkildə ittiham edən son dərəcə cəsarətli və qətiyyətli bəyanatla çıxış etməklə, Azərbaycan xalqının yanında olduğunu bildirdi. Məntiqi olaraq bundan sonra ona qarşı təzyiqlər, təxribatlar kampaniyası vüsət aldı və həmin kompaniya daxilində hətta onu həbs etmək belə istəsələr də, o buna məhəl qoymadan Azərbaycana üz tutdu. Bakıda yaşamağına imkan verilmədiyini və doğulub boya-başa çatdığı Naxçıvanın təhlükədə olduğunu görən Heydər Əliyev ora gedərək, Naxçıvanı və əhalisini qorudu. Belə ki, həmin vaxt məkrli niyyətləri, həmçinin Naxçıvanın işğalına yönələn ermənilərin bu çirkin istəklərini ürəklərində qoyan aqil rəhbər Naxçıvanı və naxçıvanlıları müdafiə edir və ardınca müstəqilliyin əldə edilməsi üçün həlledici addımlar atmağa başlayır. SSRİ-nin mövcud olduğu bir dövrdə Naxçıvan Muxtar Respublikası Ali Sovetinin ulu öndərin sədrliyi ilə keçən 17 noyabr 1990-cı il tarixli sessiyasında cümhuriyyət ideyalarına sədaqət nümayiş etdirilərək, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Ali Məclisində dövlət rəmzi elan olunur və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatəti əsasında Azərbaycan Respublikasının Ali Soveti 5 fevral 1991-ci ildə üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul olunması haqqında qərar qəbul edir. Bununla bərabər, Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından "Sovet Sosialist" sözləri çıxarılır. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 1992-ci ilin noyabrında siyasi platforması Azərbaycanın rifahından, firavan gələcəyindən xəbər verən Yeni Azərbaycan Partiyası yaradılır. Müxalifət partiyası kimi yaradılmış Yeni Azərbaycan Partiyası düzgün fəaliyyəti, bilavasitə milli maraqlara və xalqa xidməti ilə qısa zamanda iqtidar partiyasına çevrilir. Zaman göstərdi ki, ulu öndər Heydər Əliyev təkcə Yeni Azərbaycan Partiyasını yaratmadı, sözün əsl mənasında Yeni Azərbaycanın özünü yaratmağa müvəffəq oldu.

Ümummilli liderin 15 iyun 1993-cü il tarixdə xalqın israrlı tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanda ictimai-siyasi sabitliyin bərqərar olunması iqtisadi inkişafın davamlılığına və yeni hədəflərə rəvac verməklə yanaşı, tərəfdaşlar qazanılmasını da şərtləndirdi. Ulu öndərin növbəti dəfə respublikamıza rəhbərliyinin ilk illərində ölkəmiz vətəndaş müharibəsindən yenicə qurtulduğu, atəşkəs rejimini təzəcə əldə etdiyi üçün, həmin dövrdə investorları Azərbaycana sərmayə qoymaq üçün həvəsləndirmək, onların etimadını qazanmaq həddindən artıq çətin, demək olar ki, mümkünsüz bir məsələ idi. Bununla belə, peşəkar siyasətçi 1994-cü ilin sentyabr ayında ölkəmizin qüdrətlənməsində mühüm əhəmiyyəti olan, Azərbaycanın Dövlət Neft Şirkəti ilə dünyanın 11 böyük neft şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" yataqlarının istifadə edilməsi barədə "Əsrin müqaviləsi" kimi möhtəşəm bir müqavilənin bağlanılmasına nail oldu. Sözsüz ki, Azərbaycan neftinin dünya bazarlarına çıxmasında müstəsna rolu olan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin ərsəyə gəlməsi, Azərbaycanı dünyada böyük qaz potensialına malik olan bir dövlət kimi tanıdan "Şahdəniz"in reallaşması da bu böyük şəxsiyyətin misilsiz xidmətlərinin nəticəsi idi.

