17 may 2023 23:56
530

Azərbaycanı ən çətin məqamlardan çıxarmaq onun tale yazısı idi

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin ən ağır dönəmində həyatını riskə qoyaraq xalqımız və ölkəmiz üçün çox böyük işlər görməyi bacardı.  Sanki Ulu tanrı ona bir ilahi güc verərək  xalqımızın xilsakarına çevirdi. Ulu Öndər hətta «siyasət mümkün olanı etmək deyil, mümkünsüzü bacarmaq sənətidir» məşhur kəlamda söylənildiyi kimi, uzaqgörən siyasəti sayəsində Azərbaycan üçün, xalqımız üçün mümkünsüz görünən hər şeyin öhdəsindən uğurla gəldi. Xüsusilə ölkəmizin müstəqilliyini dönməz, əbədi və daimi etdi, Azərbaycan demokratik hüquqi dövlət quruculuğu yolu ilə əzmlə irəlilədi və gələcək inkişafın strateji hədəflərini müəyyən etdi. O inkişaf ki, sonrakı illərdə müstəqil Azərbaycanın daha da qüdrətlənməsi və tərəqqisi üçün möhkəm təməl və potensial rolunu oynadı.

Ulu Öndər həm də Azərbaycan tarixində ən görkəmli dövlət xadimi kimi xalqımıza əbədi bir milli sərvət qoyub getdi. Bu,  möhtəşəm Heydər Əliyev dövlətçilik məktəbi idi. Hətta Ulu Öndərin 2003-cü ildə tarixi müraciətində xalqa müəyyənləşdirdiyi siyasəti davam etdirə biləcək dəqiq ünvanı da göstərdi: «İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm».

Zaman Ulu Öndər Heydər Əliyevin bu inamını bu gün daha qətiyyətli şəkildə təsdiq edir. İndi nəinki xalqımız, hətta beynəlxalq ictimaiyyət Ümummilli Liderin layiqli davamçısı Prezident cənab İlham Əliyevin praqmatik və müdrik siyasətindən heyranlıq duyurlar.

Bəli, Ulu Öndər təkcə müstəqil Azərbaycanın xilaskarı olmamışdı. O, həm də Sovet Azərbaycanını ən geridə qalmış ittifaq respublikasından sayılıb- seçilən, nüfuz qazanan bir sovet respublikasına çevirmişdi. Ulu Öndərin Azərbaycan  SSR-ə rəhbərliyi dövründə yüzlərlə sənaye müəssisələrinin yaradılması müstəqillik illərimizin ilk illərində iqtisadi dirçəlişimizin yaranmasında mühüm rol oynamışdı. Bütün bunlar isə onu deməyə əsas verir ki, Azərbaycanın bugünkü inkişaf mərhələsinə çıxmasını şərtləndirən mühüm amil tarixin həlledici məqamında ölkədə və dünyada baş verən mürəkkəb proseslərin mahiyyətini dəqiq qiymətləndirməyi və bu prosesləri milli mənafelərə uyğunlaşdırmağı bacaran siyasi liderin mövcudluğu ilə olub. Ona görə də 1990-cı illərin son dərəcə ağır, bir çox hallarda hətta ümidsiz hesab edilən reallıqları ilə müasir Azərbaycan dövlətinin dünyadakı hazırkı yerinin müqayisəsi Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövləti qarşısında misilsiz xidmətlərinin miqyasını daha aydın görməyə imkan yaradır.

Ulu Öndərin siyasi xarkterinin mühüm əlamətlərindən biri onun zamanı və prosesləri düzgün qiymətləndirməyə imkan verən dərin zəkaya sahib olması idi. O, dünyada və regionda cərəyan edən proseslərin təhlükəli məcraya yönəldiyi vaxtda ölkəmiz üçün riskli olacaq hadislərin axarını dəyişməyi bacardı. Yəni,  Azərbaycan üçün ən çətin anda ən düzgün qərarlar qəbul etməklə böyük güclərin Azərbaycanda toqquşan maraqlarını qovuşan maraqlara çevirdi. Bununla da ölkəmizi fövqəl dövlətlərin hərbi -siyasi poliqonuna çevirilməkdən qorudu. Eyni zamanda, milli dövlət quruculuğunu və müasir inkişaf strategiyasını əhatə edən çoxşaxəli siyasətə üstünlük verdi. Bu siyasətin əsas amilləri belə idi: müstəqilliyin möhkəmləndirilməsi, ictimai-siyasi sabitliyin təmin edilməsi, güclü iqtisadiyyatın qurulması, qüdrətli  ordunun yaradılması, ərazi bütövlüyümüzün bərpa edilməsi, beynəlxalq münasibətlər sisteminə inteqrasiya, azərbaycançılıq ideologiyasına əsaslanan milli birlik və həmrəylik…

Müstəqilliyin ilk illərində parçalanmaq və dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmış Azərbaycanı bu fəlakətdən yalnız Heydər Əliyevin qurtara biləcəyini təkcə onun tərəfdarları deyil, rəqibləri də yaxşı anlayırdı. Ölkədə vətəndaş müharibəsi həddinə çatmış silahlı qarşıdurma cəhdlərinə məhz güclü siyasi xadim, praqmatik lider, müdrik dövlət adamı kimi Heydər Əliyevin titanik səyləri nəticəsində qısa müddətdə son qoyuldu, siyasi mübarizə küçə və meydanlardan parlamentə, seçki platformasına transformasiya olundu, ölkədə ictimai-siyasi sabitlik bərqərar edildi.

