12 may 2023 22:15
476

Hər bir uğurumuzun təməlində...

Müstəqil Azərbaycan dövlətinin qazandığı hər bir uğurun təməlində Ümummilli Liderimiz Heydər Əliyevin müəllifi olduğu inkişaf strategiyası dayanır. Bu strategiyanın tarixi Ulu Öndərimizin 1969-cu ildə Azərbaycana birinci dəfə rəhbər seçilməsindən başlayır. Bu dövrədək zəngin iqtisadi potensialının, təbii sərvətlərinin olmasına baxmayaraq, ölkəmiz keçmiş İttifaq respublikaları arasında bütün göstəricilərə görə axırıncı yerləri tuturdu. Görkəmli dövlət xadiminin respublikamızda rəhbərliyə gəlməsi Azərbaycanda bütün sahələrlə inkişafa yol açmış və ölkəmiz qısa zamanda İttifaq tərkibində o zaman üçün müasir iqtisadiyyata malik respublikaya çevrilmişdi. O dövrdə dahi rəhbər sənaye və kənd təsərrüfatının inkişafına yönəlmiş çox mühüm qərarlar qəbul etmişdi.

Görkəmli dövlət xadiminin milli kadrların formalaşdırılması istiqamətində gördüyü işlər də xalqımızın gələcək müstəqilliyinə hədəflənmişdi. Həmin dövrdə elm, təhsil, səhiyyə və mədəniyyət sahələrinə də böyük qayğı göstərilmişdir. Xüsusilə gələcək müstəqil Azərbaycanın əsas dayağına və qarantına çevriləcək milli ordu quruculuğu siyasəti ön planda olmuşdur. Təsadüfi deyil ki, Azərbaycanda siyasi rəhbərliyə gəlişindən çox qısa bir dövr keçməsinə baxmayaraq Ulu Öndərin böyük siyasi iradəsi hesabına respublikamızda ilk hərbi təmayüllü təhsil ocağı Cəmşid Naxçıvanski adına hərbi məktəb yaradılmışdır. Həmin hərbi məktəbin yaradılması ilə milli hərbi kadrların formalaşdırılması yeni mərhələyə qədəm qoymuşdur. Bu gün ölkəmizdə hərbi uğurların təməli də məhz həmin illərdə atılmış bu cəsarətli addıma əsaslanır.

Ötən əsrin 70-ci illərindən başlanan milli-mədəni dirçəliş, özünüdərk, milli ruhun yüksəlişi xalqımızın illərdən bəri qəlbində yaşatdığı dövlətçilik ideyasının milli azadlıq mübarizəsində əsas hərəkətverici qüvvəyə çevrilməsinə zəmin yaratmışdır. Azərbaycan dilinin dövlət dili kimi təsdiq olunması, milli dəyərlərimizin və adət-ənənələrimizin qorunub yaşadılması, tarixi-mədəni irsimizə göstərilən qayğı, soykökümüzə sahiblik milli özünüdərkə səbəb olmuş, insanların şüurunda əsaslı dəyişikliklər yaratmışdır.

Türk dünyasının böyük oğlu Heydər Əliyev 1982-1987-ci illərdə Siyasi Büronun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi yüksək dövlət vəzifələrində fəaliyyət göstərəndə də Azərbaycanın mənafeyini hər zaman üstün tutmuşdur. Unutmaq olmaz ki, dahi şəxsiyyət SSRİ rəhbərliyində təmsil olunan zaman erməni şovinsitləri respublikamıza qarşı əsassız ərazi iddiaları irəli sürməyə cəsarət edə bilməmişdilər. Buna görədir ki, böyük təzyiqlər nəticəsində 1987-ci ildə Ulu Öndərimiz vəzifələrindən istefa vermiş, bundan 15 gün sonra Azərbaycanın Dağlıq Qarabağ ərazisinin Ermənistana birləşdirilməsi məsələsi gündəliyə çıxarılmışdı. Erməni millətçiləri və onların Moskvadakı havadarlarının Azərbaycana qarşı təzyiqləri başlamış, bu təzyiqlərin tərkib hissəsi kimi 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə paytaxt Bakı şəhərinə hərbi qoşun qüvvələri yeridilmişdir. Həmin vaxt böyük siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan Nümayəndəliyində ulu öndər Heydər Əliyev təcavüzkarları cəsarətlə ifşa etmiş, baş vermiş hadisənin hərbi cinayət olduğunu bütün dünyaya çatdırmışdır. Bu bəyanatdan sonra görkəmli dövlət xadiminə qarşı böyük təzyiqlər başlamış, dahi şəxsiyyət  1990-cı il iyul ayının 20-də Bakıya gəlmiş, iki gün sonra isə doğma Naxçıvana getmişdir.