Xüsusi vurğulamaq lazımdır ki, türk dünyasının bir-biri ilə, eləcə də bütün dünya ilə birləşdirilməsinə xidmət edən tarixi "İpək Yolu" layihəsində də Heydər Əliyevin təşəbbüsü ilə görülən böyük işlər müstəsna əhəmiyyət kəsb etmişdir. Əsas məqsədi Orta Asiya və Qafqaz ölkələrinin dünya iqtisadiyyatına fəal qoşulmasını təmin etməkdən ibarət olan bu böyük layihənin reallaşdırılmasında Bakı-Tbilisi-Ceyhan boru xəttinin mühüm əhəmiyyətini nəzərə alan müdrik rəhbər, bu səbəbdən əvvəlcə bütün qüvvəsini həmin xətt layihəsinə yönəltmişdir. Tarix onun növbəti uzaqgörənliyini təsdiq etdi və göstərdi ki, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru xəttinin, Şərq-Qərb nəqliyyat dəhlizinin, Bakı-Tbilisi-Qars dəmir yolunun inşası və qədim "İpək Yolu"nun bərpası Heydər Əliyevin Azərbaycan iqtisadiyyatının qüdrətlənməsinə yönələn mütərəqqi ideyası olmaqla bərabər, həm də türk dünyasının birləşdirilməsinə hesablanmışdır. Sadalananlar qəti əminliklə onu deməyə əsas verir ki, müasir şəraitdə dövlət müstəqilliyimiz üçün vacib olan iqtisadi potensialımızın əsası Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə qoyulmuşdur.

Prokurorluq Ulu Öndərin diqqət və qayğısı ilə əhatə olunmuşdur

Hər şeydən əvvəl, qeyd edilməlidir ki, Azərbaycan Prokurorluğu 80 il ərzində dövlətin etibarlı sütunlarından biri kimi fəaliyyət göstərsə də, Prokurorluq işçilərinin peşə bayramının qeyd edilməsinə dövlət tərəfindən heç bir təşəbbüs göstərilməmiş, bununla əlaqədar hər hansı rəsmi tədbir görülməmişdir. Qürurvericidir ki, məhz ulu öndər Heydər Əliyevin imzaladığı 17 iyul 1998-ci il tarixli Sərəncam ilə 1 Oktyabr - Prokurorluq İşçilərinin Peşə Bayramı Günü təsis edilmiş, bu isə tarixi ədalətin bərpa olunması ilə yanaşı, hakimiyyət orqanları sırasında xüsusi yeri olan prokurorluğa qayğının ifadəsi, onun roluna rəsmi münasibətin dövlət səviyyəsində təzahürü olmuşdur.