Məhz Ulu Öndərin qətiyyətli siyasəti sayəsində Azərbaycan regionun ən etibarlı və güclü dövlətlərindən biri kimi özünü dünyaya təqdim etməyə müvəffəq oldu. Xüsusilə birqütblü dünyada qalmaq kimi təhlükəli tendensiyadan yan keçən Azərbaycan özünün Şərq və Qərb arasında körpü funksiyasını bərpa edə bildi. Belə ki, 1994-cü ildə «Əsrin müqaviləsi»nin imzalanması və sonrakı dövrdə Bakı-Tbilisi-Ceyhan neft kəməri kimi qlobal əhəmiyyət kəsb edən enerji layihələrinin həyata vəsiqə qazanması ilə ölkəmiz qitələrarası nəqliyyat və enerji mərkəzinə çevrildi. Bu, əlbəttə Ulu Öndərin  siyasi müdrikliyinin nəticəsi olaraq nəinki Azərbaycanın və Cənubi Qafqazın, eyni zamanda, illər sonra ciddi aktuallıq kəsb edən Avropanın  enerji təhlükəsizliyinə tarixi töhfəsi kimi qiymətləndirilir.

1995-ci ildə  Ulu Öndərin rəhbərliyi ilə Azərbaycanın yeni Konstitusiyası qəbul olunduqdan sonra cəmiyyət həyatının bütün sahələrində köklü islahatların reallaşdırılmasına başlanıldı, ölkədə çoxpartiyalı siyasi sistem formalaşdırıldı, fikir plüralizmi, söz və məlumat azadlığı təmin edildi. Azərbaycanda bazar iqtisadiyyatı quruculuğu istiqamətində mühüm addımlar atıldı, neft strategiyasının həyata keçirilməsi nəticəsində ölkənin gələcək inkişafının beynəlxalq zəmanəti və maddi resursları təmin olundu. Təkcə onu qeyd etmək kifayətdir ki, Ulu Öndərin ölkəyə rəhbərliyi dövründə Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar nəticəsində ümumi daxili məhsul 71 faiz artdı. 1993-2002-ci illər ərzində Azərbaycanda istehsal və qeyri-istehsal sahələrinin inkişafına 8,2 milyard manat sərmayə cəlb edildi. Sürətlə artan inflyasiyanın dayandırılması, xarici ölkələrlə ticarət əlaqələrinin genişləndirilməsi, ticarət dövriyyəsinin 1993-cü illə müqayisədə 2,8 dəfə artaraq 3,8 milyard ABŞ dollarına çatması ölkədə davamlı inkişafa imkan yaradan yeni iqtisadi münasibətlər sisteminin qurulmasının nəticəsi idi.

Ulu Öndərin siyasi fəaliyyətində Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək əsas vəzifələrdən biri idi. O, Qarabağ probleminin mahiyyətini və Sovet hökumətinin tarixi Azərbaycan torpaqlarının Ermənistana verilməsi faktlarını ürək ağrısı ilə xatırlayaraq deyirdi: «1923-cü ildə Dağlıq Qarabağa muxtariyyət verilməsi Azərbaycanın başına bir bəla olub. Düzdür, o vaxtı buranı Ermənistana vermək istəyiblər və Azərbaycanın rəhbərləri çalışıblar və nail olublar ki, qalsın Azərbaycanda. Qalmalıydı, amma muxtariyyət yox. 1923-cü ildə verilmiş muxtariyyət Azərbaycanın içinə qoyulmuş bir bomba idi, nə vaxtsa partlamalıydı.»

Faktlardan da aydın görünür ki, erməni millətçiləri tarixin bütün mərhələlərində xalqımıza qarşı saxta iddialarla çıxış ediblər və son 200 ildə Azərbaycanın əraziləri hesabına öz dövlətlərini qurmaq, sonrakı mərhələdə isə onu daha da genişləndirmək üçün ardıcıl planlar həyata keçirməyə çalışıblar. Azərbaycan SSR-ə 14 illik rəhbərliyi dövründə Heydər Əliyevin nüfuzu və siyasi uzaqgörənliyi bu məkrli planların qarşısına sipər çəkirdi. Ulu Öndər deyirdi: «Mən Azərbaycandan gedəndən sonra, təəssüf ki, 1988-ci ildə olan hadisələri başladılar. Xırda-xırda Dağlıq Qarabağa nəzarəti azaltdılar, onlar da gəldi bunu elədi.»

