23 may 2023 17:04
1128

Xətai rayonunda Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş möhtəşəm növbəti tədbir keçirildi - FOTO

Vətənə sevgi, dövlətçiliyə sədaqət nümunəsi

“Heydər Əliyev İli” çərçivəsində Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin  qərarı ilə təsdiq edilən Tədbirlər Planı çərçivəsində mayın 23-də Xətai rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin adını daşıyan parka gələrək  abidəsi önünə qızıl gül dəstələri düzdülər, əziz xatirəsinə hörmət və ehtiramlarını bildirdilər.

Sonra “Baku Marriott Hotel”də davam edən tədbirdə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin və  ərazi bütövlüyümüzün bərpası yolunda canlarından keçən Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Azərbaycanın Dövlət Himni səsləndirildi.

Məşhur teleaparıcı Lalə Azərtaşın moderatorluğu ilə keçirilən tədbirdə Ümummilli Lider Heydər Əliyevin çox sevdiyi “Azərbaycan” şeiri  ifa edildi,  dahi şəxsiyyətin həyat və fəaliyyətini özündə əks etdirən film nümayiş olundu.

Tədbirdə çıxış edən YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə “Heydər Əliyev İli” çərçivəsində silsilə tədbirlər keçirildiyini, Ümummilli Liderin çoxşaxəli fəaliyyətinin ayrı-ayrı istiqamətləri üzrə geniş təhlillər aparılaraq gənc nəslə çatdırıldığını bildirdi. Vurğuladı ki, Azərbaycanın bugününü dünəni ilə müqayisə etdikdə  Ümummilli Lider Heydər Əliyevin xidmətlərinin miqyası, müasir dövrümüz və gələcəyimiz üçün hazırlanmış inkişaf strategiyasının əsl mahiyyəti daha aydın görünür.

“Ulu Öndər Heydər Əliyevin əbədiyaşar zəngin irsi Azərbaycan xalqının milli sərvətidir” söyləyən Vüqar Rəhimzadə qeyd etdi ki, dahi şəxsiyyət  xalqa və Vətənə sonsuz sevgisi, dövlətçiliyə  sədaqəti ilə örnək olan  fəaliyyət nümunəsi, ölkəmizin davamlı inkişafının uzunmüddətliliyini  təmin edən təkmil irs, siyasi məktəb miras qoyub. O, ölkə həyatının bütün sahələrində quruculuğun, davamlı inkişafın və islahatların banisidir. Son 20 ilə yaxın dövrdə Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev möhkəm təmələ söykənərək xalqımıza Zəfər sevincini yaşatdı.

 Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev vurğuladı ki,  dahi şəxsiyyət Azərbaycanın bugünü və gələcəyi üçün möhkəm təməl yaratdı. Məhz bu möhkəm təməl üzərində ucalan müasir Azərbaycan davamlı uğurları ilə dünyanın diqqətindədir. Azərbaycanın dünyaya Günəş kimi doğması Ulu Öndər Heydər Əliyevin ən böyük arzularından biri idi. Qısa zamanda bu istəyini reallığa çevirən  dahi şəxsiyyət dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın birliyini təmin etməklə yeganə problemimiz olan Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin təbliğinə, erməni yalanlarının ifşasına nail oldu. Ümummilli Lider hər kəsə Vətəni sevməyi öyrətdi. Onun “Azərbaycan mənim ürəyimdir, Azərbaycan mənim nəfəsimdir, Azərbaycan mənim həyatımdır” çağırışı harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlılarını bir amal ətrafında sıx birləşdirdi. Məhz bu birlik 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdə öz sözünü dedi.

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Mixail Zabelin bildirdi ki, Ulu Öndər Heydər Əliyev həqiqətən dahi insan idi. Bu görkəmli siyasi və dövlət xadimi Azərbaycan KP MK-nın birinci katibi, daha sonra Sov.İKP MK Siyasi Bürosunun üzvlüyünə namizəd olduğu dövrdə mənə onunla işləmək xoşbəxtliyi nəsib olub. Heydər Əliyevin yorulmaz fəaliyyəti sayəsində respublika çox qısa müddətdə postsovet məkanında iqtisadi baxımdan qabaqcıl mövqelərə çıxdı.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, YAP Təftiş Komissiyasının üzvü Səməd Seyidov Ümummilli Liderin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın ətrafında yaradılan informasiya blokadasının yarılmasından, Azərbaycanın dünyada söz sahibliyindən geniş bəhs etdi. Bildirdi ki, bu gün ən yüksək zirvələri fəth edən Azərbaycan tarixi Zəfəri ilə yaratdığı reallıqlar əsasında regionda və dünya siyasətində yeniliklərə imza atır.

Akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru, akademik Vaqif Abbasov qeyd etdi ki, Heydər Əliyevin siyasətində çoxistiqamətlilik xüsusi yer tutub. Əsas prioritetlərin düzgün müəyyənləşdirilməsi Azərbaycanın bugünkü uğurlarının əsasıdır. Ulu Öndər Heydər Əliyev bildirirdi ki, neft strategiyası düzgün formalaşmasa, dövlətin güclü gələcəyi mümkün deyil. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki,  dahi şəxsiyyətin müəllifi olduğu neft strategiyasının uğurlarını yaşayırıq. Neft kapitalının insan kapitalına çevrilməsi reallıqdır.

 Xətai Rayon Ağsaqqallar Şurasının sədr müavini, şəhid mayor Rüfət Əsgərovun atası Mürvət Əsgərov Ümummilli Liderin şah əsəri olan müasir müstəqil Azərbaycanın Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində tarixinin Zəfər səhifəsini yazmasından bəhs etdi.

 Ulu Öndər Heydər Əliyevin şəxsi fotoqrafı Rafiq Bağırov Ümummilli Lider ilə bağlı xatirələrini bölüşdü. Bu mühüm məqam xüsusi qeyd edildi ki,  Ulu Öndər şəkillərə həmişə tarixi sənəd kimi baxaraq  onların bütün dövrlər üçün aktual, zövqlü olmasına xüsusi əhəmiyyət verirdi.

Vətən Müharibəsi Qəhrəmanı, Yeni Azərbaycan Partiyasının sıralarına yeni daxil olan  Anar Mirzəyev  dahi şəxsiyyətin yaratdığı partiyada təmsil olunmağın onun üçün böyük qürur olduğunu bildirdi. Xüsusi vurğuladı ki, dünyaya səs salan tarixi Zəfərimiz  keçilən yolun, Heydər Əliyev siyasətinin təntənəsidir.

Tədbirdə Ümummilli Liderin anadan olmasının 100 illiyinə həsr olunan inşa-yazı və idmanın müxtəlif növləri üzrə keçirilən müsabiqələrin qalibləri mükafatlandırıldı. YAP Xətai rayon təşkilatının həyatında səmərəli fəaliyyət göstərən bir qrup  üzvə  Fəxri fərman və Təşəkkürnamə, partiya sıralarına yeni daxil olanlara üzvlük vəsiqəsi təqdim edildi.

Tədbir bədii proqramla başa çatdı.