Azərbaycan Respublikası Prokurorluğunun dövlətçiliyin maraqlarına, qanunun aliliyinin, insan və vətəndaş hüquqlarının müdafiəsinə xidmət edən sivil bir qurum kimi formalaşması, onun fəaliyyətinin hərtərəfli təminatı üçün qanunverici, maddi və sosial bazanın yaradılması, ölkəmizdə həyata keçirilən möhtəşəm islahatların, o cümlədən məhkəmə-hüquq islahatlarının memarı - ümummilli lider Heydər Əliyevin böyük qayğı və dəstəyi sayəsində mümkün olmuşdur. Müstəqil Respublikamızın Ali Qanununda ilk dəfə olaraq ölkəmizin dövlət quruluşu sistemində prokurorluğun layiqli yerinin müəyyənləşdirilməsi, məhkəmə hakimiyyəti sisteminə daxil olan prokurorluq orqanlarının statusu, təşkili və fəaliyyət prinsipləri, səlahiyyət dairəsi və vəzifələrinin qanunvericilik qaydasında təsbit edilməsi Heydər Əliyevin bilavasitə tapşırıq və göstərişlərinin icrasının nəticəsi idi. Ulu öndər Heydər Əliyevin təşəbbüsü əsasında qəbul edilmiş "Prokurorluq haqqında" Azərbaycan Respublikasının 7 dekabr 1999-cu il tarixli Qanunu qarşıda duran bu və ya digər vəzifələrin uğurla həyata keçirilməsinə imkan yaratmaqla, prokurorluq orqanlarının daha da demokratikləşdirilməsini, onun qanunçuluğun və insan hüquqlarının aliliyinin real təminatçısına çevrilməsini təmin etdi. Ardınca beynəlxalq hüquq normalarına və demokratik prinsiplərə uyğun hazırlanmış "Prokurorluq orqanlarında qulluq keçmə haqqında", "Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında", "Prokurorluq orqanları işçilərinin fərqlənmə nişanları və xüsusi geyim forması haqqında", "Prokurorluğun rəsmi emblemi haqqında" Azərbaycan Respublikası Qanunlarının və digər hüquqi aktların qəbul edilməsi nəticəsində prokurorluğun fəaliyyətinin hüquqi tənzimlənməsi prosesi dövrün tələblərinə və beynəlxalq standartlara cavab verən səviyyəyə çatdırıldı. 19 sentyabr 2002-ci il tarixdə qüvvəyə minmiş "Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər edilməsi haqqında" referendum aktı ilə prokurorluğa qanunvericilik təşəbbüsü hüququnun verilməsi isə dövlətdə və cəmiyyətdə prokurorluğun rolunu daha da artırdı. Həyata keçirilən möhtəşəm islahatlar çərçivəsində görülən nəhəng işlər sayəsində və təməl prinsiplərin mövcud tələblərlə uzlaşdırılması ilə hazırlanmış hüquqi baza əsasında Azərbaycan Prokurorluğu struktur və mahiyyət baxımından tamamilə yenidən qurularaq, yüksək nəzəri bilikli və peşəkar kadrlarla komplektləşdirilməklə, səlahiyyətləri, vəzifələri və fəaliyyəti beynəlxalq standartlara uyğun formalaşdırılmış müasir dövlət təsisatına çevirildi. Ümummilli liderin prokurorluq işçilərinin rifahına xidmət edən "Azərbaycan Respublikası Prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında" 8 oktyabr 2002-ci il tarixli Sərəncamı isə prokurorluq işçiləri tərəfindən sonsuz sevinc hissləri ilə qarşılanmaqla, onlarda böyük ruh yüksəkliyi yaratmışdır. Ulu öndər Heydər Əliyevin prokurorluğun, özü dediyi kimi, çətin və şərəfli işini, həmçinin dövlətçiliyə olan sədaqətini dəyərləndirməklə, onun fəaliyyətinə yüksək qiymət verməsi bizi qürurlandırmaqla bərabər, hər birimizin üzərinə daha böyük məsuliyyət qoymuşdur.

Ulu öndər Heydər Əliyevin qurduğu müasir Azərbaycan Prezident İlham Əliyevin sayəsində daha da qüdrətlənir

Fərəhləndirici haldır ki, dünyada gedən mürəkkəb proseslərə, ümumbəşəri ciddi və problemlərə, çoxsaylı qlobal çətinliklərə, eləcə də müharibədən yeni çıxmış ölkə olmasına, həmçinin postpandemiya dövrünü yaşamasına rəğmən, nəhəng tarixi şəxsiyyət Heydər Əliyevin layiqli davamçısı möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün də respublikamızda iqtisadiyyat güclənir, bütün sahələrdə mütəmadi olaraq mütərəqqi islahatlar həyata keçirilir, regionların tarazlı inkişafının davamlılığı təmin olunur, hər bir istiqamət üzrə ardıcıl uğurlar əldə edilir ki, nəticədə doğma Azərbaycanımız daha da qüdrətlənir. Ölkəmizdə həyata keçirilən mükəmməl siyasət nəticəsində nəhəng layihələr reallaşdırılır, qeyri-neft məhsullarının istehsalının və ixracının artırılması üzrə kompleks tədbirlər görülür, dövlət-sahibkar münasibətlərinin və biznes-investisiya mühitinin daha da sağlamlaşdırılması, özəl sektorda təşviq alətlərinin tətbiqi, aqrar sektora, kiçik və orta sahibkarlığa dövlət dəstəyi daim diqqət mərkəzində saxlanılır. Milli iqtisadiyyat və onun əsas sektorları üzrə strateji yol xəritələri, konsepsiyalar və digər Dövlət proqramları çərçivəsində müəyyən olunmuş tədbirlərin icrası uğurla həyata keçirilir.

