“SOCAR PETROLEUM” QSC tərəfindən “Heydər Əliyev İli” çərçivəsində Ulu Öndərin 100 illik yubileyinə həsr edilən ağacəkmə aksiyası keçirilib.
“İki sahil” xəbər verir ki, aksiyada "SOCAR PETROLEUM"un rəhbər şəxsləri və 50-dək əməkdaşı iştirak edib. Aksiya çərçivəsində paytaxtın Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsində Cəmiyyətin heyəti tərəfindən 100 ədəd zeytun ağacı əkilib. Aksiya Ulu Öndərin cəmiyyətdə ekoloji mədəniyyəti və təbiətə qayğını təbliğ etmək ənənələrini davam etdirmək, ətraf mühitin qorunmasına töhfə vermək məqsədi daşıyıb.
Qeyd edək ki, aksiyaların keçirilməsində məqsəd ölkədə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına daim böyük əhəmiyyət vermiş Ümummilli lider Heydər Əliyevin əziz xatirəsini yad etmək, Ümummilli Liderin yaşıllaşdırma ənənəsini davam etdirmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etmək olub.
Ağacəkmə aksiyasında iştirak edənlər bildirib ki, dahi lider Heydər Əliyev Azərbaycan təbiətinə xüsusi önəm verib, onun daim təbii və ilkin toxunulmazlığını qorumağın vacibliyini zəruri hesab edib. Onun ölkəyə rəhbərlik etdiyi dövrlərdə Azərbaycanda ekoloji sabitliyin qorunması və ətraf mühitin mühafizəsi məsələlərinə böyük diqqətlə yanaşılıb, paytaxtla yanaşı regionlarda yaşıllaşdırma işlərinə xüsusi əhəmiyyət verilib. Ulu Öndərin bu mütərəqqi yanaşması, ekologiyaya olan qayğısı bu gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Qeyd edək ki, bu növ ağacəkmə tədbirləri ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasına yönəltmək, eləcə də insanların ekoloji problemlərə daha həssas yanaşmasına və bununla bağlı birgə fəaliyyətə səsləməyə xidmət edir.