Görkəmli dövlət xadiminin doğulub boya-başa çatdığı Naxçıvana qayıdışı tarixi zərurət idi. Çünki həmin dövrdə Naxçıvanda mürəkkəb şərait yaranmışdı. Bir tərəfdən SSRİ rəhbərliyinin Azərbaycana hərtərəfli təzyiqləri, digər tərəfdən ermənilərin ölkəmizin digər bölgələri ilə yanaşı, Naxçıvana da əsassız torpaq iddiaları və bu iddiaların nəticəsi olaraq qədim diyarın blokadaya alınaraq işğal edilməsi planı vəziyyəti daha da ağırlaşdırmışdı. Məhz belə bir tarixi şəraitdə Naxçıvan məhv olmamaq üçün möcüzə gözləyirdi, hansı ki, bu möcüzəni qədim yurdun insanlarına elə bu yurdun böyük oğlu Heydər Əliyev bəxş etdi. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Ulu Öndərin sədrliyi ilə keçirilən ilk sessiyasında təkcə Naxçıvan üçün deyil, ümumilikdə, ölkəmiz üçün taleyüklü qərarlar qəbul edildi. Sessiyada Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “Sovet Sosialist” sözləri çıxarıldı, Naxçıvan MSSR Ali Soveti Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırıldı. Milli istiqlal rəmzi olan üçrəngli bayrağımız ilk dəfə bu sessiyanın tarixi qərarı ilə Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edildi, həmin bayrağın Azərbaycan Respublikasının rəsmi dövlət rəmzi kimi tanınması haqqında Azərbaycan SSR Ali Soveti qarşısında vəsatət qaldırıldı. Bu gün iqtidar partiyası kimi liderliyi və dünyada siyasi nüfuzunu qoruyub saxlayan Yeni Azərbaycan Partiyasının təsis edilməsi, az vaxt ərzində böyük nüfuz qazanması da Ulu Öndərin siyasi fəaliyyətinin Naxçıvan dövrünün bəhrəsidir.

1993-cü il iyunun 15-də Azərbaycan xalqının təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdan Ulu Öndərimiz on il ərzində əsrlərə bərabər işlər görmüş, müstəqil Azərbaycanın xilaskarı və qurucusu kimi böyük tarixi missiyanı uğurla həyata keçirmişdir. Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi yazılan 15 iyun tarixi müstəqilliyimizin və dövlətçiliyimizin xilası gününə çevrilmişdir. Məhz Heydər Əliyev dühasının ikinci dəfə hakimiyyətə qayıdışından sonra Ulu Öndərin böyük xidmətləri sayəsində Azərbaycan iqtisadiyyatına nəfəs verəcək qlobal layihələrə imza atılmış, xarici neft şirkətləri ilə “Əsrin müqaviləsi” imzalanmışdır. Qısa müddətdə ölkəmiz beynəlxalq təşkilatlarda layiqincə təmsil olunmağa başlamış, hüquqi-demokratik prinsiplərə əsaslanan Konstitusiya qəbul edilmişdir. Bu dövrdə ordu quruculuğu sahəsində də mühüm tədbirlər həyata keçirilmiş, Azərbaycan ordusunun maddi-texniki bazası dəfələrlə gücləndirilmiş, döyüş ruhu yüksəldilmiş, Silahlı Qüvvələrimiz dünyanın ən müasir silah-sursatları ilə təchiz olunmuşdur. Beynəlxalq aləmdə gündən-günə nüfuzu artan Azərbaycan həyata keçirdiyi qlobal layihələrlə də öz gücünü artırmış, bu gün Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri üzrə ən mühüm tranzit qovşağına çevrilmişdir.

Heydər Əliyev siyasi yolunun ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan dünyada iqtisadi və siyasi sabitliyin qorunduğu, bütün sahələr üzrə davamlı inkişaf edən ölkələrdən birinə çevrilib. Azərbaycan bu siyasi kursa sadiq olmaqla bu gün beynəlxalq müstəvidə möhtəşəm nailiyyətlər ortaya qoyur. İqtisadi cəhətdən güclü, siyasi cəhətdən isə tam müstəqil dövlətə çevrilmiş Azərbaycanın mövqeyi regional və beynəlxalq məsələlərdə mütləq nəzərə alınır. Azərbaycanın Cənubi Qafqazın lider dövlətinə çevrilməsi ölkəmizin artan mövqeyinin, nüfuzunun göstəricisidir.  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin beynəlxalq müstəvidə, eləcə də ölkə reallıqları çərçivəsində Ümummilli Liderin yolunu uğurla davam və inkişaf etdirməsi möhtəşəm nailiyyətlər ortaya qoymaqdadır. Heydər Əliyevin vəsiyyəti Qarabağın, o cümlədən Şuşanın yenidən əzəli sahibinə qaytarılması olmuşdu ki, bu tarixi missiyanı onun layiqli davamçısı Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci ildə uğurla həyata keçirmişdir.

Bu gün Ümummilli Liderimizin arzuladığı bir Azərbaycan var, dövlətçiliyimizin taleyi əmin əllərdədir. Qarabağ, onun tacı Şuşa tarixi sahibinə qovuşub, doğma yurdumuza 30 ildən sonra yenidən həyat qayıdır. Əminliklə demək olar ki, Azərbaycan cənab İlham Əliyevin rəhbərliyi altında, Heydər Əliyev ideyaları işığında bundan sonra da yeni qələbələrə, yeni nailiyyətlərə doğru irəliləyəcək.

Hidayət Ağayev,
Əməkdar müəllim