Dövlətlərarası münasibətlər sistemində bərabərhüquqlu əməkdaşlığı dəstəkləyən və təbliğ edən Azərbaycanın mövqeyi beynəlxalq arenada da möhkəmlənmişdir. Təsadüfi deyil ki, 120 üzvlə BMT-dən sonra ikinci ən böyük təsisat olan Qoşulmama hərəkatına üzv dövlətlərin hamısı hər dəfə böyük etimad göstərərək ölkəmizin sədrlik müddətini yekdilliklə daha bir il uzadıblar. Azərbaycan Türk şurasına sədrliyini də uğurla başa vurmuşdur. İslam Əməkdaşlıq Təşkilatı ənənəvi olaraq ölkəmizin haqlı mövqeyini müdafiə edir. Dövlətimiz NATO tərəfindən də dəstəklənir. Digər dövlətlərlə, xüsusən də qonşu ölkələrlə qurulmuş mükəmməl əlaqələrin davamlılığı da uğurla təmin olunur, daim təmaslar və fikir mübadiləsi əsnasında dostluq və tərəfdaşlıq əlaqələri inkişaf edir. Qeyd olunmalıdır ki, Türkiyə ilə qardaşlıq münasibətləri, Türkiyə-Azərbaycan əlaqələri 15 iyun 2021-ci il tarixdə "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"nin imzalanması ilə keyfiyyətcə yeni mərhələyə qədəm qoyaraq rəsmən müttəfiqlik səviyyəsinə yüksəlmişdir.

Dövlət başçısının ölkəyə rəhbərlik etdiyi möhtəşəm 20 ilə yaxın müddət ərzində əldə edilən uğurlardan bəhs edərkən, Azərbaycanın nəinki müasir dövrünün, ümumilikdə öz şərəfli tarixinin ən böyük nailiyyətlərindən biri olan 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbə xüsusi vurğulanmalıdır. Müzəffər Ali Baş Komandanın mükəmməl siyasətinin və sarsılmaz qətiyyətinin, dövlətimizin qüdrətinin, Silahlı Qüvvələrimizin gücünün, hərbi qulluqçularımızın şücaətinin və xalqımızın qəhrəmanlığının vəhdəti nəticəsində böyük zəfər qazanılmış və bu tarixi uğur isə millətimizin ruhunu dəyişmiş, vüqarını və qürurunu daha da artırmış, alnını açıq, üzünü ağ, başını uca etmiş, milli məğrurluğumuzu daha da möhkəmləndirmişdir. Ermənistanın hər növbəti təxribatlarının qarşısı alınarkən müşahidə etdiyimiz Silahlı Qüvvələrimizin rəşadəti və hərbçilərimizin qəhrəmanlığı bir daha sübut edir ki, cənab Prezidentin dediyi kimi: "Dəmir yumruq yerindədir". Aprel ayının 23-də Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsinin yaradılması müdrik siyasətin növbəti qələbəsi olmaqla, hər bir azərbaycanlını daha da qürurlandırdı. Fürsətdən istifadə edib, uca Allahdan bütün şəhidlərimizə rəhmət, yaralılarımıza isə şəfa diləyirəm.