 Bəli, məhz 1987-ci ildə Ulu Öndər SSRİ rəhbərliyi tərəfindən vəzifəsindən riyakarcasına uzaqlaşdırıldıqdan sonra Ermənistan və dünya erməniləri öz çirkin niyyətlərini reallaşdırmaq üçün tarixi fürsət əldə etdilər. Üstəlik, 1990-cı ilin əvvəllərində ölkədə hökm sürən hərc-mərclik, özbaşınalıq bu planların daha asanlıqla həyata keçməsinə əlverişli şərait yaratdı. Lakin həmin dövrdə bu planın müəllifləri anlamadılar ki, Heydər Əliyev yenidən Azərbaycana qayıdacaq, dövlətimizi məhv olmaqdan xilas edəcək, Ermənistana işğalın nəticələrini rəsmiləşdirməyə imkan verilməyəcək.

Ulu Öndərdən sonrakı dövrdə də Azərbaycan dövləti sürətli iqtisadi inkişaf və qüdrətli ordu quruculuğu yolunda da inamla irəlilədi.  Məhz bu inkişafın nəticəsi idi ki, Ermənistanın 5 ilə işğal etdiyi torpaqlarımız cəmi 44 günə azad edildi. Bu tarixi Zəfər Ulu Öndərin müəyyənləşdirdiyi siyasi dəst- xəttin Ali Baş Komandan İlham Əliyev tərəfindən ləyaqətlə davam etdirilməsinin məntiqi  nəticəsi idi.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində əldə etdiyi möhtəşəm Zəfər Azərbaycan xalqı üçün böyük mənəvi əhəmiyyətə malikdir. Eyni zamanda, bütün regionda yeni reallıqlar yaradan mühüm tarixi hadisədir. Bu,  dövlətçiliyimizi məhv olmaqdan xilas edərək onu sabit inkişaf yoluna çıxaran Ümummilli Lider Heydər Əliyevin güclü,Azərbaycan naminə başladığı və Prezident İlham Əliyevin müvəffəqiyyətlə başa çatdırdığı milli inkişafımızın taleyüklü, şanlı bir mərhələsidir. 2020-ci il noyabrın 8-də Qarabağın tacı olan Şuşanın azad edilməsi ilə bağlı xalqa müjdəsini çatdıran Prezident İlham Əliyev fikirlərini belə ifadə etmişdi: «Mən bu gün, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim».

Prezident İlham Əliyevin bu sözləri ata vəsiyyətinin yerinə yetirilməsi ilə yanaşı, həm də Heydər Əliyevin əsasını qoyduğu və sonrakı dövrdə davam etdirilən müdrik siyasətin, milli dövlət quruculuğu və müasir inkişaf strategiyasının təntənəsi kimi anlaşılır. Ulu Öndərin vaxtıilə  səsləndirdiyi «Şuşasız Qarabağ, Qarabağsız, ümumiyyətlə, Azərbaycan yoxdur» fikirləri elə- belə deyilmiş sözlər deyildi. Ulu Öndər əmin idi ki, onun yaratdığı qüdrətli Azərbaycan öz torpaqlarını  azad etməyə qadir güclü bir ölkə kimi dünyaya səs salacaqdır.

Bəli, onun bu arzu və istəkləri sonrakı illərdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti ilə reallaşdı. Bu, Ulu Öndərin güclü Azərbaycan naminə başladığı və Prezident İlham Əliyevin müvəffəqiyyətlə davam etdirdiyi müqəddəs missiyanın məntiqi nəticəsi idi. Belə ki,  2020-ci il noyabrın 8-də Qarabağın tacı olan Şuşanın azad edilməsi ilə bağlı xalqa müjdəsini çatdıran Prezident İlham Əliyev demişdi: «Mən bu gün, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim».

Bu gün Qarabağda və Şərqi Zəngəzurda aparılan tikinti-quruculuq işləri bir daha göstərir ki, Azərbaycan xalqı və onun lideri qəhrəman, cəsur olduqları qədər,  həm yaradıcı, həm də qurucudurlar. Bəli, qüdrətli dövlətimiz öz iqtisadi qüdrətinə arxalanaraq Azərbaycanın mədəniyyət paytaxtı Şuşa başda olmaqla, vəhşi ermənilərin xaraba qoyduqları rayonlarımızı gülüstana çevirirlər.

İndi inamla deyə bilərik ki, Ulu Öndərin qurduğu qüdrətli Azərbaycan dövləti yalnız ölkə vətəndaşlarının deyil, həm də dünyada yaşayan hər bir azərbaycanlının qürurla andığı böyük Vətənidir. Ulu Öndər bu barədə demişdi: «Biz bu çətin günləri keçib gedəcəyik, müstəqil Azərbaycan Respublikası dünya birliyində öz layiqli yerini tutacaq, hər bir Azərbaycan vətəndaşı özünün bu müstəqil dövlətə mənsub olduğunu böyük qürur hissi ilə bəyan edəcəkdir».  

Elçin Zaman, «İki sahil»

Yazı YAP-ın «Heydər Əliyev İli» çərçivəsində jurnalistlər arasında elan edilən «Heydər Əliyev və yeni Azərbaycan» mövzusunda fərdi yazı müsabiqəsinə təqdim etmək üçündür.