Böyük sevinc hissləri ilə qeyd edilməlidir ki, respublikamızın digər bölgələri ilə bərabər, işğaldan azad edilmiş vaxtilə ermənilər tərəfindən viran qoyulmuş kənd və şəhərlərimizdə sürətli abadlıq-quruculuq işləri aparılır və həyata keçirdiyi siyasətin prioritet istiqamətlərindən olan bu proses dövlət başçısının şəxsi nəzarəti ilə uğurla reallaşdırılır ki, bunun da nəticəsində Vətənin hər bir guşəsi gülüstana çevrilir və Azərbaycan durmadan çiçəklənir. Hazırda geniş tikinti-quruculuq meydanına çevrilən Qarabağ və Şərqi Zəngəzurda dövlət başçısının tapşırıqları və tövsiyələri əsasında "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyalarının reallaşdırılması, bütün infrastrukturların yenidən qurulması, avtomobil və dəmir yollarının, elektrik, su və qaz xətlərinin çəkilməsi, hava limanlarının, tunellərin, körpülərin, müasir yaşayış komplekslərinin, məktəblərin, xəstəxanaların, su-elektrik stansiyalarının tikilməsi prosesi uğurla davam etdirilir ki, bu da dünya iqtisadiyyatında böyük problemlərin yarandığı bir dövrdə respublikamızın qüdrətini və iqtisadi gücünü sübut edən növbəti bariz nümunədir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ölkəmizin uğurlarına misilsiz töhfələr verməkdədir

Qeyd etmək zəruridir ki, ölkəmizin hərtərəfli qüdrətlənməsində və əldə olunan uğurlarda, eləcə də dövlətimizin beynəlxalq əlaqələrinin inkişaf etdirilməsində, milli-mənəvi dəyərlərimizin və mədəniyyətimizin bütün dünyaya tanıdılmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın zəngin və yorulmaz fəaliyyəti mühüm əhəmiyyət kəsb etməkdədir. Onun respublikamızda təhsilin, elmin, səhiyyənin, mədəniyyətin, idmanın və digər sahələrin inkişafında misilsiz xidmətləri, milli-mənəvi dəyərlərin qorunması və beynəlxalq səviyyədə geniş təbliği istiqamətində gördüyü böyük işlər dövlətimizin daha da qüdrətlənməsinə və xalqın rifahının hərtərəfli yaxşılaşdırılmasına töhfələr verməkdədir. Sadalananlar, eləcə də sadəliyi, təvazökarlığı, səmimiliyi, vətənpərvərliyi, insanlığın təntənəsinə xidmət edən təşəbbüsləri və saysız-hesabsız xeyirxah əməlləri Mehriban xanıma sonsuz xalq məhəbbəti qazandırmışdır. Onun bəşər mədəniyyətinin inkişafı istiqamətindəki səriştəli fəaliyyəti, dövlətlərarası dialoq prosesinə verdiyi töhfələr və dünyanın müxtəlif yerlərində həyata keçirdiyi humanitar tədbirlər isə birinci xanıma Azərbaycan xalqının sevgisi ilə bərabər, bir sıra xarici ölkə vətəndaşlarının da rəğbətini qazandırmışdır. Fərəhləndiricidir ki, Mehriban xanımın xüsusən də Şərqlə Qərb arasında mədəni dialoqa nail olmaq, fərqli sivilizasiyaları ümumbəşəri maraqlar naminə bir araya gətirmək, dini tolerantlığı, multikulturalizmi gücləndirmək, gender bərabərliyini təmin etmək istiqamətindəki fədakar fəaliyyəti beynəlxalq səviyyədə yüksək dəyərləndirilir. Təsadüfi deyil ki, şöhrəti respublikamızın hüdudlarından kənara çıxan Birinci vitse-prezidentin gördüyü böyük işlərin sədası dünyanın ən nüfuzlu kütləvi informasiya vasitələrindən gəlir və o, səmərəli fəaliyyətinə görə digər ölkələr tərəfindən də ali dövlət mükafatları ilə təltif edilir.

Cənab Prezidentin ən sadiq silahdaşı Mehriban xanım Əliyevanın yorulmaz fəaliyyəti Vətən müharibəsi zamanı da diqqət cəlb etmişdir. Birinci vitse-prezident ölkəmizin ədalətli mübarizəsi barədə həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması üçün vətənpərvər çağırışları ilə hər bir azərbaycanlını informasiya platformalarında mübarizəyə səfərbər etməyi uğurla bacardı. Cəbhədə döyüşən qəhrəman hərbçilərimizə, eləcə də yaralılarımıza hərtərəfli dəstəyi və duaları ilə yardımçı olan, şəhidlərimizin əzizlərinin ağrı-acısına şərik çıxaraq bir ana, bir bacı, bir övlad kimi doğma və qayğılı münasibətilə onları ovunduran, hər bir məqamda dövlət başçısının yanında olan Mehriban xanım xalqımıza və ölkə rəhbərinə böyük dəstək verdi.

Birinci vitse-prezident dövlət başçısı ilə birlikdə bir neçə dəfə işğaldan azad olunmuş tarixi ərazilərimizə səfər edərək, yenidənqurma işləri ilə şəxsən tanış olmuş, bir neçə müxtəlif infrastruktur layihələrinin təməlqoyma və açılış mərasimlərində iştirak etmiş, bununla əlaqədar öz dəyərli məsləhətlərini vermişdir. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə rəhbəri olduğu və ulu öndərin xeyirxah ideyalarını layiqincə davam etdirən Heydər Əliyev Fondu tərəfindən tarixi-mədəni və dini abidələrimizin bərpa edilməsi də bu istiqamətdə görülən böyük işlərdəndir. Birinci xanımın ölkə rəhbəri və ailə üzvləri ilə birlikdə işğaldan azad olunmuş ərazilərə çoxsaylı səfərləri, səfər boyu sevinc və qürur dolu davranışları, səmimi paylaşımları bu vətənpərvər insanların torpağa, yurda, vətənə və xalqa bağlılığının izharıdır.

Ulu öndər Heydər Əliyev daim xatırlanacaq və əziz xatirəsi yüksək ehtiramla yad olunacaqdır

Göründüyü kimi, böyük tarixi şəxsiyyət Heydər Əliyevin uzaqgörən siyasəti bu gün də millətimizə və dövlətimizə fayda verməkdədir. Müdrik siyasəti zamanın tələbləri ilə uzlaşdıraraq uğurla davam etdirən möhtərəm Prezident cənab İlham Əliyevin digər dövlət başçılarına örnək olan mükəmməl rəhbərliyi sayəsində Azərbaycan daha da qüdrətlənir və xalqın rifahının hərtərəfli yaxşılaşdırılır.

Bu gün dövlət başçısına ünvanlanan minnətdarlıq məktublarının səngiməməsi, Mehriban xanımın saysız-hesabsız xeyirxah təşəbbüslərinə görə insanların məmnunluq hissləri ilə dolu təşəkkürlərini ifadə edən müraciətlərinin ardı-arasının kəsilməməsi əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş milli maraqlara xidmət edən siyasətin qədirbilən xalq tərəfindən dəyərləndirilməsinin və dəstəklənilməsinin təzahürü, ümummilli liderə, eləcə də ölkə rəhbərinə və Birinci vitse-prezidentə olan sonsuz xalq sevgisinin təcəssümüdür.

Ulu öndərin uzaqgörən mükəmməl siyasi strategiyasının, ölməz ideyalarının və dəyərli tövsiyələrinin Vətənin və xalqın taleyində bundan sonra da misilsiz rol oynayacağına, dövlət başçısının rəhbərliyi ilə respublikamızda həyata keçirilən hərtərəfli islahatlara, görülən nəhəng işlərə böyük töhfələr, ölkənin sürətli və davamlı inkişafına ciddi dəstək verəcəyinə hər kəs əmindir.

Odur ki, xalqımızın və vətənimizin taleyində müstəsna rolu olan, istiqlalımızın və firavan istiqbalımızın müəllifi, müasir Azərbaycanın memarı və qurucusu ulu öndər Heydər Əliyev daim dərin məhəbbətlə xatırlanacaq, nəhəng tarixi şəxsiyyətin doğum günü hər il respublikamızda, eləcə də ölkə hüdudlarından xeyli uzaqlarda böyük təntənə ilə qeyd ediləcək, əbədiyaşar liderimizin əziz və unudulmaz xatirəsi həmişə yüksək ehtiramla yad olunacaqdır.

Xanlar VƏLİYEV,

Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı, respublikanın Əməkdar hüquqşünası, hüquq üzrə fəlsəfə doktoru.